Sep 01, 2025 | 11:01 Müsahibələr, çıxışlar
İllər sürətlə ötüb keçir. Bəzən insana elə gəlir ki, düşündüyü, yaşadığı hadisə dünən olub. Ancaq diqqət yetirdikdə, görürsən ki, üstündən illər ötüb. Lakin yaradıcı insan ömründə illər boş-boşuna ötüb keçmir. Məncə bu fikir alimlərin nümunəsində özünü daha yaxşı doğruldur. Elmi araşdırmalar, kitablar, məqalələr, konfranslar, məruzələr... bütün bunlar alim ömrünü bəzəyir, ötüb keçən illərin dəyərli nailiyyətləri kimi yaddaşlarda qərarlaşır. İllər ötdükcə onların sayı çoxalır, müəllifinə baş ucalığı gətirir. “Mənim illərim mənim dövlətimdir” - deyənlər yəqin ki, yanılmırlar. Bütün bu fikirləri əminliklə AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadəyə aid etmək olar.
Elmdə bəzən 60 yaşı “ilk yubiley” adlandırırlar. Bəlkə də bunda bir həqiqət var. Ancaq mənim yaxşı xatirimdədir: on il əvvəl, Ərtegin müəllimin 50 yaşı tamam olanda onun haqqında məqalə yazmışdım. İndi isə biz onun 60 yaşını qeyd edirik.
Haşiyə: Qoy bunu da deyim, ürəyimdə qalmasın: o zaman bir onu təbrik edəndə əlbəttə ki, sevinirdik. Lakin hər bir azərbaycanlı kimi, mənim də sevincimə özümdən asılı olmayaraq bir damcı acı qarışırdı - Qarabağ acısı! Bu gün, Ərtegin Salamzadənin 60 illiyi münasibəti ilə yazı yazıram və şükürlər olsun ki, indi daha o acı yoxdur.
Belə bir fikir var: elmdə öz sözünü demək, bir alim kimi nüfuz sahibi olmaq üçün uzun illər tələb olunur. Həm də bu illər elə-belə ötmür, çarpışmalarla, elmi hökm və dəyərləndirmələrin həqiqiliyini bitməz-tükənməz diskussiyalarda isbat etməklə gəlib keçir. Bəlkə də bu, belədir. Uzun illər boyu elmin uca zirvələrinə yol alıb bu işə on illər vaxt sərf edən, sonunda məqsədinə nail olan, ağsaqqallıq adına əsl alimlik şöhrəti əlavə edilən qocaman söz sahiblərimiz, aydınlarımız yetərincədir. Lakin bəzən belə də olur ki, ali məktəbi başa vurub elmin geniş qapılarından tərəddüdsüz içəri girən gənclər qətiyyətlə, inadla irəliyə doğru addımlayır, vaxt itkisinə yol vermədən, lüzumsuz söhbətlərə, dedi-qodulara, intriqalara baş qoşmadan özünü büsbütün məşğul olduğu sahəyə həsr edir, illərlə yox, günlərlə yüksəlir, otuzuna çatmamış sayılıb-seçilən, mürəkkəb elmi mülahizələrdə rəyi nəzərə alınan gənc nüfuz sahibinə çevrilir. Belələrinin ömür yolu kimlərəsə rəvan, hətta qibtə ediləsi görünsə də, əslində onlar bu yolu öz zəhmətləri, çalışqanlıqları, tanrı payı olan istedadları sayəsində sürətlə keçməyə müvəffəq olurlar. Ərtegin müəllim məhz belə alimlərimizdəndir.
Ərtegin Salamzadə 1982-ci ildə o zamankı M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun yeni yaradılmış sənətşünaslıq bölməsinə daxil olub. Onun həyat tarixçəsi elə əvvəldən sövqi-təbii ilə birinciliyə doğru meyllənib, taleyin özü buna şərait yaradıb: birinci qəbul, birinci buraxılış, birinci qırmızı diplom, birinci ciddi elmi-tədqiqatçılıq nümunəsi, birinci dissertasiya müdafiəsi… Bu siyahını uzatmaq olar, ancaq buna lüzum görmürəm. Bundan daha vacib olanı bütün bunların milli elmimizin inkişafına yönəlməsidir, ona xidmət etməsidir.
