AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəyli: “Elmin inkişafının ən böyük donorlarından biri ali təhsillə Akademiyanın qarşılıqlı əlaqəsidir”
Oct 08, 2025 | 12:06 Mühüm hadisələr

“Elmin inkişafının ən böyük donorlarından biri ali təhsillə Akademiyanın qarşılıqlı əlaqəsidir. Biz, Akademiya, Elm və Təhsil Nazirliyi, universitetlər bir məqsədə, Prezident İlham Əliyevin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə, elmi-texniki tərəqqinin, rəqəmsal texnologiyaların və süni intellektin inkişaf etdirilməsi ilə ölkəmizin ümumi inkişafına xidmət edirik. Birlikdə layihələrin həyata keçirilməsi və əməkdaşlığımızın genişləndirilməsi ölkəmizi və elmimizi irəli aparacaq.

Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakı Dövlət Universitetində AMEA-nın 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Akademik İsa Həbibbəyli universitetin rəhbərliyini, professor-müəllim heyətini və tələbələrini Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından salamlayıb. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə, milli ziyalılarımıza, Elmlər Akademiyasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının, ehtiramın ifadəsi olduğunu deyən akademik İsa Həbibbəyli bu mühüm dövlət sənədinə görə Akademiyanın çoxminlik kollektivi, tədbir iştirakçıları və gənclər adından Azərbaycan Respublikasının Prezidenti, qalib ölkənin qalib Lideri cənab İlham Əliyevə minnətdarlığını bildirib.

Bu Sərəncamdan irəli gələrək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ilə bağlı keçirilən tədbirlər barədə məlumat verən akademik İsa Həbibbəyli ilk növbədə Müzəffər Ali Baş Komandanın “Dəmir yumruğu” ilə işğaldan azad edilmiş torpaqlarda, Qarabağ Universitetində AR elm və təhsil naziri Emin Əmrullayevin iştirakı ilə “Azərbaycan Milli Elmlər Akademiyasında Qarabağnamə ənənəsi və müasir dövr” mövzusunda elmi konfransın keçirildiyini söyləyib. Həmçinin Akademiyanın Naxçıvan Bölməsində, eləcə də Türkiyənin Ankara və İstanbul şəhərlərində Akademiyanın 80 illiyi ilə bağlı tədbirlərin keçirildiyini, bu günlərdə isə AMEA-nın vitse-prezidenti akademik İbrahim Quliyevin Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Minskdə keçirilən yığıncağında AMEA-nın yubileyi ilə bağlı təqdimat etdiyini vurğulayıb.

“Bu gün AMEA-nın 80 illik yubileyinin burada keçirilməsi universitetin kollektivinin Azərbaycan elmi ictimaiyyətinə, Azərbaycan Milli Elmlər Akademiyasına hörmət və ehtiramından irəli gəlməklə yanaşı, həm də əməkdaşlığımıza, elmi əlaqələrimizin dünəninə, bu gününə və bundan sonrakı inkişafına Bakı Dövlət Universitetinin verdiyi önəmin və diqqətin ifadəsidir”, - deyə akademik İsa Həbibbəyli söyləyib.

Son 300 il ərzində bəşəriyyətin elmin inkişafı nəticəsində Sənaye inqilabları yaşadığını deyən akademik İsa Həbibbəyli 2011-ci ildən etibarən isə süni intellektin və rəqəmsal texnologiyaların inkişafı ilə IV Sənaye İnqilabına keçidin baş verdiyini bildirib. Bütün bu dəyişiklərin ilk növbədə elm faktorundan asılı olduğunu deyən akademik İsa Həbibbəyli vurğulayıb ki, elmdə birinci olan dövlət dünyanın ən inkişaf etmiş ölkəsi sırasında da ilk sırada qərarlaşır və ötən il Nobel mükafatı laureatı Əziz Sancar AMEA-nın Rəyasət Heyətindəki məruzəsində Çini nümunə gətirərək bu fikri təsdiqləmişdir.

