AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Folklor İnstitutunun alimləri Ege konfransında iştirak ediblər
Sen 13, 2022 | 11:25 / Konfranslar, iclaslar
Oxunub 36 dəfə

2022-ci ilin 2-4 sentyabr tarixlərində Türkiyə Cumhuriyyətinin İzmir şəhərində Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu (Türkiyə), AMEA Folklor İnstitutu (Azərbaycan) və İKSAD İnstitutunun(Türkiyə) təşkilatçılığı ilə 5-ci Beynəlxalq Dədə Qorqud – Türk Mədəniyyəti, tarixi və ədəbiyyatı konfransı şəkildə keçirilib.

Konfrans “Beynəlxalq Ege konfransları” Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutunun ümumi koordinasiyası, İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə əməkdaşlığı ilə keçirilib. Açılışda Ege Universitetinin rektor yardımcısı prof. dr. Mehmet Ersan, Türk Dünyası Araşdırmaları İnstitutunun Türk Halk sənətləri Şöbəsinin müdiri, Türkiyə Cumhuriyyəti üzrə “Dədə Qorqud Konfransı”nın rəhbəri prof. dr. Metin Ekici, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, Azərbaycan Respublikası üzrə “Dədə Qorqud Konfransı”nın rəhbəri, prof. Ramazan Qafarlı, İKSAD İnstitutunun prezidenti, dr. Mustafa Lətif Emek, Ege Universiteti Elm və Texnologiya İnstitutunun direktoru prof. Dr. Bəhri Başaran, Sosial Elmlər İnstitutunun direktoru prof. Mustafa Mutluer, Türk Dünyası Araşdırmaları İnstitutunun direktor müavini prof. Alimcan İnayet çıxış etdilər. Konfransın işinə Türkiyə, Azərbaycan, İran, Orta Asiya ölkələrindən 200 nəfərə yaxın elm adam iştirak ediblər.

Türk dünyası əməkdaşlığı Türk dünyasının yüksəlişinə çox mühüm töhfə verəcəyini vurğulayan prof. M.Ersan bildirib ki, “Beynəlxalq Ege Konqreslərinin hazırlıq prosesinə İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu və AMEA tərəfindən start verilib. Ege Universiteti Türk Dünyası Araşdırmaları İnstitutu vasitəsilə universitetimizin səlahiyyətli orqanlarına çatan bu elmi əməkdaşlıq təklifi rektorluğumuz tərəfindən bəyənilib və bu layihənin həyata keçirilməsi istiqamətində ilk konkret addım olub. Türk dünyasına gəlincə, Ege Universitetinin ən səlahiyyətli və təcrübəli bölmələri ev sahibliyimizdə baş tutacaq konqreslərin koordinatorluğunu boynuna götürərək mühüm məsuliyyəti öz üzərinə götürüb. Azərbaycanın ən dəyərli qurumlarından biri olan AMEA-nın dəstəklədiyi əməkdaşlıq və həmrəylik ruhu Ege Universitetinin beynəlxalq tədbir təcrübəsi ilə birləşdirilib".

Prof.M.Ekici konfransda çıxış edərək bildirib ki, Ege Konqresləri adlanan üç ayrı konqresə ev sahibliyi etmək Ege Universiteti üçün böyük şərəf və yeni bir başlanğıcdır. Türkiyə-Azərbaycan qardaşlığının konkret göstəricisi olaraq iki ölkənin elm qurumları arasında əməkdaşlıq və onun daimi olması iki dövlət, bir millət olmaq yolunda atılan ən böyük addımdır. Ümid edirəm ki, əməkdaşlığımız nümunəvi olacaq.
Ortaq dəyərlərimizlə mədəniyyətsevər xalqlar olduğumuzu sübut etmişik.
Prof.R.Qafarlı isə çıxışı zamanı qeyd edib ki, AMEA və Azərbaycan alimləri adından bildirmək istərdim ki, biz bu əməkdaşlıqdan məmnunuq. Dədə Qorqud konfranslarının ardıcıllıqla keçirilməsi iki qardaş türk dövlətinin bir yerdə yaşadığını göstərdi. Çünki “Kitabi-Dədə Qorqud” qədim kökə malik ulusları birləşdirmək ideyasını özündə əks etdirir. Biz son illərdə dünyaya bəxş etdiyimiz ortaq dəyərlərimizlə mədəniyyətsevər xalqlar olduğumuzu sübut etmişik.