Aradan 40 ildən artıq vaxt keçsə də, mən o günləri, 1982-ci ilin isti iyul günlərini yaxşı xatırlayıram. Həmin il respublikada sənətşünaslıq ixtisasının açılması elm, təhsil və mədəni dairələrdə əsl hadisəyə çevrilmişdi. Yadımdadır ki, ilk qəbul üçün cəmi səkkiz yer ayrılmışdı. Aramızda 17 yaşı tamam olmamış təvazökar, təmkinli bir gənc də vardı – Ərtegin Salamzadə. Məktəbdə əla qiymətlərlə oxumuşdu. Həmişə “beş” almışdı. Bəlkə də indiki gənclər bunu bilməz. Onlar üçün deyim ki, o zamanlar “beş” ən yüksək qiymət hesab olunurdu. Ərtegin Salamzadə cəmi bir neçə gün öncə orta məktəbin birinci buraxılış imtahanından – kimya fənnindən “beş” qiymət alıb o biri imtahanları vermədən qızıl medalla məktəbdən ayrılmışdı. Burada isə ilk ixtisas imtahanından daha bir “beş” alıb digərlərindən azad olundu və hamıdan əvvəl sənətşünaslar üçün ayrılmış 8 yerdən birini (sonralar göründüyü kimi elə birincisini) götürdü. İndi o günlərdən nə az, nə çox, düz 43 il ötüb. Lakin o, bizim sahəmizdə həmişə birinci olub və indi də birincidir.
1987-ci ildə təhsilini başa vuran gənc mütəxəssis Azərbaycan EA-nın Memarlıq və İncəsənət İnstitutuna işə qəbul olundu və aradan keçən az qala qırx il müddətində taleyini bu möhtəşəm elm məbədinə bağladı. Ərtegin Salamzadənin elmin böyük pillələrinə qədəm qoyduğu 80-ci illərin ikinci yarısı o zamankı cəmiyyətdə fırtınadan öncə sakitlik, durğunluq dövrü idi. Lakin bir çox təəssübkeş ziyalılar kimi, o zaman çox gənc olan Ərtegin Salamzadə də ictimai həyatda və elmdə prinsipial dəyişikliklərin qaçılmaz olduğunu başa düşürdü.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlləri Azərbaycan sənətşünaslığının bir növ keçid mərhələsi idi. Ənənəvi təsviredici metodologiya əsasında inkişaf edən sənətşünaslıq özünün əsas tarixi potensialını sərf edib qurtarmışdı. O zamana qədər sənətşünaslıqda daha çox iki sahə – incəsənət tarixi və bədii tənqid inkişaf etdirilirdi. Tarixi kontekstdə alimlərimiz hələ 30-40-cı illərdən etibarən Azərbaycan incəsənəti və memarlığının mükəmməl ardıcıl mənzərəsini yaratmış, ayrı-ayrı əsərləri, bədii üslub və məktəbləri təsvir etmişdilər. Görkəmli Azərbaycan alimləri M.Hüseynov, Ə.R.Salamzadə, L.S.Bretanitski, A.Qazıyev, N.M.Miklaşevskaya, K.Kərimov, N.Rzayev, R.Əfəndiyev, C.Novruzova, C.Həsənzadə və başqalarının araşdırmaları həm ümumən incəsənət tarixini, həm də onun ayrı-ayrı mövzularını yetərincə işıqlandırmışdı. Bədii tənqidə gəlincə M.Nəcəfov, P.Hacıyev, N.Həbibov, N.Cavanşir kimi müəlliflər rəssamların yaradıcılığını təhlil edir, bu barədə mətbuat səhifələrində mütəmadi olaraq elmi-populyar istiqamətli məqalələr, oçerk və esselər dərc etdirirdilər.
