AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları maarifləndirici seminara qatılıblar
İyn 13, 2022 | 11:20 / Konfranslar, iclaslar
Oxunub 157 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup gənc alim və mütəxəssisi, həmçinin bəzi doktorant və magistrantları Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Mən və incə sənət” layihəsi çərçivəsində “Bəngü Badədən görünən tarix və ya bir miniatürün izi ilə” mövzusunda maarifləndirici seminarda iştirak ediblər.

Ekspert, sənət bilicisi və müstəqil tədqiqatçı, “Bəngü Badədən görünən tarix” kitabının müəllifi Mirzə Talıbovun iştirakı ilə keçirilmiş ustad dərsi dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin “Bəngü Badə” alleqorik poemasına XVI əsrdə naməlum Azərbaycan rəssamı tərəfindən çəkilmiş rəsm əsərinin, eləcə də ayrı-ayrı miniatürlərin, kitab illüstrasiyalarının təhlili ətrafında məlumatların ötürülməsi əsasında baş tutub. Sözügedən seminarda Azərbaycan miniatür sənətinin təşəkkülü və inkişafı haqqında geniş müzakirələr aparılıb, “Bəngü Badədən görünən tarix” kitabında sözügedən əsərin ana xətti olan Çaldıran döyüşünə tarixi aspektdən nəzər salınıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.

Qeyd edək ki, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə baş tutan “Ustad dərsi”nin auditoriyası Əlyazmalar İnstitutu ilə yanaşı, AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun, A.Bakıxanov adına Tarix İnstitutunun tədqiqatçılarından, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət olub.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015