AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat tarixinin üç cildinin təqdimatı keçirilib
Sen 13, 2022 | 03:00 / Konfranslar, iclaslar
Oxunub 61 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin beşinci, altıncı və doqquzuncu cildlərinin təqdimatı keçirilib.

Beşinci cilddə XIX əsrdə, altıncı cilddə XX əsrin əvvəllərində Azərbaycanda yaranmış ədəbiyyat tədqiq olunub. Doqquzuncu cild isə Cənubi Azərbaycan ədəbiyyatından bəhs edir.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, bu vaxta qədər yeddi cild çapdan çıxıb: “Bu, Ədəbiyyat İnstitutunun böyük nailiyyətidir. Digər cildlərin bir neçə aya işıq üzü görməsi nəzərdə tutulub. Bu oncildlik institutumuzun 90 illiyinə ən böyük hədiyyə ola bilər. Oncildlik Azərbaycan ədəbiyyat tarixinin yazılması Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində bir hadisədir. Gələcək tədqiqatlar üçün möhtəşəm mənbə istiqamətidir. Burada dövrləşdirmə, sistemləşdirmə işləri də aparılıb, yalnız ədəbiyyat tarixi işi deyil, nəzəri tərəflər də var. Kifayət qədər ilk dəfə haqqında oçerk yazılmış müəlliflər var. Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi İslam Qəriblinin rəhbərliyi altında beşinci və altıncı cildi hazırlayıb. Beşinci cild Azərbaycan ədəbiyyatında maarifçi realizm dövrünü, altıncı cild Azərbaycan ədəbiyyatında tənqidi realizm və romantizm epoxasını əhatə edir. Şöbə cildləri hazırlayarkən arxivə, mətbuat tarixinə yenidən müraciət edib. Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Rəhim Əliyevin rəhbərliyi ilə doqquzuncu cildi hazırlayıb. Bu cilddə yalnız yazıçıların tərcümeyi-halı və yaradıcılığı əhatə olunmur, ciddi dövrləşdirmə aparmışıq. Oçerkləri həmin dövrləşdirməyə uyğun verməyə çalışmışıq. İndiyə qədər ölkəmizdə Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı bu həcmdə əsər çap olunmayıb. Kollektiv elmi-yaradıcılıq məhsulu olan fundamental kitablar böyük zəhmətin hesabına başa gəlib. Bu cildlərdə hər bir tarixi-ədəbi mərhələnin geniş icmalları və əhatəli portret-oçerkləri verilib”.

Tədbirdə Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri Rəhim Əliyev, Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İslam Qəribli də çıxış edərək nəşrlərin əhəmiyyətindən danışıb və kollektivi təbrik ediblər.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015