Ərtegin müəllimin namizədlik dissertasiyası (o zaman fəlsəfə doktorluğu elə adlanırdı) metro stansiyalarının estetik tərtibatı problemlərinə həsr olunmuşdu və məzmun etibarilə memarlıqla sənətşünaslığın qovuşacağında qərarlaşmışdı. Bu, təsadüfün yox, zərurətin nəticəsi idi. İxtisasca sənətşünas olan Ərtegin müəllim görkəmli alimimiz, Azərbaycan memarlıq sənətinin banilərindən biri olan, incəsənət tariximizdə Naxçıvan, Arran kimi memarlıq məktəblərinin vaxtilə var olduğunu ilk dəfə elmi şəkildə əsaslandıran akademik Əbdül Vahab Salamzadənin ocağında dünyaya göz açmışdı. Memarlığa, incəsənətə olan marağı övladının qəlbində Əbdül Vahab müəllim oyatmışdı. Gənc Ərtegin həm memarlığı, həm də sənətşünaslığı özündə əks etdirən elmi problem üzərində çalışmaq istəyirdi. Elə bu məqsədlə də metropoliten stansiyaları tərtibatında bədii üslub mövzusunu seçmişdi. Bu mövzu onun ailədə görüb sevdiyi memarlığı və ixtisası olan sənətşünaslığı eyni dərəcədə əhatə edirdi. Ərtegin müəllim bu maraqlı mövzu üzərində böyük həvəslə işlədi və tezliklə 175 səhifəlik namizədlik işini tamamladı. 1992-ci ildə o, uğurla müdafiə edərək o zamankı adla desək, elmlər namizədi adını aldı. Həmin dövrdə o, elmi ada malik ən gənc sənətşünas-alim idi.
Çalışqanlığı, səmimiliyi, məsuliyyəti, başlıcası isə elmi prinsipiallığı və obyektivliyi hər şeydən uca tutması onu çalışdığı Memarlıq və İncəsənət İnstitutunun rəhbərliyi və kollektivinin nəzərində ucaltmış, cavan olmasına baxmayaraq nüfuz sahibi etmişdi. 90-cı illərdə instituta rəhbərlik edən müxbir üzv K.Kərimov, daha sonra akademik R.Əfəndiyev bu gənc alimin hərtərəfli istedadını, o cümlədən idarəçilik və təşkilatçılıq məharətini layiqincə qiymətləndirdilər. 1995-ci ildə o, institutun elmi katibi təyin olundu, üstündən bir il keçəndən sonra, 1996-cı ildə elmi işlər üzrə direktor müavini vəzifəsinə yüksəldi. Həmin illərdə o, əvvəlcə dosent, sonra isə professor elmi dərəcələrini aldı, kadr hazırlığı işində yüksək nəticələr əldə etdi. 14 ilə yaxın bir müddətdə institutun direktor müavini vəzifəsində məsuliyyətlə çalışan Ərtegin Salamzadə 2010-cu ildə AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru təyin edildi. 2014-ci ilin iyununda o, AMEA-nın müxbir üzvü seçildi.
Ərtegin müəllimin hansı vəzifədə işləməsindən asılı olmayaraq o, özünün iki ən uca amalını – vətəndaşlıq borcunu və alimlik şərəfini heç zaman unutmamış, həyatında və işində hər zaman onlara istinad etmişdir. Elmin uca zirvələrinə gedən yol müstəqilliyini yenicə əldə etmiş respublikamız üçün çətin dövrlərə təsadüf etsə də, Ərtegin müəllim heç zaman ruhdan düşməmiş, əksinə, yeni şəraitdə Azərbaycan humanitar elminin, o cümlədən sənətşünaslığın ümumi inkişaf konsepsiyası üzərində düşünməyə başlamışdı. İstedadlı tədqiqatçının ötən əsrin 90-cı illərindəki ən böyük elmi xidməti izahedici sənətşünaslığı inkişaf etdirmək, nəzəri fikri formalaşdırmaq və bir elm sahəsi kimi sənətşünaslığın tarixini tədqiq etmək idi. Azərbaycan sənətşünaslığının nə erkən mərhələsi olan ötən əsrin 30-50-ci illərində, nə də onun klassik inkişaf dövrü sayılan 60-80-ci illərdə bu problemlərlə demək olar ki, məşğul olunmurdu. 90-cı illərdə gənc olmasına baxmayaraq Ərtegin müəllim başa düşürdü ki, göstərilən sahələri inkişaf etdirmədən sənətşünaslığın müasir konsepsiyasını qurmaq mümkünsüzdür. Ona görə də elmi fəaliyyətini məhz bu sahəyə – izahedici sənətşünaslığa yönəltdi. Gənc tədqiqatçının həmin mürəkkəb sahədəki araşdırmalarının ilk nəticələri 1997-ci ildə işıq üzü görmüş “Müasir sənətşünaslıq: köklər, problemlər, metodlar” adlı əsərində ümumiləşdirildi. Tanınmış nəzəriyyəçi-alim, sənətşünaslıq doktoru, professor Rəna Abdullayeva ilə həmmüəllif qismində qələmə alınmış bu əsərdə ilk dəfə olaraq Azərbaycan sənətşünaslığının mühüm nəzəri və metodoloji xüsusiyyətləri əhatəli tədqiqat formasında öz əksini tapdı. Bu tədqiqat əsərində Azərbaycan sənətşünaslığında o zamanadək öyrənilməmiş olan sənətşünaslığın konseptual məsələləri, digər elmlərlə əlaqələri, onun humanitar elmlər şəbəkəsində mövqeyi, nizami statusu və başqa vacib məsələləri nəzərdən keçirilirdi.
