AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Pakistanlı alimlər Ədəbiyyat İnstitutunda olublar
İyn 16, 2022 | 01:03 / Konfranslar, iclaslar
Oxunub 174 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Pakistandan gəlmiş ziyalılarla görüş olub.

Pakistanlı alimlər Pəncab Universitetinin professor, Dr. Faiza Bash və Lahor Universitetinin professor, Dr. Almas Xanımla olan görüşdə Ədəbiyyat İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli və Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli də iştirak ediblər.

Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli qonaqlara Azərbaycan-Pakistan ədəbi əlaqələrinin inkişafı istiqamətində görülən işlər və nəzərdə tutduğu fəaliyyət planı ilə bağlı məlumat verib. Bildirib ki, hazırda Ədəbiyyat İnstitutunda Pakistan Ədəbiyyatı Mərkəzi fəaliyyət göstərir. Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi Məhəmməd İqbalın “Seçilmiş əsərləri”ni nəşr edib. Eyni zamanda, Pakistan şairinə həsr olunmuş “Məhəmməd İqbal: Eşq və düşüncə şairi” monoqrafiyası çap olunub.

Akademik İsa Həbibbəyli qeyd edib ki, iyul ayında Azərbaycan - Pakistan əlaqələrinin 30 illiyi münasibətilə konfrans keçiriləcək: “Lahor Universitetinin rektoru və 11 nəfər heyət konfransda iştirak edəcək. Həmçinin konfransda Akademiyanın rəhbərliyi və Pakistanın Azərbaycandakı səfirinin iştirakı da gözlənilir. Noyabr ayında isə Pakistana getməyi nəzərdə tuturuq. Biz istərdik ki, dahi Azərbaycan şairi Nizami Gəncəvinin Pakistanda təbliğinə siz də töhfə verəsiniz. Sizə bununla bağlı çap olunmuş kitablarımızı da təqdim edəcəyik. Bu kitabların Pakistanda urdu və ingilis dillərində çap olunması əlaqələrimizə daha böyük töhfə olar”.

Qonaqlar Türkiyədə altı universitetdə görüşlərinin olduğunu, Lahorda keçiriləcək konfransda Azərbaycan tərəfdən nümayəndələrin iştirakının nəzərdə tutulduğunu diqqətə çatdırıblar.

Sonda qonaqlar Pakistan Ədəbiyyatı Mərkəzi ilə yaxından tanış olublar.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015