Ege Universiteti ilə əməkdaşlığının bundan sonra da artacağını bildirən dr. M. Emek deyib ki, İKSAD 34 ölkədən çoxlu araşdırmaçı, xüsusilə də Türk dünyasından dəyərli araşdırmaçıların olduğu bir təşkilatdır. İndiyədək İKSAD İnstitutu 300-dən çox tədqiqat layihəsi həyata keçirib və müxtəlif elmlər sahəsində fəaliyyətini uğurla davam etdirir.
Açılış törənin sonunda prof.R.Qafarlı AMEA Folklor İnstitutu və İKSAD İnstitutu adından Ege Universitetinin əməkdaşlarına mükafatlar təqdim edib. Ege Universitetinin rektor yardımcısı prof.  M.Ersan isə Ege Universitetinin rektoru prof. N.Budakın ödülünü AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, Prof.dr. Ramazan Qafarlıya təqdim edib.
5-ci Beynəlxalq Dədə Qorqud – Türk Mədəniyyəti, tarixi və ədəbiyyatı konfransına Azərbaycandan canlı şəkildə 10 nəfərdən çox alim qatılıb.

Prof. R.Qafarlı bölmə iclasında “Qeysin məcnunluğu ilə Domrulun dəliliyinin semantik-funksional bağlılığı” mövzusunda məruzəsində bildirib ki, çoxsaylı yazılı mənbələrə, o cümlədən Nizaminin «Leyli və Məcnun» məsnəvisində əsasən yalnız bir cəhətə haqq qazandırmaq olar - orta əsrlərin başlanğıcında İslam Ərəbistanında cəmiyyət məhəbbətin nə olduğunu anlamırdı. Lakin «Kitabi-Dədə Qorqud» oğuznaməsinin eramızdan əvvəlki çağlarda yaranan «Duxa qoca oğlu Dəli Domrul» boyunda ilkin ailə münasibətlərinin məhəbbət üzərində qurulub möhkəm sütunlar əmələ gətirdiyinin geniş təsviri verilir. Tanrının işinə qarışıb «ölüm mələyi» (sonrakı variantlarda Əzrayıl şəklinə düşmüşdür) ilə qarşı-qarşıya gələn Dəli Domrul günahının bağışlanması üçün öz canı əvəzinə başqa can ödəmək məcburiyyətində qalır. Boyda ata-ananın övladına, eləcə də əksinə, övladın ata-anasına sevgisinin sönüklüyü göstərir ki, hadisələr türkün «atalar kultu»ndan daha əvvəlki dövrə aiddir. Çünki Dəli Domrulun valideynləri övladlarının ölümü ilə razılaşır, dünyanın ləzzətini alıb son mənzilin astanasına çatsalar da, quru canlarını onun yaşaması yolunda qıymırlar. . Öz növbəsində oğul da doğma ata-anasına laqeydlik nümayiş etdirir – öz şirin canına görə hər ikisinin ölümünə razılaşır. Lakin ər-arvad münasibətinə gələndə eyni motivli yunan miflərindən fərqlənən başqa mənzərə ilə rastlaşırıq. Dəli Domrulun əli hər şeydən üzüləndən sonra ömür-gün yoldaşı ilə vidalaşmaq, halallaşmaq üçün tanrıdan möhlət istəyir. Ərlə arvadın dialoqundan aydınlaşır ki, gənc ailə sevgi əsasında formalaşmışdır və xüsusilə qadın tərəf üçün ərinin yoxluğundan sonra başqası ilə bir yasdığa baş qoymaq ölümə bərabərdir. Belə ki, Dəli Domrulun: «Gözün kimi sevərsə, Sən ana varğıl! İki oğlancığı öksüz qomağıl!» - təklifini qadın ürək yanğısı və ciddi etirazla qarşılayır”

