Nov 17, 2025 | 11:41 Mühüm hadisələr
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin müdiri fil.ü.f.d., dosent Xatirə Yusifova Hindistanda “Sülh və sosial harmoniyanın təşviqinə yönəldilmiş Sufizm və Dinlərarası dialoq – Dara Şikohun dini harmoniya üzərində vəqidəsinə xüsusi istinadla” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.
Qauhati Universitetinin “Phanidhar Dutta” Seminar zalında baş tutmuş, Azərbaycan, Macarıstan, Hindistan, Rusiya, Qazaxıstan, Özbəkistan, Banqladeş və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrindən alim və mütəxəssislərin qatıldığı konfransda Əlyazmalar İnstitutunun əməkdaşı “Mövlanə düşüncəsində nəfs anlayışı və ilahi varlığa mənəvi yüksəliş” (“The concept of ego in Mevlânâ Rumi’s thought and the spiritual ascent to the divine being”) adlı məruzə ilə çıxış edib.
Alim ingilis dilində təqdim etdiyi məqaləsində Ruminin düşüncəsində “nəfs” anlayışının fəlsəfi-mistik mahiyyətinin, onun insanın mənəvi yüksəliş prosesində rolunun və ilahi varlığa qovuşma ideyasının təhlilini aparıb, Mövlanə ideologiyasında nəfsin insanın mənəvi kamilliyə çatmasına mane olan, onu maddi istəklərə və eqoist meyllərə yönəldən daxili bir qüvvə kimi əks olunduğunu vurğulayıb. Bildirib ki, Rumi təlimi insanın nəfsdən azad olub ilahi varlıqla vəhdətə çatmasının universal bir modelini təqdim edir ki, bu yanaşma müasir dövrdə mənəvi boşluğun aradan qaldırılması və insanın daxili harmoniyasının bərpası üçün mühüm dəyərə malikdir. Məqalədə, həmçinin, təsəvvüf ədəbiyyatında “maqam” və “hal” anlayışlarının Rumi irfanında necə təcəlli etdiyi, mənəvi inkişaf mərhələlərinin insan varlığının ruhani təkamülünə təsiri ətraflı şəkildə izah olunub. Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, verilən suallar cavablandırılıb.
Sonda Xatirə Yusifova konfransda fəal iştirakına və müfəssəl çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.
Qeyd edək ki, beynəlxalq konfrans Qauhati Universitetinin (GU) Fars dili kafedrasının Hindistan Sosial Elmlər Tədqiqatları Şurası ilə (ICSSR) birgə əməkdaşlığı nəticəsində həyata keçirilib.
www.science.gov.az


