AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Professor Vüqar Əhmədin “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının təqdimatı keçirilib
İyn 13, 2022 | 11:50 / Konfranslar, iclaslar
Oxunub 95 dəfə

Mərdəkan Mədəniyyət Evində AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının təqdimat mərasimi keçirilib.

Monoqrafiya H.Z.Tağıyevin çoxsahəli fəaliyyəti haqqında ilk elmi, fundamental tədqiqatdır.

Kitabın təqdimatında professorlar Lalə Əlizadə, Nəsiman Yaqublu, nəşrin “Ön söz”ünün müəllifi Ülkər Hüseynova, dosentlər Vüqar Qaradağlı, Əzizağa Nəcəfzadə, Mehman Həsənli və başqaları monoqrafiyanın elmi-bədii məziyyətləri, Tağıyev şəxsiyyətinin böyüklüyü haqqında çıxış ediblər.

Bədii hissədə Vüqar Əhmədin Tağıyevə həsr etdiyi şeirləri Mərdəkan məktəbliləri tərəfindən səsləndirilib, müğənnilər Almaxanım və Sədəf Budaqova isə şairin sözlərinə yazılmış mahnılar ifa ediblər.

Tədbirdə Rusiyanın paytaxtı Moskva şəhərində fəaliyyət göstərən “H.Z.Tağıyev” Fondunun prezidenti Müzəffər Ağayev alimlərimizi Tağıyevin adına təsis olunmuş Fəxri fərmanlarla təltif edib.

Sonda professor Vüqar Əhməd çıxış edərək təqdimatı keçirilən əsəri, eləcə də tarixi şəxsiyyətlər haqqında yazdığı digər monoqrafiya və tarixi romanlar haqqında məlumat verib. Həmçinin “Azərbaycan” və “Şuşanın dağları başı Vüqarlı” adlı şeirlərini səsləndirib, tədbirin keçirilməsində zəhməti olanlara təşəkkürünü bildirib.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015