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy “Salur Qazan: özünün sol gözü, yaxud Təpəgözlə savaşan qəhrəman” adlı məruzəsində abidəni ritual-mifoloji kontekstdə təhlil edərək Təpəgöz obrazı ilə bağlı yeni konsepsiya təklif edib. Alim göstərib ki, Salur Qazanın “Dədə Qorqud” eposunda əjdaha ilə vuruşması onun növbəti dəfə xan olma inisiasiya ritualından keçməsidir. İnisiasiya sxeminə görə, fərd ritualda köhnə statusunda ölüb, yeni statusda dirilməlidir. Qazan ritualda ölür və yenidən dirilir. Bu, əjdaha tərəfindən udulma və onun bədənindən yenidən doğulma şəklində baş verir. İnisiasiya prosesində əvvəlcə əjdaha Qazanın sol gözünü qorxudaraq ona çevilir və əjdaha Qazanı udur. Qazanın sol gözünün əjdahaya çerilməsi ilə onun bədəni iki təkgözə, yəni Təpəgözə bölünür: sol namərd gözlü Təpəgöz və sağ mərd gözlü Təpəgöz. Sol Təpəgöz – əjdahanı, sağ Təpəgöz – Qazanı təmsil edir. Qazan sol Təpəgözün gözünü çıxartmaqla onu məğlub edir. Bayındır xanın təşkil etdiyi ritualda Qazan əjdahanın bədənindən doğuzdurulmaqla xan statusunu yenidən əldə edir. Folklor-mifoloji dünya modelində məkanın simmetrik proyeksiyalanma qanununa görə, İç Oğuzun başçısı Qazanın inisiasiya sxemini Daş Oğuzun başçısı Alp Arzun nümunəsində də müşahidə olunur. Dastanda qəhrəmanın gözləri semiotik baxımdan onun oğlanları hesab olunur. Alp Aruzun da iki doğma oğlu – Basat və Qıyan Selcük onun sağ və sol gözləridir. Eposda Qazanın iki gözündən biri əjdahaya çevrildiyi kimi, Alp Aruzun da gözlərindən biri – oğlu Qıyan Selcükün qorxudan “ödü partlayır” və Təpəgöz Aruzun oğlu statusunda onu sol gözünə çevrilir. Mərd sağ gözü təmsil edən Basat sol namərd gözü təmsil edən Təpəgözə qalib gəlməklə Aruzun sol gözünü özünə qaytarar. Bu proses semiotik baxımdan həm Aruzun Dış Oğuzun xanı inisiasiya prosesini, həm də oğlu Basatın alp igidlik inisiasya prosesini simvollaşdırır. Beləliklə, alimə görə, Təpəgöz obrazı inisiasiya posesindən keçən qəhrəmanın paraşalanmış bədəninin sol tərəfidir.

AMEA Folklor İnstitutunun Mərasim Folkloru şöbəsinin əməkdaşı, f.ü.f.d. Qalib Sayılovun “Kitabi-Dədə Qorqud” eposunda İslam kanonları” mövzusunda məruzəsində dastanda İslam motivləri probleminə yeni baxış reallaşdırılıb. Alimə görə, “Dədə Qorqud” dastanında İslam dini məsələsinə bir çox hallarda diletant mövqedən yanaşılır və tarixi-mədəni reallıq təhrif edilir. Abidənin poetikasının əsas struktur səviyyələrindən birini təşkil edən İslam məna layına “katib əlavəsi” kimi qeyri-peşəkar mövqe nümayiş etdirilir. Bu isə elmdə diletant yanaşmalara yol açmaqla ciddi elmi təhlillərin üzərinə kölgə salır. Müəllif göstərir ki, qədim Oğuz-Türk abidəsi olan “Dədə Qorqud” dastanı oğuz türklərinin İslam dinini qəbul etməsi ilə “islamlaşmağa” başladı. Oğuzların mədəni-ideoloji düşüncəsinin bütün sahələri yeni dinin təsiri altına düşdüyü kimi, “Dədə Qorqud” dastanı da şifahi ifa prosesində islami düşüncəyə tranformasiya olundu. Bu proses, təqribən, 6-7 əsr müddətini əhatə etdi. Bu müddətdə oğuzların əski tanrıçılıq dünyagörüşü İslam dininin doktrinal əsasları əsasında dəyişdi. Bütün bu dəyişmələr oğuzların təkcə dastanları yox, həm də milli kimlik sənədi olan “Dədə Qorqud” dastanında da öz əksini tapdı. Ozanlar dastanı yeni epoxanın ideoloji-dini, mədəni-fəlsəfi zövqünə uyğun şəkildə ifa etməyə başladılar. Proses ərzində epos artıq İslam dövrünün abidəsinə çevrildi. Belə hesab edirik ki, əski din-mifoloji düşüncədən yeni düşüncəyə keçid prosesinin izlərini də özündə yaşadan abidəni təhlil edərkən süni ideoloji qarşıdurmalara yol vermək diletantlıqdan başqa bir şey deyildir. Bu cəhətdən, “Dədə Qorqud” dastanının “kitablaşması”, başqa sözlə, “Kitabi-Dədə qorqud”a çevrilməsi də eposun yeni epoxanın mədəni-ideoloji faktına çevrilməsi deməkdir.

Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, prof. İradə Hüseynova “Ulu öndər H.Əliyev siyasi kursunun layiqli davamşısı İ. Əliyevin Qarabağ münaqişəsinin həll edilməsi uğrunda mübarizəsi” adlı məruzəsində bildirib ki, “İkinci Qarabağ müharibəsi Azərbaycan hərb tarixinin daha və bəlkə də ən möhtəşəm bir zəfər səhifəsi kimi əbədi olaraq şanlı tariximizə həkk olundu. 44 gün sürən və işğalçı Ermənistanın təslim olması ilə başa çatan bu qalibiyyət müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə Prezidenti İlham Əliyevin başçılığı ilə igid və cəsur Azərbaycan ordusunun - əsgər və zabitlərinin, Azərbaycan xalqının layiq olduğu möhtəşəm qələbə ilə tarixə qızıl həriflərlə yazıldı. Xalqımız bu böyük və şanlı tarixi hadisənin – 30 il sürən işğalın başa çatmasının, əzəli və müqəddəs torpaqlarımızın erməni qəsbkarlarının, hərbi birləşmələrinin tapdağından azad edilməsinin, rəşadətli ordumuzun misilsiz qəhrəmanlığının, əsgərlərimizin hər addımda göstərdikləri igidlik və şücaətlərinin canlı şahidi oldu”.
“Alternativ Psixologiya“ elminin müəllifi, t.b.e.d., prof. Yaşar İbadovun “Dədə Qorqud tarixi şəxsiyyətdir” mövzusunda təqdim etdiyi elmi yenilik maraqla qarşılanıb. Onun müəllifi olduğu “Alternativ Psixologiya“ elminin metodologiyasına aid olan faza –portret sistem metodu ilə Dədə Qorqudun 3 sayda Faza Portretinı yaratmış, orijinal dəsti-xətti və elmi nailiyyətləri əsasında onun doğum və ölüm tarixi haqqında informasiyanı dəqiqləşdirmişdir. Həmin faza portretlər əsasında Dədə - Qorqudun şəxsiyyət və avtobioqrafiyası haqqında özünəməxsus rəmzlərlə verilmiş kodlu məlumatları açıqlamış və onun mifik obraz deyil, tarixi şəxsiyyət olması faktı bu metodla bir daha təsdiqlənmişdir.
Şübhəsiz Dədə Qorqud haqqında üç mücərrəd şəkil yazısının alınması türk xalqlarının, eləcə də Azərbaycan xalqının tarixi yaddaşında ilk hadisə olmaqla bərabər həm də psixoloji qanunauyğunluqlardan doğan bir zərurətdir. Tibbi biologiya elmləri doktoru, professor Y.İbadovun elmi nailiyyətləri şəkksizdir və böyükdür. Dədə Qorqudun doğum və ölüm tarixini (560-819 cu illər) müəyyənləşdirməsi, əldə olunan Dədə Qorqud obrazı əsl yeni tarixi nailiyyətdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015