AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əlyazmalar İnstitutunda “Müstəqilliyimiz əbədidir” mövzusunda maarifləndirici tədbir keçirilib
May 31, 2022 | 12:22 / Konfranslar, iclaslar
Oxunub 76 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 28 May – Müstəqillik Günü münasibətilə “Müstəqilliyimiz əbədidir” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı şəhəri 147 saylı texniki-humanitar liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Ələkbərovanın rəhbərliyi altında həmin liseyin 8b sinif şagirdləri iştirak ediblər.

Əvvəlcə şagirdlər Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”nin önünə gül dəstələri qoyub, sonra Əlyazmalar İnstitutunun kitabxanasının Mirzə Ələkbər Sabir adına kitabxana ilə birgə hazırladığı “İstiqlal carçıları” mövzusunda kitab sərgisi ilə tanış olublar.

Daha sonra tədbir Əlyazmalar İnstitutunun Ekspozisiya zalında davam edib. Şagirdlərə 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlament iclaslarının məhz bu zalda keçirildiyi, həmin iclaslarda bir çox milli və dövlət əhəmiyyətli qərarların qəbul edildiyi haqqında ətraflı məlumat verilib.

Tədbir institutun akt zalında Heydər Əliyev Fondunun dəstəyi və “BP Azerbaijan” şirkətinin sponsorluğu ilə 2018-ci ildə ərsəyə gələn, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Son iclas” sənədli-bədii filminin nümayişi ilə başa çatıb.

Qeyd edək ki, bu maarifləndirici tədbir Əlyazmalar İnstitutunun elmlə təhsilin inteqrasiyası istiqamətində həyata keçirdiyi növbəti layihələrdən biridir.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015