AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Qurtuluşdan Qarabağa gedən yol: qadın alimlərin əsərlərində” mövzusunda ictimai-elmi seminar keçirilib
İyn 09, 2022 | 11:42 / Konfranslar, iclaslar
Oxunub 147 dəfə

İyunun 9-da AMEA-nın Qadınlar Şurası və AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Qarabağa gedən yol: qadın alimlərin əsərlərində” mövzusunda ictimai-elmi seminar keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Qarabağ və Şuşaya həsr olunmuş kitabların sərgisinə baxış keçiriblər.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bugünkü ictimai-elmi seminarın “Şuşa ili”nə həsr olunan silsilə tədbirlər sırasından olduğunu vurğulayıb.

“Milli qurtuluşdan başlanan yol xalqımızı tarixi qələbə gününə qədər apardı”, - deyə qeyd edən akademik İsa Həbibbəyli Birinci Qarabağ müharibəsi dövründə baş verən uğursuzluqların səbəblərinə diqqət çəkib, müharibədə məğlubiyyətin həmin dövrdə hakimiyyətdə gedən çəkişmələrlə bağlı olduğunu deyib.

O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın iqtisadi tənəzzülə uğramaqdan xilas olduğunu, ordu quruculuğu sahəsində əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. Akademik İsa Həbibbəyli bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Ümummilli Liderin atdığı sağlam iqtisadi təməllər üzərində qurulan dövlət siyasətini daha da inkişaf etdirdiyini, ordumuzu dünyanın ən qüdrətli ordularından birinə çevirdiyini söyləyib.

Vitse-prezident qeyd edib ki, ölkəmiz dövlət başçısının qətiyyəti, uzaqgörən siyasəti, apardığı ideoloji müharibə, ordumuzun güc-qüdrəti, Azərbaycan və Türkiyənin dövlətlərarası strateji müttəfiqliyi ilə nail olunan Zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.

Akademik İsa Həbibbəyli AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrində bu istiqamətdə tədqiqatların aparıldığını deyərək, seminar çərçivəsində təşkil olunan sərgidə bu tədqiqatların nəticələrinin nümayiş olunduğunu diqqətə çatdırıb. O, Qarabağla bağlı AMEA-da aparılan tədqiqatların bundan sonra da davam etdirilməsinin, əsaslı araşdırmaların nəticələrinin dünya ictimaiyyətinə geniş şəkildə çatdırılması üçün bütün imkanların səfərbər olunmasının önəminə toxunub.

Alim bugünkü tədbirin Azərbaycanın qadın alimlərinin bu istiqamətdə apardıqları tədqiqatların inkişaf etdirilməsi zərurətinin gündəmə gətirilməsi məqsədinə xidmət etdiyini qeyd edib.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva Qarabağla bağlı əsərlərin ərsəyə gəlməsində, xalqımızın milli-mədəni irsinin qorunub saxlanılmasında qadın alimlərimizin böyük rolu olduğunu deyib. O, bu istiqamətdə rəhbərlik etdiyi şöbənin fəaliyyətindən bəhs edərək bildirib ki, xüsusi əhəmiyyət kəsb edən qiymətli arxiv sənədlərinin mühafizəsini həyata keçirən Elmi irs şöbəsi Qarabağla bağlı tarixi əhəmiyyətli materialların qorunub saxlanılmasında da yaxından iştirak edir.

Zemfira Hacıyeva xalqımız üçün böyük tarixi-mədəni dəyərə malik olan Qarabağ torpaqlarının ziyalı Azərbaycan qadınlarının yetişməsinə böyük təsir göstərdiyini qeyd edib, müəllifi olduğu “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” əsəri barədə də seminar iştirakçılarına məlumat verib. Bildirib ki, bu monoqrafiyada Qarabağ xanlığının sosial-iqtisadi tarixi, dövlət quruluşu, şəhər təsərrüfatı, aqrar təsərrüfatına nəzər salmaq mümkündür.

Sonra çıxış edən AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə tariximizdə xüsusi yeri olan Milli Qurtuluş Gününün böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olduğunu söyləyib. Qeyd edib ki, 1993-cü ilin 15 iyun günü Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Dövlətçilik ənənələrimizin qorunub saxlanılması prosesində Azərbaycan qadınları mühüm rol oynadı.

Alim “Şuşa ili” çərçivəsində AMEA-nın Qadınlar Şurası və AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin birgə təşkilatçılığı ilə silsilə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Sərgidə nümayiş etdirilən kitabların önəmini qeyd edən Rəna Mirzəzadə bu elmi əsərlərin qurtuluşdan bu günə qədər Qarabağın keçdiyi keşməkeşli yolu əks etdirdiyini bildirib, onları Azərbaycan xalqının öz tarixinə və milli kimliyinə sahib çıxmasının sübutu kimi dəyərləndirib.

“Tarix elmləri doktoru, dosent Zemfira Hacıyevanın “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu”, tarix elmləri doktoru, professor Məryəm Seyidbəylinin “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitablarında tarixi ədəbiyyatda çox az rast gəlinən görkəmli qadınların adları xüsusi yer tutur”, – deyə bildirən sədr xalqımızın milli-mədəni irsinin qorunub saxlanılmasında qadın tədqiqatçılarımızın müstəsna xidmətlərini qeyd edib.

