AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunun nəşrləri XI Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur
Oct 06, 2025 | 14:59 Mühüm hadisələr

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “XI Bakı Beynəlxalq Kitab Sərgisi”nin açılış mərasimi keçirilib.

Bir sıra ölkələrin, xarici təşkilatların, yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələrin, həmçinin elmi tədqiqat və ali təhsil müəssisələrinin təmsil olunduğu sərgi Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinə həsr olunub ki, burada AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəşrləri də yer alıb.

Azərbaycan Milli Elmlər Akademiyası üçün ayrılmış xüsusi zonada - P1-070 nömrəli stenddə Əlyazmalar İnstitutunun 50-yə yaxın kitabı sərgilənir ki, onların içərisində 22 monoqrafiya, institut materiallarının tərcümə və ya transfoneliterasiya olunmuş nüsxələri, o cümlədən Heydər Əliyev, Zəfər tariximiz və AMEA-nın 80 illiyi ilə əlaqədar olan yeni nəşrlər və materiallar öz əksini tapıb.

AMEA prezidenti, Azərbaycan Respublikasının Mədəniyyət Naziri, Milli Məclisin deputatları, Əlyazmalar İnstitutunun direktoru, Respublikanın görkəmli ziyalıları, mədəniyyət xadimləri, tanınmış alimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə açılan sərgi 7 oktyabr tarixinə kimi davam edəcək.

Qeyd edək ki, sərgini ziyarətçilərə Əlyazmalar İnstitutunun Kitabxana müdiri Briliant Hacıyeva, baş kitabxanaçısı Lalə Hüseynova və kitabxanaçısı Firuzə Həmidova təqdim edirlər.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023