90-cı illərdə Ərtegin Salamzadə Azərbaycan sənətşünaslığının inkişaf modelini qurmağı düşünürdü. Lakin bunun üçün sənətşünaslığın tarixi və metodologiyası araşdırılmalı idi. İzahedici sənətşünaslığın əsas prioritetlərindən olan bu mühüm problemlə o zamanadək Azərbaycan alimlərindən heç kəs ciddi şəkildə məşğul olmamışdı. Halbuki digər sahələrdə, misal üçün, filologiyada ədəbiyyat nəzəriyyəsi ilə yanaşı, ədəbiyyatşünaslıq tarixi də hərtərəfli öyrənilərək nəşr edilmişdi. Ərtegin müəllim tanınmış filoloq-alimlərimizdən F.Qasımzadə, M.Quluzadə, Ə.Mirəhmədov, Y.Qarayev, İ.Həbibbəyli, T.Kərimli və başqalarının ədəbiyyatşünaslıq məsələlərinə həsr edilmiş əsərləri ilə tanış idi. AMEA-nın müxbir üzvü, professor K.Talıbzadənin Azərbaycan ədəbiyyatşünaslığı tarixi mövzusundakı fundamental araşdırması onun şüurunda dərin iz buraxmışdı. Ərtegin Salamzadə özünün doktorluq işini məhz Azərbaycan sənətşünaslığının tarixinə, nəzəri və metodoloji məsələlərinin öyrənilməsinə həsr etdi. Böyük tədqiqatçılıq həvəsi ilə Ərtegin müəllim bu mürəkkəb, çoxcəhətli mövzunun tədqiqinə başladı, görkəmli alimlərin elmi metodlarını müqayisə və təhlil etdi. Nəticədə miqyaslı, sanballı iş ərsəyə gətirdi, milli elm tariximizdə ilk dəfə olaraq sənətşünaslığın tarixi mənzərəsini yaratdı. 2002-ci ildə həmin mövzuda Moskvada, Dövlət Sənətşünaslıq İnstitutunda müvəffəqiyyətlə doktorluq dissertasiyası müdafiə edən gənc alim bu çətin işin öhdəsindən bacarıqla gəldi. Ərtegin Salamzadənin doktorluq işinin əsas müddəalarını əks etdirən monoqrafiyası bundan bir il öncə, 2001-ci ildə nəşr edilmişdi. “Azərbaycan sənətşünaslığı. XX əsr” adlanan bu monoqrafiyada milli sənətşünaslıq məktəbinin keçdiyi uzun yol işıqlandırılmış, mərhələlərə bölünmüş, həmçinin təsviri, dekorativ-tətbiqi sənətlərin, memarlığın bir sıra nəzəri və metodoloji problemləri əhatəli şəkildə nəzərdən keçirilmişdir. Tədqiqatçı Azərbaycan sənətşünaslığının inkişafında qlobal, regional və lokal amillərin rolunu əsaslandırmışdır. O, göstərmişdir ki, sənətşünaslıq tarixi öz inkişafının müxtəlif mərhələlərində mövcud ictimai-siyasi şəraitə və nəzəri-metodoloji imkanlara istinad etmişdir. Tədqiqat işində müəllif Azərbaycanın bir çox tanınmış sənətşünas-aliminin elmi metodunun müqayisəli təhlilini aparmış, nəticədə sənətşünaslığın metodologiyasının xarakterik, ümumiləşdirilmiş strukturunu müəyyən etmişdir.
