Feb 26, 2026 | 16:42 Yeni nəşrlər
Bu günlərdə Niderlandın humanitar elmlər, şərqşünaslıq, dinşünaslıq və tarix sahələri üzrə dünyaca məşhur və nüfuzlu akademik nəşriyyatı sayılan “Brill” (Brill Academic Publishers) tərəfindən dərc olunmuş “Nizami və Dante yaradıcılığındakı kəsişmələrin tədqiqi (Orta əsrlərdən əvvəl və sonra)” adlı xüsusi buraxılışda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimlinin “Dünya ədəbiyyatının İpək Yolunda səkkiz dayanacaq: Konfutsidən Puşkinə qədər” (“Eight Stations on the Silk Road of World Literature: From Confucius to Pushkin”) başlıqlı məqaləsi işıq üzü görüb.
Məqalədə fərqli yanaşma və anlayışa malik, universal zəncirin halqaları sayılan böyük mütəfəkkirlər – Konfutsi (VI əsr), Firdovsi (XI əsr), Nizami (XII əsr), Mövlana (XIII əsr), Dante (XIV əsr), Şekspir (XVI-XVII əsr), Höte (XVIII-XIX əsr) və Puşkinin (XIX əsr) düşüncə tərzindəki yaxınlığı və ortaq cəhətləri müəllif tərəfindən tarixi və müqayisəli metodlardan istifadə edilməklə araşdırılıb və təqdim olunub.
Qeyd edək ki, 1683-cü ildən fəaliyyət göstərən, dünyada elmi nəşrlərinə ən çox istinad olunan aparıcı platformalardan biri kimi çıxış edən “Brill Academic Publishers” nəşriyyatının dərc etdirdiyi bu xüsusi buraxılış “Ədəbiyyatın və incəsənətin dərki” seriyasının II cildi kimi işıq üzü görüb. Buraxılışın məsul redaktorları – professor Rahilə Qeybullayeva, Nunzio Rujiera və Mariya Tereza Giaveridir.
www.science.gov.az


