Jul 28, 2025 | 09:30 Konfranslar, iclaslar
Mahmud Kaşqari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə “Azərbaycan-Özbəkistan ədəbi-mədəni əlaqələri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova açaraq qardaş Özbəkistanın müxtəlif universitetlərindən gələn elm adamlarını Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edib. Bildirib ki, biz iki qardaş xalqın nümayəndələriyik, Azərbaycan və Özbəkistan arasında elmi-mədəni əlaqələr qədim tarixə və böyük ənənələrə malikdir. L.Məmmədova bu əlaqələrin daha da inkişaf etdirilməsi və hər iki ölkənin elmi qurumları arasında müştərək tədqiqatların aparılmasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən, bu istiqamətdə Mahmud Kaşqari adına Beynəlxalq Fondun gördüyü işlərdən söz açıb.
Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında vurğulayıb ki, bu gün bütün türk dövlətlərinin xarici siyasətində aparıcı istiqamətə çevrilməkdə olan türkçülük ideologiyası dövlət siyasəti statusu qazanmaqdadır. “Prezident İlham Əliyev Milli Məclisdəki andiçmə nitqində demişdir: “Bu, bizim üçün prioritetdir, … indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Bu çıxış bütün türk ölkələrinin siyasi – iqtisadi qurumları ilə bərabər, həm də bu ölkələrin mədəni-elmi dairələri üçün birliyə çağırışı idi. Bu ortaq tarixi, mədəni və elmi-ədəbi irsimiz əsasında bütün türk xalqlarının xoşbəxt gələcəyini birlikdə qurmağa çağırış idi. Bu çağırışın işığında çıxdığımız yol, gördüyümüz işlər, həyata keçirilən layihələr Azərbaycan elm cameəsinin dövlətimiz və Prezidentimiz tərəfindən aparılan siyasətə dəstəyinin ifadəsidir. Bugünkü elmi müzakirənin proqramından və nəşr etdiyimiz elmi araşdırmalar toplusuna təqdim edilmiş məqalələrin siyahısından da bəlli olur ki, bütün türk ölkələrinin elmi-ədəbi dairələrində ümumtürk birliyi ideyasına xüsusi məhəbbətlə yanaşılır və çoxsaylı alimlərimizin hər biri öz töhfəsini verməyə çalışır. İnanırıq ki, təməlində elmin, ədəbiyyatın, mədəniyyətin dayandığı bu əlaqələr türk dövlətləri arasında birlik və bərabərliyin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə Cavanşir Feyziyev fikirlərini yekunlaşdırıb.
Türk dövlətləri ilə elmi-ədəbi-mədəni əməkdaşlığın daim inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq siyasətinin prioritet istiqamətlərindən olduğunu çıxışında xüsusi vurğulayan Özbəkistanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov bildirib ki, Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərimiz arasındakı münasibətlərdə daim öz müsbət təsirini göstərir. O qeyd edib ki, Özbəkistanda olduğu kimi, qardaş və dost Azərbaycanın eyni kökə, ortaq milli-mənəvi dəyərlərə bağlı olduğu digər türk dövlətləri ilə çox uğurlu mədəni-elmi-ədəbi əməkdaşlıq əlaqələri var və bu əlaqələr müstəqillik işığında özünün parlaq mərhələsinə qədəm qoymuş, aparılan uğurlu dövlət siyasətinin nəticəsində qarşılıqlı əməkdaşlıq hər gün daha da genişlənmişdir. “Xüsusi qeyd etməliyəm ki, türk milli məfkurəsinə söykənən, bütün fəaliyyətini ümumtürk mədəniyyəti, tarixi, linqvistikası, etnoqrafiyası, elmi ədəbiyyatşünaslığına dair tərcümə, nəşr və araşdırma istiqamətində kökləyən Mahmud Kaşqari adına Beynəlxalq Fond sıravi bir ictimai birlik kimi deyil, çoxperspektivli və peşəkar fəaliyyəti ilə elmi-tədqiqat institutu səviyyəsində fərqlənən işlər görür. Şübhəsiz ki, həyata keçirilən bütün bu proyektlər önümüzdəki zamanda ölkələrimizin elmi publikasında geniş rezonans doğuracaqdır. Fondun prezidenti Cavanşir Feyziyevin rəhbərliyi ilə işıq üzü görən Özbəkistan Yazıçılar Birliyinin sədri, Xalq şairi Siracəddin Seyyidin “Vaxt heykəli” kitabının Azərbaycan nəşrini isə qardaşlığımıza və özbək ədəbiyyatına qiymətli bir ərməğan kimi qəbul edirik”, - deyə Bahrom Aşrafxanov əlavə edib.
Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Qeyrət Majid, Nizami Gəncəvi adına Özbəkistan Dövlət Pedaqoji Universitetinin professoru Dilarom Adilova, Əlişir Nəvai adına Daşkənd Dövlət Universitetinin professoru Gulbahor Ashurova, yazıçı-dramaturq Qoşqar Narkabil çıxışlarında qarşılıqlı elmi mübadilələri reallaşdıran Kaşqari Fondunun rəhbərliyinə dərin ehtiramlarını bildirib, ev sahibliyinə, doğma və səmimi münasibətə, göstərilən diqqətə görə təşəkkür ediblər. “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rustam isə çıxışında müəllifi olduğu “O qızın adı Lalədir” kitabının nəşrinə göstərdiyi dəstəyə görə Cavanşir Feyziyevə minnətdarlığını ifadə edib.
Qonaqlar səmimi görüşün təşkil olunmasına şükranlarını bildirməklə yanaşı, son illərdə Azərbaycanda aparılan quruculuq işlərinə, xüsusilə paytaxt Bakının gözəlliyinə heyran qaldıqlarını söyləyiblər.
Sonda qonaqlar xatirə fotosu çəkdirilib.
www.science.gov.az