Onun məşğul olduğu başlıca mövzulardan biri də dizayn sənəti problemləridir. Elmi-tədqiqatçılıq fəaliyyətinin erkən dövründən etibarən o, dizayn tarixi ilə məşğul olmağa başlamışdır. Əvvəllər dizayn məsələlərini daha çox memarlıq və şəhərsalma kontekstində araşdıran professor sonralar, elmi maraq və fəaliyyət dairəsinin genişlənməsi şəraitində dizaynın bir çox başqa sahələrini tədqiqat obyekti kimi əhatə etmişdir. Alimin bu sahə ilə bağlı ayrı-ayrı tədqiqatlarında Azərbaycan və dünya dizayn tarixi, dizayn tarixinin öyrənilməsinin metodologiyası, dizaynda forma, vizual dil və informasiya mədəniyyəti kimi müasir problemlər nəzərdən keçirilir. Bu və başqa tədqiqatların nəticəsi olaraq Ərtegin Salamzadə 2006-cı ildə “Dizayn və informasiya” adlı kitabını nəşr etdirdi. Kitabda alimin dizayn sahəsindəki əsas görüşləri öz əksini tapır.
Ərtegin Salamzadənin tədqiq etdiyi əsas problem sahələrdən biri də heraldika sənəti ilə bağlıdır. Türk sənətinin bir hissəsi olan rəmzlər alimin tədqiqatlarında önəmli yer tutur. Qeyd etmək maraqlı olardı ki, bu rəmzlər içərisində şəbəkə sənətinin öz yeri vardır. Ərtegin Salamzadənin tədqiqatlarında şəbəkə sənəti geniş təmsil olunub. O, bir çox şəbəkə ustalarının yaradıcılığını tədqiq etmişdir. Onlardan biri təcrübəli sənətkar Tofiq Rəsulovdur. Şəki şəhərində yaşayıb-yaradan Tofiq Rəsulov çox qiymətli, nəfis, zəngin kompozisiya quruluşuna malik şəbəkə-vitraj sənətinin mahir ustadıdır. Onun yaratdığı şəbəkə nümunələri respublikamızın hüdudlarından kənarda da məşhurdur. Ərtegin müəllim onun yaradıcılığını əks etdirən kitab-albom nəşr etdirmişdir. Sənətkarın yaradıcılıq özəlliklərinə diqqət çəkən müəllif onun məşhur “səkkizlik” kompozisiyasını böyük həvəs və ilhamla yaratdığını xüsusilə vurğulayır. Müəllif qeyd edir ki, Azərbaycan tətbiqi sənətlərində geniş yayılmış bu bədii element Tofiq Rəsulovun yaradıcılığında yeni bədii ifadə çalarları kəsb etmişdir.
Ərtegin müəllimin hazırladığı müasir elmi inkişafin yol xəritəsində türkoloji sənətşünaslıq öncül mövqe tutur. Bu da təbiidir, çünki burada sənətşünaslığın əsas prioritet vəzifələri – milli özünüidentifikasiya, türk dünyası ilə əməkdaşlıq, informasiya resurslarından daha səmərəli istifadə etməklə milli mədəniyyətimizin tanıdılması və təbliği kimi məsələlər öz əksini tapır. Ərtegin müəllimin təşəbbüsü və yaxından iştirakı ilə İnstitutda “Türk sənəti irsi və mədəni tarixi” şöbəsi yaradıldı. Bununla da Türk sənətinin sistemi araşdırılması üçün etibarlı elmi zəmin formalaşdı. Bu gün Ərtegin Salamzadə İnstituta ümumi rəhbərliklə yanaşı, həm də ərsəyə gətirdiyi yeni şöbəyə başçılıq edir.