Tarixdə Azərbaycan qadınının rolundan söz açan Rəna Mirzəzadə bəşəriyyətin inkişafına töhfələr vermək üçün qadınlarımızın geniş potensiala, bacarığa və ali keyfiyyətlərə malik olduqlarını əməli işləri ilə sübuta yetirdiklərini vurğulayıb. Bildirib ki, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, ilk qadın akademiki Validə Tutayuq və bir çox görkəmli qadın şəxsiyyətlərimiz məhz Şuşa mühitinin yetişdirdiyi görkəmli nəsillərin nümayəndələrindəndir.

“Qarabağ xalqımızın həssas yeri, Zəfər tarixini yazdığı qürur mənbəyidir. Alimlərimiz vətənpərvər ziyalı kimi Qarabağın görkəmli qadın şəxsiyyətlərini geniş dünya ictimaiyyətinə yüksək səviyyədə təqdim etməli və tanıtmalıdırlar. Azərbaycanın inkişafı tarixində qadınlarımızın mühüm rolu xüsusi qeyd olunmalıdır”, – deyə şura sədri vurğulayıb.

Daha sonra Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dosenti, tarix üzrə fəlsəfə doktoru Akif Fərzəliyev Qarabağın tarixi coğrafiyasını, etnik tərkibini, Qarabağda və onun ətrafında baş vermiş siyasi hadisələri, o cümlədən Azərbaycanın bu gözəl guşəsində tikilib ucaldılan milli abidələrimizi, Qarabağ xanları tərəfindən yeni salınmış yaşayış məskənlərini geniş şəkildə əhatə edən “Qarabağnamə”lər kitabının ərsəyə gəlməsindən danışıb. Bildirib ki, AMEA-nın M.Füzuli adına Əlyazmaları İnstitutunda Qarabağ tarixinə dair böyük əhəmiyyət kəsb edən onlarla əsər və tarixi sənədlər saxlanılır.

“Təəssüf ki, Qarabağa göz dikən erməni ekstremistlərinin haqsız tələblərinin cılızlığını və əsassız olduğunu bir daha açıb göstərən və sübuta yetirən bu mənbələrin çoxu çap olunmamış və lazımı qədər araşdırılmamışdır”, - deyə bildirən Akif Fərzəliyev bu boşluğu aradan qaldırmaq üçün “Qarabağnamə”lər adlı nəşrin üç kitab şəklində çap olunduğunu diqqətə çatdırıb.

Seminarda AMEA-nın Azad Həmkarlar İttifaqının sədri, professor Habil Qurbanov və AMEA-nın Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov çıxış edərək ölkəmizin İkinci Qarabağ müharibəsində qazandığı uğurlardan bəhs edib, əzəli və əbədi Qarabağ torpaqlarının işğaldan azad olunmasının şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti, dövlətimizin siyasəti hesabına başa gəldiyini söyləyiblər. Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizlə bağlı irəli sürülən taleyüklü tarixi təşəbbüslər dövlətimizin azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malik olduğunu bir daha təsdiq edir. Çıxış edənlər qeyd olunan proseslərin işıqlandırılmasında, geniş elmi ictimaiyyətə çatdırılmasında qadın alimlərimizin yaxından iştirak etdiklərini vurğulayıblar.

Tədbirdə AMEA-nın Fizika İnstitutununun böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Suma Sakitqızı Sabirabad rayon şəhidlərinin timsalında bütün Azərbaycan şəhidlərinin ölməz ruhlarına ithaf etdiyi “Fatehlər: Sabirabad şəhidləri” kitabının ərsəyə gəlməsi tarixindən danışıb. Bildirib ki, igidlərimizin öz dillərindən təqdim etdikləri ifadələri, yarım qalmış arzularını əks etdirən bu kitab gələcək nəsillər üçün əmanət nişanəsidir.

Suma Sakitqızının sözlərinə görə, nəşrdə, həmçinin Sabirabad rayonundan olan, Aprel döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış şəhidlər və Birinci Qarabağ müharibəsində vətən uğrunda canından keçmiş vətən igidlərinin adları qeyd edilib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Mərziyyə Nəcəfova çıxışında bu günədək Şuşanın azadlıq sevincini əks etdirən yüzlərlə şeirlərin yazıldığını vurğulayıb. Qeyd edib ki, Azərbaycan Ordusunun gücü, Ali Baş Komandanın birliyi, xalqa dəstəyi mövzusu bu şeirlərin ana xəttini təşkil edir. O, bu şeirlərin böyük bir qisminin Şuşanın artıq cənnət məkana çevrilməsində xalqın, dövlətin birlikdə fəaliyyətinin təcəssümünə həsr olunduğunu bildirərək qədimliyi və müasirliyi qovuşdurmaqla dünyada şanı keçən Şuşanın gözlərimiz önündə canlandığını diqqətə çatdırıb.

Daha sonra Mərziyyə Nəcəfova Şuşaya həsr etdiyi şeirini səsləndirib.

Seminarda Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Səma isə qardaşı Afiq Qasımovun Vətən müharibəsi uğrunda gedən döyüşlərdə ön sıralarda iştirakından, eləcə də xüsusi qəhrəmanlıqlar göstərmiş hərbçilərimizin şərəfli döyüş yollarından bəhs edib. O, Azərbaycan xalqına qələbə sevinci yaşadan bütün döyüşçülərimizə ithaf etdiyi “Şuşa” şeirini səsləndirib.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015