AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-da akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan elmi sessiya keçirilib
İyn 13, 2022 | 11:25 / Konfranslar, iclaslar
Oxunub 153 dəfə

İyunun 8-də AMEA-nın Əsas binasında görkəmli musiqişünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın 85 illiyinə həsr olunan elmi sessiya keçirilib.

Tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

İştirakçılar əvvəlcə foyedə yubilyarın kitablarından ibarət sərgi ilə tanış olublar.

Elmi sessiyada AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək görkəmli alimin ömür salnaməsindən, zəngin yaradıcılıq fəaliyyətindən, onun Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü olan Zemfira Səfərova Azərbaycanın musiqi sənətinin öyrənilməsində davamlı və məhsuldar bir yol keçən, bu istiqamətdə böyük elmi nailiyyətlərə imza atan görkəmli musiqişünas alimlərimizdəndir.

Akademik İsa Həbibbəyli Zemfira Səfərovanın Azərbaycan musiqi sənətinin tarixinin günümüzə qədər gələn çoxəsrlik inkişaf yolunun canlı salnaməsinin müəllifi olduğunu qeyd edib. O, alimin ölkəmizin musiqi mədəniyyətinin müxtəlif əsrlərdəki inkişaf prosesləri, əsas simaları və onların xidmətləri haqqında irəli sürdüyü müddəaların musiqişünaslıq elminin yekun qənaətlərini əhatə etdiyini diqqətə çatdırıb.

“Azərbaycanda musiqi sənətinin XX əsri əhatə edən 5 cildliyi məhz akademik Zemfira Səfərovanın rəhbərliyi ilə hazırlanıb ki, bu əsər Azərbaycan musiqi mədəniyyətinin çoxcildlik külliyyatı olmaqla yanaşı, həm də musiqimizin bundan sonrakı dövrününün bələdçisidir”, - deyə akademik İsa Həbibbəyli qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, görkəmli akademikin bu yaxınlarda işıq üzü görmüş Azərbaycan müasir müstəqillik dövrü musiqişünaslığına həsr olunan əsəri sözügedən beşcildliyi tamamlayan altıncı cild funksiyasını da yerinə yetirir.

İsa Həbibbəyli alimin dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə olan münasibətindən də bəhs edib, Üzeyir Hacıbəylinin yaradıcılığının ölkəmizdə ciddi şəkildə öyrənilməsində və dünyada təbliğində Zemfira Səfərovanın böyük rolu olduğunu vurğulayıb. Qeyd edib ki, akademik Zemfira Səfərovanın Qara Qarayev haqqında yazdığı əsər görkəmli bəstəkarımıza həsr olunmuş ən sanballı musiqişünaslıq əsərlərindən biridir.  

Akademik İsa Həbibbəyli vurğulayıb ki, görkəmli musiqişünasın yorulmaz elmi fəaliyyəti dövlətimiz tərəfindən də hər zaman yüksək qiymətləndirilmiş və o, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi fəxri adlarına layiq görülmüşdür.

Vitse-prezident Zemfira Səfərovanın AMEA-nın həqiqi üzvü kimi ciddi elmi irsə malik olan və bu gün də bu irsi davam etdirən görkəmli musiqişünas alimlərimizdən olduğunu deyərək, onun ərsəyə gətirdiyi dəyərli əsərlərin hər zaman ölkə rəhbərliyinin apardığı siyasəti dəstəklədiyini və dövlətçilik ideyalarına həsr olunduğunu diqqətə çatdırıb.

Sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə akademik Zemfira Səfərovanın 85 illik yubiley tədbirinin keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib. O, musiqişünaslıq elmində misilsiz xidmətləri olan, böyük musiqiçi alimin bənzərsiz yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Zemfira Səfərovanın yaradıcılığına xas olan cəhətdir. Yubilyar 50 ildən çoxdur ki, Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərini tədqiq edir.

“Görkəmli alim Zemfira Səfərova uzun illərdir ki, Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvüdür. Onun təqdim etdiyi kitablar və elmi əsərlər qurumun fəaliyyətində mühüm rol oynamışdır. Bu əsərlər musiqişünaslıq elminin tərəqqisinə, gənc nəslin nümayəndələrinin peşəkar musiqişünaslar kimi formalaşmasına mühüm töhfələr vermişdir”, – deyə bildirən Firəngiz Əlizadə Azərbaycan sənətşünaslığının, musiqişünaslığının aparıcı simalarından olan Zemfira Səfərovanın elmi əsərlərinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan musiqi mənbəşünaslığının banisi Zemfira Səfərovanın tədqiqatlarında yüksək peşəkarlıqla yanaşı, həm də səmimilik, böyük azərbaycançılıq təntənəsi var. Vətənpərvər ziyalının təqdim etdiyi kitablar arasında professional musiqimizin banisi olan Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqi və təbliğinə həsr olunmuş nəşrləri bütün dünyada məşhurdur və müxtəlif dillərə tərcümə olunmuşdur. Zemfira Səfərova Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilmişdir.

AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə qeyd edib ki, alimin Azərbaycan musiqisinin bütün dövrlərini əhatə edən tədqiqatları musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük rola malikdir. Onun tədqiqatlarında müasir Azərbaycan musiqisi, müasir bəstəkarlıq məktəbinin ən gənc nümayəndələrinin yaradıcılığının araşdırılması mühüm yer tutur. Belə ki, musiqişünas alimin ən son qələmə aldığı kitabında Azərbaycan musiqində bu günə qədər baş vermiş bütün özəl hadisələr, festivallar və s. ətraflı şəkildə əks etdirilib.

Firəngiz Əlizadə görkəmli alimin şöhrətinin ölkə sərhədlərindən kənara çıxdığını, onun bir sıra ölkələrdə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil etdiyini və müxtəlif beynəlxalq qurumların üzvü olduğunu bildirib. Qeyd edib ki, Polşa, Macarıstan, Türkiyə, İran və s. kimi bir çox ölkələrdə keçirilən konfranslarda hər zaman Z.Səfərovanın yaradıcılığından bəhs edilir və onun elmi əsərlərinə istinad edilir.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə görkəmli musiqişünası 85 illik yubileyi münasibətilə təbrik edib, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Daha sonra Memarlıq və İncəsənət İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə çıxış edərək akademik Zemfira Səfərovanı elm fədaisi və müdrik insan kimi səciyyələndirib. Alimin elmi fəaliyyətinin 4 əsas istiqamətini qeyd edən baş direktor Azərbaycan musiqi elmində Üzeyirşünaslıq məktəbinin yaranması və formalaşmasının akademik Zemfira Səfərovanın adı ilə bağlı olduğunu deyib. Bildirib ki, bunun məntiqli davamı olaraq görkəmli alim bu istiqamətdə tədqiqatlarını davam etdirmiş, öz araşdırmalarını Azərbaycan musiqi elminə həsr etmişdir.

“Son illərdə Zemfira Səfərovanın tədqiqatlarında Şuşa və bütövlükdə Qarabağ musiqi mədəniyyəti mövzusu xüsusi yer tutur”, - deyə bildirən Ərtegin Salamzadə alimin rəhbərliyi ilə hazırlanan 5 cildlik “Azərbaycan musiqi tarixi” adlı fundamental əsərinin əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, qədim tarixə malik olan Azərbaycan mədəniyyətinin əsas qolu hesab edilən musiqimizin tarixi köklərinin araşdırılması və onun gələcək nəsillərə çatdırılması məqsədini daşıyan kitabın ərsəyə gəlməsində akademik Zemfira Səfərova və onun rəh­bər­lik et­di­yi İş­çi qrup yaxından iştirak edib. Əsər uzu­n il­lər aparılan təd­qi­qatlar əsa­sın­da hazırlanıb.

Akademik Zemfira Səfərovanın həm də bacarıqlı elm təşkilatçısı olduğunu qeyd edən Ərtegin Salamzadə onun ictimai və elmi fəaliyyətini, irsini yeni nəsillər üçün yaxşı nümunə kimi qiymətləndirib. Baş direktor 300-dən artıq elmi əsərin müəllifi olan Zemfira Səfərovanın Azərbaycan musiqişünaslıq sahəsində böyük bir elmi məktəb yaratdığını vurğulayıb.

Daha sonra professor Həcər Babayeva “Vətəndaş mövqeli alim Zemfira Səfərova”, professor İradə Köçərli “Zemfira Səfərovanın “Azərbaycanın musiqi elmi” monoqrafiyası və onun musiqişünaslıqda rolu”, professor Zümrüd Dadaşzadə “Zemfira Səfərovanın yaradıcılığında Qarabağ mövzusu” və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə “Akademik Zemfira Səfərovanın elmi yaradıcılığı Azərbaycan musiqişünaslığı kontektsində” mövzusunda məruzələrlə çıxış ediblər. Qeyd edilib ki, daim yaradıcılıq axtarışında olan görkəmli musiqişünas bu gün də ənənəsinə sadiqdir və alimin yaradıcılığı musiqi elmimiz üçün dəyərli bir mənbədir.

Sonda çıxış edən Zemfira Səfərova yaradıcılığına və fəaliyyətinə göstərilən yüksək ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015