AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
XI Bakı Beynəlxalq Kitab Sərgisində AMEA-nın biblioqrafik nəşrləri təqdim olunub
Oct 02, 2025 | 16:02 Müsahibələr, çıxışlar

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) Biblioqrafiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən “Akademiyada: biblioqrafik nəşrlər və serialı akademik nəşrlər” mövzusunda tədbirdə çıxış edib.

O, çıxışında cari ilin iki mühüm tarix – Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik və AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyləri ilə səsləşdiyini qeyd edib, kitab sərgisinin belə önəmli tarixlərlə üst-üstə düşməsini əlamətdar hadisə kimi qiymətləndirib.

“Mərkəzi Elmi Kitabxana ölkəmizdə biblioqrafiyaların nəşri işlərini həyata keçirir. Akademiyanın 80 illik yubileyi münasibətilə AMEA-nın təsisçilərinin, görkəmli alimlərin biblioqrafiyalarını çap edirik”, – deyə bildirən alim qeyd edib ki, MEK-in biblioqrafik çap məhsulları uzun illərdir Elmi biblioqrafiya şöbəsi tərəfindən hazırlanır. 1964-cü ildən etibarən biblioqraf R.Kazımovun təşəbbüsü ilə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası altında çoxsaylı biblioqrafik göstəricilər tərtib edilərək çap olunub.

Aytən Əliyeva bu ildən AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin göstərişi ilə “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyası adı ilə silsilə biblioqrafik göstəricilərin nəşr olunmasının həm də AMEA-nın 80 illik yubileyinə əhəmiyyətli töhfə olduğunu vurğulayıb.

Bu kimi sərgi və tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyinə toxunan Aytən Əliyeva bildirib ki, bu, xüsusilə gənc nəslin maariflənməsi və elmi irsə marağın artırılması baxımından mühüm önəm daşıyır.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023