AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
XI Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın nəşrləri geniş ictimaiyyətin diqqətinə çatdırılıb
Oct 08, 2025 | 12:30 Mühüm hadisələr

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi başa çatıb.

Səgi bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunub.

Sərgidə 18 ölkədən 41 beynəlxalq təşkilat, 100-dən artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə məşğul olan müəssisə iştirak edib.

Yeddi gün ərzində sərgidə müxtəlif formatlarda 250-dən çox tədbir keçirilib. Uşaqlar və böyüklər üçün ustad dərsləri, inklüziv və digər aktual mövzularda kitab təqdimatları, avtoqraf günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları, eləcə də kitab sənayesinin nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil olunub.

Sərgiyə gələnlər kitab bazarındakı ən son nəşrlərlə tanış olub, müəlliflər və naşirlərlə ünsiyyət qurub, canlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Açılış mərasimində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Xalq yazıçısı Çingiz Abdullayev, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq çıxış edərək sərginin yazıçılarla oxucular arasında körpü rolunu oynadığını, yeni nəslin ədəbiyyata marağının artırılmasına və milli ədəbi irsin təbliğinə töhfə verdiyini bildiriblər.

Sərginin bağlanış mərasimində müxtəlif fəallıqlar üzrə qaliblər mükafatlandırılıb.

“Ən yaradıcı stend” nominasiyasında “Mayak” nəşriyyatı, “Ən çox oxunan yazıçı” nominasiyasında Çingiz Abdullayev, “Fəxri yazıçı” nominasiyasında isə Rüstəm Behrudi mükafatlara layiq görülüb.

XI Bakı Beynəlxalq Kitab Sərgisində AMEA da uğurla iştirak edib. Akademiyanın təmsil olunduğu stend zəngin resursları ilə müxtəlif kateqoriyadan olan ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə AMEA-nın nəşrləri iki istiqamətdə - “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” və “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzularında təqdim olunub.

“Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” adlı tədbir çərçivəsində AMEA-nın 80 illiyi ilə bağlı nəşr olunmuş 52 adda monoqrafiya, biblioqrafiya və tanıtım kitabı ictimaiyyətə təqdim olunub. Arxiv sənədləri əsasında hazırlanan və müxtəlif istiqamətləri əhatə edən bu kitablar Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin bütün aspektlərini, Məhəmməd Füzuli, Nizami Gəncəvi kimi mütəfəkkirlərin, AMEA-nın təsisçiləri və simaları, sabiq prezidentləri və digər görkəmli şəxsiyyətlərin zəngin irsini əhatə edib.

“Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzusuna həsr olunan növbəti tədbir çərçivəsində isə AMEA tərəfindən Zəngəzurla bağlı hazırlanmış 56 kitabın təqdimatı keçirilib. Bu nəşrlər Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərləridir.

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində, həmçinin AMEA-nın bir sıra elmi müəssisələri ilə Mərakeş Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.

Belə ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında üçtərəfli əməkdaşlıq memorandumları imzalanıb. Eyni zamanda, AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə Mərakeş Krallığının Milli Kitabxanası arasında əməkdaşlıq memorandumu imzalanıb.

XI Bakı Beynəlxalq Kitab Sərgisi böyük izdiham və möhtəşəm atmosferlə yadda qalıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023