AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat Muzeyində Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş tədbir keçirilib
İyn 08, 2022 | 11:00 / Konfranslar, iclaslar
Oxunub 73 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində milli istiqlalın görkəmli ideoloqu, ictimai-siyasi xadim, alim Məhəmməd Əmin Rəsulzadəyə həsr olunmuş elmi seminar məşğələsi keçirilib.

Muzeyin doktorantı – Məhəmməd Əmin Rəsulzadə ədəbi-filoloji irsinin tanınmış tədqiqatçısı, jurnalist Nəcibə Bağırzadə məruzə edərək türkçü, azərbaycançı Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan ədəbiyyatını araşdıran əsərlərinə müraciət edib, alimin həm klassik dövr, həm də XX əsr xadimlərimiz haqqında görüşlərini diqqətə çatdırıb. Bu elmi istinad və örnəklər içərisində Rəsulzadənin, xüsusən, Əfzələddin Xaqani Şirvani, Ümmügülsüm, Əmin Abid Gültəkin yaradıcılığına Rəsulzadə münasibəti önə çəkilib. Nəcibə Bağırzadə ədibin “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabından və “Azərbaycan Yurd Bilgisi”, “Azərbaycan” adlı məcmuələrdəki məqalələrindən nümunələrlə çıxış edib.

Bildirib ki, M.Ə.Rəsulzadənin həm siyasi, həm də elmi publisistik irsinin daha dərindən öyrənilməsinə və təbliğinə ehtiyac var. Çünki onun siyasi məqalələrində olduğu kimi,  filoloji araşdırmalarında da çox mühüm tarixi dərslər yer alır.

Seminar məşğələsində muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, professor Xatirə Bəşirli, Komparativistika və bədii tərcümə şöbəsinin elmi işçisi Natavan Mustafayeva, Ekspozisiyanın qorunması, izahı və audio müşayiətin təmini şöbəsinin müdiri  Tomiris Babanlı və digərlərinin sual və çıxışları dinlənilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015