Ərtegin Salamzadə 40 illik elmi fəaliyyətində Azərbaycan sənətşünaslığının inkişafı üçün çox iş görmüşdür. O, həm də pedaqoji fəaliyyət göstərir. Ərtegin Salamzadə Memarlıq və İnşaat Universitetində dərs deyir, gənclərə sənətin sirlərini öyrədir. Yorulmaz tədqiqatçı-alimin rəhbərliyi ilə bir çox gənc kadr yetişdirilmiş, dissertasiya müdafiə etmişdir.
Həmişə olduğu kimi professor Ərtegin Salamzadə bu gün də geniş elmi-yaradıcılıq işi ilə məşğuldur. İnstitutdakı rəhbərlik fəaliyyəti onun vaxtını çox alsa da öz sevimli peşəsi ilə məşğul olmaq üçün o, həmişə vaxt tapır. 2014-cü ildə Ərtegin Salamzadənin həmmüəllifliyi ilə AMEA Memarlıq və İncəsənət İnstitutunun yeni bukleti nəfis şəkildə çap olundu. İnstitutun 70 illiyi ərəfəsində işıq üzü görən bukletdə bu elmi qurumun keçdiyi şərəfli yol, görkəmli alimlərin həyat və elmi fəaliyyəti, həmçinin bugünkü inkişaf, gənclər potensialı və beynəlxalq əlaqələr əhatəli şəkildə işıqlandırılıb, çoxsaylı tarixi və müasir fotolar yerləşdirilib. 2025-ci ildə, AMEA-nın 80-illiyi dövlət səviyyəsində qeyd olunduğu bu günlərdə alim böyük həvəslə yeni tədqiqatlar üzərində çalışır. Hazırda üzərində işlədiyi və başa çatmağa az qalmış “Şəbəkə sənəti” kitabını Ərtegin müəllim gələn il, birinci Türkoloji qurultayın 100 illiyi münasibəti ilə nəşr etdirmək fikrindədir.
Yazının əvvəlindəki fikrə bir daha qayıtmaq istərdim. Bəli, illər sürətlə ötüb keçir. Bir neçə il öncə baş vermiş hadisələr adama sanki dünən olubmuş kimi görünür. Erkən gənclik illərindən həyatını AMEA ilə bağlayan, ömrü boyu alimlik ləyaqətini uca tutan, müasir Azərbaycan sənətşünaslığını tükənməz ruh yüksəkliyi ilə inkişaf etdirən Ərtegin Salamzadənin artıq 60 yaşı tamam olur. İnanmaq çətin olsa da həyat, illər öz hökmünü verir. Bu illər mənalı, milli sənətşünaslıq məktəbini layiqincə təmsil etməklə keçib. Yubilyarın yorulmaz, çoxcəhətli fəaliyyətin əsl qiymətini zaman özü verəcək. Bizsə üzümüzü Ərtegin müəllimə tutub deyirik: 60 yaşınız mübarək! Əminik ki, o, bizləri öz yeni tədqiqatları, sanballı nəşrləri ilə hələ çox sevindirəcək, Azərbaycan elminə dəyərli töhfələrini verəcəkdir.
Sözardı: Mən isə onu yenə də uzun illərin arxasında qalmış, səliqəli geyimli, nümunəvi davranışlı, təmkinli gənc kimi görürəm. Ünsiyyətə meylli, lakin olduqca səbatlı, ciddi, yaşına yaraşmayan təmkinlə ətrafdakıların diqqətini cəlb edən bir gənc kimi. İllər ötəcək, taleyin qismətilə biz Ərtegin müəllinin 70, 80, 90 yaşını, inşallah, onun öz iştirakı ilə qeyd edəcəyik. Mənimçün isə o, ləyaqətli insan, istedadlı alim, gözəl dost olmaqla yanaşı, həm də zamanın o tayında əbədi dayanmış, gur sıx saçlarını arxaya daramış 17 yaşlı gənc kimi qalacaq.
Ad gününüz mübarək, əziz Ərtegin müəllim!
Xəzər ZEYNALOV, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
www.science.gov.az


