AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda “Zəfər Günü Azərbaycan xalqının tarixi qürur günüdür” adlı tədbir keçirilib
Noy 10, 2022 | 09:43 / Konfranslar, iclaslar
Oxunub 35 dəfə

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Vətən müharibəsində Azərbaycanın əldə etdiyi qələbəyə həsr olunan “Zəfər Günü Azərbaycan xalqının tarixi qürur günüdür” adlı tədbir keçirilib.

Öncə vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yığıncağı giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə qeyd edib ki, Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuz işğal altındakı torpaqlarımızı azad etdi: “Müzəffər milli ordumuz, xalq və dövlət birliyi sayəsində tarixi ədalət bərpa olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması Azərbaycan xalqı üçün böyük qələbədir, tarixi qürur günümüzdür. Azərbaycan tarixinə şanlı Zəfər Günü kimi qızıl hərflərlə yazılan 8 noyabr tarixi Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir”.

Ə.Salamzadə vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsi XXI əsrin müharibəsi kimi yalnız Azərbaycan tarixinə deyil, eyni zamanda dünya hərb tarixinə düşüb: “Azərbaycan ordusunun Qarabağ müharibəsindəki hərbi təcrübəsini dünyanın bir çox dövlətlərinin hərbi akademiyaları izləyib və hətta mənimsəyib. Qarabağ müharibəsi XXI əsr müharibəsi kimi dərsliklərdə yer alıb. Qarabağda təcavüzkar düşmənə qarşı Azərbaycan ordusu tərəfindən aparılan hərbi döyüş yeni və güclü strategiya və taktikasına görə bütün dünyanı heyrətləndirdi. Ölkə Prezidenti cənab İlham Əliyev həm dövlət başçısı, həm də Ali Baş Komandan kimi strateji hədəfləri reallaşdırdı və tarixi zəfərə imza atdı”.

Tədbirdə “Şuşa imarətlərinin memarlığı” mövzusunda çıxış edən Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, professor Rayihə Əmənzadə müasir memarlığın aktual problemlərinə toxunub, Azərbaycanın tarixən təşəkkül tapmış şəhərlərinin bərpası və onların qorunub saxlanmasının zəruri olduğunu bildirib. R.Əmənzadə qeyd edib ki, həmin şəhərlər arasında Şuşa şəhəri başlıca yer tutur: “Qarabağın incisi və mədəniyyət mərkəzi adlanan qədim Şuşa şəhəri memarlıq abidələri ilə zəngindir. Şərq və Qərb memarlıq üslublarını özündə birləşdirən Şuşa tikililəri öz görkəmi ilə Cənubi Qafqazın digər şəhərlərindən fərqlənir. Tarixi məlumatlardan bəllidir ki, Qarabağ xanları Şuşada saray və imarətlərin tikintisinə böyük diqqət ayırırdı. XIX əsrin ikinci yarısında dəbdəbəli yaşayış evlərinin, imarətlərin tikintisi geniş vüsət almışdı”.

Daha sonra Qafqaz Albaniyası incəsənəti və memarlığı şöbəsinin müdiri, professor Kübra Əliyeva “Qarabağ xalça məktəbi və onun dünya mədəniyyətində yeri” adlı məruzə ilə çıxış edib. Qeyd edib ki, Azərbaycan mədəniyyətini və incəsənətini dünyada məşhur edən sahələrdən biri də Qarabağ xalçaçılıq məktəbidir. 33 kompozisiyaya malik olan Qarabağ xalçaları bölgədə aparıcı yer tutan sənət növü kimi tanınır. Qarabağ xalçaları kompozisiya çoxluğu, müxtəlif koloritdə olan həm kiçik, həm də böyük ölçüdə toxunan xalça və xalıları ilə xarakterikdir. Müxtəlif rənglərdə yunun çox olması, bölgədə bitən boyaq bitkilərindən alınan təbii boyaqlar və istedadlı toxucu qüvvəsinin olması Qarabağ xalça məktəbinin formalaşmasına səbəb olub.

Sənətşünas alim parlaq koloriti ilə seçilən, sıx və yumşaq xova malik olan Qarabağ xalçalarının növlərindən söz açıb, onların bədii və texnoloji baxımdan digər xalçalardan fərqləndiyini bildirib. Saray xalçalarından danışan alim həmin xalçaların üzərində nəbati naxışların, yəni insan və heyvan təsvirlərinin olduğunu diqqətə çatdırıb. Zərdüştilik dünyagörüşü ilə əlaqədar olaraq bir-birilə vuruşan əjdaha və simurq obrazları bu tip xalçaların üzərində təsvir olunurdu. K.Əliyeva qeyd edib ki, Qarabağ xalça məktəbində toxunan naxışlar və vurulan ilmələr xalqın həyat tərzini və milli təfəkkürünü özündə əks etdirmişdir. Onun sözlərinə görə, Qarabağ xalçaları hazırda Paris, Berlin, Roma, London, İstanbul, Moskva və digər dünyaca məşhur muzeylərdə nümayiş etdirilir.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015