AMEA-nın tarixi və inkişaf mərhələləri barədə tədbir iştirakçılarına məlumat verən akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin və Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun fəaliyyət göstərdiyi 1923-1932-ci illər Akademiyanın başlanğıc mərhələsi, SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan şöbəsi və SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialına çevrilməsi proseslərinin baş verdiyi 1932-1945-ci illər Akademiya quruculuğunun hazırlıq dövrü kimi qiymətləndirilir. Həmçinin qeyd edib ki, Azərbaycan SSR Elmlər Akademiyasının təsis olunduğu 1945-ci ildən 1969-cu ilədək keçən dövr Akademiyanın yaranması və elmi-təşkilati əsaslarının formalaşdırılması mərhələsi, Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbərlik etdiyi 1969-1982-ci illər ölkəmizdə Akademiya quruculuğunun intibah dövrü, 1983-1993-cü illər isə Elmlər Akademiyasının tənəzzülə meyl və böhran həddinə çatdığı mərhələdir. Natiq diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildən yenidən siyasi hakimiyyətə qayıtması ilə AMEA 1993-2003-cü illərdə yenidən təşkilatlanma mərhələsini yaşayıb. Bildirib ki, Prezident İlham Əliyevin ölkəmizə böyük uğurla rəhbərlik etməkdə davam etdiyi illər üzrə isə AMEA iki istiqamətdə inkişaf yolu keçib, 2003-2022-ci illər Akademiyanın modernləşdirilməsi, 2022-ci ildən bu günə kimi isə yeniləşmə və islahatlar mərhələsidir.

Aparılan islahatlardan və yeniləşmə işlərindən danışan akademik İsa Həbibbəyli qeyd edib ki, ilk növbədə sovet rəhbərliyinin 70 ildə məqsədli şəkildə həyata keçirdiyi xalqların, tarixi şəxsiyyətlərin unutdurulması metodologiyasının tam əksinə olaraq, tarixi şəxsiyyətlərimizin, hökmdarlarımızın, qaçaq-quldur adlandırılan xalq qəhrəmanlarımızın həyatının sistemli şəkildə öyrənilməsinə başlanılmışdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış siyasətindən irəli gələrək AMEA-da Qərbi Azərbaycan tarixi, Qərbi Azərbaycan folkloru, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbələrinin fəaliyyətə başladığını bildirib. Bundan əlavə, Prezident İlham Əliyevin “Türk dünyası bizim ailəmizdir” çağırışını əsas götürərək Akademiyanın elmi-tədqiqiat müəssisələrində Türk xalqlarının fəlsəfi irsi və müasir fəlsəfəsi şöbəsi, Türk sənət tarixi və mədəni irsi şöbəsi, Türk əlyazmalarının tədqiqi şöbələrinin yaradıldığını, eləcə də bu günə kimi türk xalqları ilə bağlı fəaliyyət göstərən şöbələrin təkmilləşdirildiyini, Türkologiyanın diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

AMEA-da dövlət siyasətinə uyğun olaraq, süni intellekt və rəqəmsal texnologiyaların inkişafı istiqamətində görülən işlərdən danışan akademik İsa Həbibbəyli qeyd edib ki, AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsi tərəfindən Akademiyada rəqəmsallaşma, süni intellekt texnologiyalarının tətbiqi, elektron xidmətlərin genişlənməsi istiqamətində bir çox yeniliklərə və uğurlara imza atılıb və bu günlərdə yaranmış yeni texnoloji reallıq nəzərə alınaraq şöbənin adı Rəqəmsal Akademiya, Süni intellekt və Elektron xidmətlər şəklində dəyişdirilmişdir.

Eyni zamanda, AMEA-da gənc tədqiqatçılarla bağlı aparılan işlərdən danışan natiq bildirib ki, bu günlərdə “Gənclər Akademiyası” yaradılıb və AMEA-nın yekun yubiley tədbirində ictimaiyyətə təqdim olunacaq. Eləcə də “Gənc tədqiqatçı” jurnalının nəşri biri ingiliscə olmaqla, ildə 4 dəfəyə yüksəldilib. Həmçinin bu günlərdə gənclər üçün “Humanitar və ictimai elmlər sahəsində süni intellekt və rəqəmsal texnolologiyalardan istifadə imkanları” mövzusunda elmi məqalələrin müsabiqəsinin elan olunduğunu deyib. AMEA rəhbəri bu müsabiqənin yalnız Akademiya əməkdaşları üçün nəzərdə tutulduğunu, lakin bugünkü tədbiri də nəzərə alaraq, Bakı Dövlət Universitetinin gənc tədqiqatçılarının da müsabiqədə iştirak edə biləcəyini bildirib.

Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın beynəlxalq təşkilatlarla elmi əlaqələri barədə məlumat verib və Azərbaycan dövlətinin dünya elmi arenasında maraqlarının qorunduğunu söyləyib.

Akademik İsa Həbibbəyli çıxışının sonunda BDU-nun rəhbərliyinə, professor-müəllim heyətinə və kollektivinə uğurlar arzulayıb.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023