AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda konfrans keçirilib
İyn 13, 2022 | 11:40 / Konfranslar, iclaslar
Oxunub 152 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda milli istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ərsoya həsr edilmiş “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfansı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq qeyd edib ki, ölkə başçısının “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il tarixli Sərəncamına uyğun olaraq, respublikamızda və ondan kənarda bu istiqamətdə geniş işlər aparılır: “Əhməd Cavadın yaradıcılığı qardaş Türkiyə ilə də bağlıdır. Türkiyədə keçirilən tədbirlərlə yanaşı, Ankarada Əhməd Cavad parkı açılıb, geniş simpozium baş tutub. Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi birinci növbədə onun milli istiqlal uğrunda apardığı mübarizəyə və ədəbi irsinə dövlətimizin göstərdiyi qayğını, diqqəti ifadə edir. Həmin vətəndaş poeziyası ənənələrinin yeni nəslə çatdırılması üçün də bu Sərəncam bizə böyük imkanlar yaradır. Türkiyənin Milli İstiqlal Marşını yazmış Mehmet Akif Ərsoyun yaradıcılığı və Azərbaycanın Dövlət Himnini yazmış Əhməd Cavadın yaradıcılığı həm qardaş Türkiyədə, həm də Azərbaycanda milli istiqlal uğrunda aparılan mübarizənin ədəbiyyatdakı bədii əksinə dair paralellər aparmağa, ortaq məqamları üzrə çıxartmağa, ümumiləşdirmələr etməyə imkan yaradacaq”.

İl ərzində Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin yaradılmasının nəzərdə tutulduğunu deyən akademik bunun iki qardaş ölkə arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyini söyləyib.

Konfransda Burdur Mehmet Akif Ərsoy Universitetinin nəzdindəki M.A.Ərsoy Araşdırma Mərkəzinin müdiri, professor Zəfər Gölən “Mehmet Akif Ərsoyun həyatı” mövzusunda çıxış edərək mərkəzin fəaliyyəti haqqında məlumat verib: “Bizim universitet 2006-cı ildə yaradılıb. Gənc universitet olsaq da, çox sürətlə inkişaf edirik. Otuz minə yaxın tələbəmiz və bir çox fakültəmiz var. Mehmet Akif Ərsoy Burdurdan millət vəkili seçilib. Həm də həyat yoldaşı Burdurludur. Mərkəzdə Mehmet Akif Ərsoyla bağlı məlumat və sənədləri toplayıb, araşdırırıq. Bakıda da belə bir mərkəzin açılmasının planlaşdırılması bizi çox məmnun etdi və hər cür dəstəyi verməyə hazırıq. Bizim mərkəzdəki nadir nüsxələri sizlərlə də paylaşacağıq”.

Burdur Mehmet Akif Ərsoy Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, M.A.Ərsoy Araşdırma Mərkəzinin müdirinin müavini, Dr. Canan Olpak Koç “Türk ədəbiyyatında M.A.Ərsoy” adlı məruzəsi ilə mövzu haqqında geniş çıxış edib.

Tədbirdə Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Əhməd Cavad: yeni poetik yolun başlanğıcı”, filologiya elmləri doktorları Şahbaz Şamıoğlu “Əhməd Cavad poeziyasında milli-mənəvi dəyərlər və milli özünüdərk məsələsi”, Yaşar Qasımbəyli “Cümhuriyyət və azadlıq aşiqləri: Əhməd Cavad, Mehmet Akif Ərsoy və Əbdülhəmid Çolpan”, Xuraman Hümmətova “Əhməd Cavad və Mehmet Akif Ərsoy poeziyası azadlıq ideyaları müstəvisində”, Əlizadə Əsgərli “Prezident Sərəncamının işığında Əhməd Cavad”, Eşqanə Babayeva “Mehmet Akif Ərsoy və Azərbaycan ədəbiyyatı” və filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva “Əhməd Cavad poeziyasında bədii simvollar” mövzusunda məruzə ediblər.

www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015