AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Əlyazmalar İnstitutunda Məhəmməd Əsəd bəyin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Jun 25, 2025 | 14:34 Konfranslar, iclaslar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Alman-Azərbaycan Cəmiyyətinin birgə təşkilatçılığı ilə mühacirətdə Azərbaycanı tanıdan, Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malik, müxtəlif imzalar altında bənzərsiz əsərlər yaratmış görkəmli yazıçı Məhəmməd Əsəd Bəyin (Qurban Səid) 120 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

Tədbirdə dövlət və hökümət rəsmiləri, beynəlxalq qurumların rəhbərləri, Azərbaycan, Türkiyə və Almaniyanın müxtəlif elmi müəssisələrini təmsil edən nümayəndə heyəti, elm xadimləri, ictimaiyyət nümayəndələri, KİV mənsubları və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə Əlyazmalar İnstitutunun Ekspozisiya zalında M.Əsəd bəyin yaradıcılığına həsr olunmuş kitab sərgisi nümayiş olunub.

Əlyazmalar İnstitutunun ev sahibliyi etdiyi yubiley tədbirini giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb, çıxışında Məhəmməd Əsəd Bəyin yalnız bir yazıçı deyil, həm də azərbaycanlıların Avropaya göndərdiyi bir elçi və çox əhəmiyyətli bir şəxsiyyət olduğunu vurğulayıb. Daha sonra çıxış üçün sözü Alman-Azərbaycan Cəmiyyətinin sədri texnika üzrə fəlsəfə və kultorologiya elmləri doktoru, professor Çingiz Abdullayevə verib.

Professor Çingiz Abdullayev nitqində Avropanın və ümumən dünya ədəbiyyatının məşhur bioqrafı Məhəmməd Əsəd Bəyin Azərbaycan mühacirət ədəbiyyatının qüdrətli yaradıcılarından biri olduğunu vurğulayıb. Azərbaycan-Almaniya dostluq həftəsi çərçivəsində keçirilən bu tədbirin əhəmiyyətini diqqətə çatdıran alim çıxışının sonunda Almaniya-Azərbaycan dostluq ənənələrinin inkişafında göstərdiyi xidmətlərə görə Səbinə Hacıyevaya “Alman-Azərbaycan Cəmiyyətinin Diplom”unu təqdim edib.

Millət vəkili, Azərbaycan Respublikasının Əməkdar müəllimi fil.ü.f.d. Mehriban Vəliyeva çıxışında M.Ə.Bəyin “Əli və Nino” romanının Azərbaycan haqqında Avrasiya təfəkkürü ilə yazılmış möhtəşəm bədii əsər olduğunu diqqətə çatdırıb. Bildirib ki, məhz bu əsərdə oxucu ötən əsrin əvvəlində Azərbaycanda baş vermiş hadisələrə, milli-etnik münasibətlərə, ilk növbədə isə tolerant mühitə yaxından nəzər salmaq imkanı əldə edir.

Yubiley tədbirinin moderatorları - AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri fil.e.d., professor Bədirxan Əhmədov və Türkiyənin mühacir yazıçısı, tərcüməçi və publisist, Almaniya Yazarlar Birliyinin üzvü Dr.Orhan Aras çıxışlarında doğma Azərbaycandan kənarda - Almaniyada yazıb-yaratmış, çətin həyat yolu keçmiş Məhəmməd Əsəd Bəyin ədəbi irsinin əhəmiyyətindən, onun ən məşhur əsəri olan “Əli və Nino“ romanından bəhs edib, çıxışlarında institutumuzun rəhbərliyi başda olmaqla yubiley tədbirinin ərsəyə gəlməsində əməyi keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirdə həmçinin Almaniyanın “Maurer” nəşriyyatının rəhbəri, Məhəmməd Əsəd Bəy yaradıcılığının yorulmaz tədqiqatçısı cənab Hans Jürgen Maurerin məruzəsi dinlənilib. Alim hazırladığı videoslayd vasitəsilə yazıçının həyat və yaradıcılığını özündə əks etdirən bir sıra sənəd və yazı nümunələrini nümayiş etdirib. Məruzədən sonra iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.

Sonda tədbir iştirakçılarının xatirə şəkli çəkilib.

www.science.gov.az

Copyright © AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsi, 2023