AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Ədəbiyyat Muzeyində AXC-nin qurulmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib
İyn 01, 2022 | 11:08 / Konfranslar, iclaslar
Oxunub 78 dəfə

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 104-cü ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə müstəqil Azərbaycanın indiyədək keçdiyi yolu və qazanılan nailiyyətləri özündə əks etdirən fotosərgi nümayiş olunub.

“İstiqlal zalı”nda təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Cümhuriyyət yolunun başlandığı məkanda müzəffər respublikanın sabahına inamla” adlı məruzə ilə çıxış edib. O, bu gözəl bayramın ölkəmizdə və onun hüdudlarından kənarda böyük coşqu ilə qeyd edildiyini diqqətə çatdırıb: “28 May – Müstəqillik Gününün mütəfəkkir şairimiz Nizami Gəncəvinin adına daşıyan muzeydə qeyd etməyimiz əlamətdar hadisədir. Azərbaycanın ilk milli parlamentinin sədr müavini, böyük vətənpərvər insan Həsən bəy Ağayev 1918-ci il mayın 28-də Tiflisdə İstiqlal Bəyannaməsini oxuyaraq müstəqilliyimizi elan etdi. Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətinə Gəncədə başlamalı olmuşdu, çünki Bakı azad deyildi. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu və cəsur Azərbaycan əsgərləri Bakını ermənilər və digər tör-töküntülərdən təmizlədikdən sonra hökumət bura köçdü. O vaxtlar “Metropol” otelinin yerləşdiyi indiki Nizami muzeyi elə həmin sentyabr günlərində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ixtiyarına verildi və onlar 1920-ci ilin aprel ayınadək burada həm yaşayır, həm də işləyirdilər. Muzeyin indi “İstiqlal zalı” adlanan məkanında milli hökumətin ilk iclasları keçirilir, müstəqil dövlətin müqəddəratı ilə bağlı qərarlar qəbul edilirdi. Müstəqilliyimizin 104-cü ildönümünü Cümhuriyyətimizin qurucularının vaxtilə toplaşdıqları bu əziz məkanda bayram etmək son dərəcə qürurvericidir”.

Azərbaycan dövlətinin XX əsrdə qət etdiyi mübarizəli yolun enişli-yoxuşlu mərhələləri, bu yolda fədakarlıqlar göstərmiş unudulmaz şəxsiyyətlərdən bəhs edən muzeyin direktoru bildirib ki, 70 illik həsrətdən sonra 1991-ci ildə müstəqilliyimiz yenidən bərpa edildi. Amma müstəqilliyimiz 1993-cü ilin iyununda yenidən təhlükə ilə üz-üzə qaldı. “Bu çətin və narahat dönəmdə ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə çıxış edərək xalqının köməyinə gəldi. Müstəsna şəxsiyyət və nadir dövlət adamı olan Heydər Əliyevin bu millət və respublika naminə gördüyü işlər əvəzsizdir. Ulu Öndərin çətin tarixi sınaqlarla üzləşərkən müstəqilliyimizi qoruyub saxlamağı bacarması və onu möhkəmləndirərək XX əsrdən XXI yüz ilə çatdıra bilməsi, müasir Azərbaycan dövlətini mükəmməl bir şəkildə bərqərar etməsi bu xidmətlərin ən zirvəsində dayanır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu estafeti uğurla davam etdirərək müstəqilliyimizi daha da möhkəmləndirdi, Azərbaycan dövlətini bir zamanlar Ulu Öndərin arzuladığı kimi dünyaya parlayan bir günəşə çevirməyi bacardı”, - deyə R.Hüseynov bildirib.

Dövlət bayramlarımızın 2020-ci ilin noyabrından etibarən xüsusi ab-havada və təntənə ilə qeyd olunduğunu diqqətə çatdıran akademik bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın döyüş meydanlarında qazandığı misilsiz Qələbə yalnız müasir tariximizin deyil, millətin və yurdun bütün tərcümeyi-halının ən şərəfli səhifəsinə çevrilib.

“İndi Azərbaycan qürur və inamla daha bəxtiyar və zəfərli sabahlara üz tutub”, - deyə Rafael Hüseynov vurğulayıb.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015