AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat Muzeyinin Aran regional filialında Mirzə Ələkbər Sabirin 160 illiyinə həsr olunmuş tədbir keçirilib
İyn 01, 2022 | 11:05 / Konfranslar, iclaslar
Oxunub 90 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı Azərbaycan ədəbiyyatı tarixinə həqiqi xalq şairi kimi daxil olmuş, nəinki Azərbaycan, eyni zamanda Şərqin bir çox ölkələrində ədəbi inkişafa təsir götərmiş, realizmin, demokratik ideyaların qələbə çalmasında böyük rol oynamış Mirzə Ələkbər Sabirin yaradıcılığından danışıb. Bildirib ki, Azərbaycan ədəbi dilinin inkişafında, onun ümumxalq danışıq dili əsasında zənginləşdirilməsində Sabir yaradıcılığı xüsusi əhəmiyyət kəsb edir. Dahi mütəfəkkir çoxəsrlik milli poeziyamızın parlaq ənənələrini layiqincə yaşadıb, həm də ədəbiyyatımızı keyfiyyətcə yeni mərhələyə yüksəldib, onu ictimai məfkurə baxımından zənginləşdirib.

Sonra Kürdəmir rayon Karrar qəsəbə tam orta məktəbinin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “Azərbaycan ədəbiyyatında Sabir zirvəsi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində klassik Azərbaycan ədəbiyyatında Mirzə Ələkbər Sabirin xüsusi yeri olmasından, yaradıcılığının parlaq xüsusiyyətləri ilə heç kəsi xatırlatmayan, seçilən novator şair olmasından, ədəbiyyatımızın ictimai fikir çərçivəsini genişləndirməkdə, onu həyata, xalqın mübarizəsinə, mənəvi ehtiyaclarına yaxınlaşdırmaqda misilsiz xidmətlər göstərməsindən bəhs edib.

Tədbirin bədii hissəsində Karrar-qəsəbə tam orta məktəbin şagirdləri Mirzə Ələkbər Sabirin satirik şeirlərindən nümunələr səsləndirib, hazırladıqları kiçik səhnəcikləri nümayiş etdiriblər.

Daha sonra mütəfəkkirin yaradıcılığını əks etdirən videoçarx, həmçinin “O olmasın, bu olsun!” filmində və “Vəzir barmağı” adlı türk filmində şairin əsərləri oxunan kadrlar nümayiş olunub, onun şeirlərinə bəstələnmiş mahnılar səsləndirilib.

Sonda fərqlənən şagirdlərə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru, akademik Rafael Hüseynovun imzaladığı Fəxri fərmanlar təqdim edilib.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015