AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavada həsr olunan beynəlxalq konfrans keçirilib
May 27, 2022 | 04:13 / Konfranslar, iclaslar
Oxunub 99 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə “Eyni amal uğrunda ortaq taleyi bölüşənlər - Əhməd Baytursunlu, Hüseyn Cavid və Əhməd Cavad” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyinin ev sahibliyi etdiyi konfrans öz işinə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında plenar iclasla başlayıb.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq hər üç sənətkarı birləşdirən ümumi amalın xalq, millət və ümumiyyətlə Turan uğrunda mübarizə olduğunu söyləyib. Qeyd edib ki, görkəmli ədiblərin müxtəlif illərdə ərsəyə gətirdikləri əsərlər türk xalqları arasında dostluq, qardaşlıq münasibətlərinin, ədəbi əlaqələrin inkişafında və möhkəmlənməsində mühüm rol oynayıb.

Daha sonra Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Füzuli Məcidli çıxış edərək hər üç sənətkarın Turan uğrunda mübarizəsindən, türkçülük ideyalarına xidmətindən bəhs edib, Hüseyn Cavidin Ev Muzeyi ilə Beynəlxalq Türk Akademiyasının birgə nəşrə hazırladığı “Hüseyn Cavidin seçilmiş əsərləri” (“Гусейн Джавид. Избранные пьесы”) kitabının ilk dəfə geniş ictimaiyyətə məhz bu konfransda təqdim olunduğunu vurğulayıb.

Plenar iclasda, həmçinin TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı çıxış edərək Azərbaycan Dövlət Himninin müəllifi olan Əhməd Cavadın bütün türk dünyasında məşhur “Çırpınırdı Qara dəniz” şeirinin sətiraltı mənalarını açıqlayıb. Bildirib ki, istər Hüseyn Cavid, istər Əhməd Cavad, istərsə də Əhməd Baytursunlu türk dünyasında tanınan, imzasına hörmət olunan və hər məclisdə şeirləri ucadan oxunan ulu şairlərimizdəndir.

Çıxışlardan sonra Füzuli Məcidli türk dünyasındakı əlaqələrin inkişafındakı xidmətlərinə görə, akademik İsa Həbibbəyliyə Beynəlxalq Türk Akademiyasının “Əlişir Nəvai” qızıl medalını təqdim edib.

Daha sonra konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Filologiya üzrə fəlsəfə doktoru Nərgiz Cabbarlının moderatorluq etdiyi iclasda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli “Azərbaycanda romantizm ədəbi cərəyanının banisi” və Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı “Hüseyn Cavid və türk ədəbiyyatı” mövzusunda məruzə edərək Hüseyn Cavidə türk dünyasının şair və ədiblərinin təsiri məsələsinə və onun türk dünyasında öyrənilməsi tarixinə ümumi nəzər salıblar. Bölmə iclasında, həmçinin Qazaxıstan Avrasiya Milli Universitetinin professoru Amantay Şarip, Qazax Universiteti nəşriyyatının baş redaktoru Kıdırbek Kunıpiyaulı, “Əhməd Cavad yaradıcılığında milli istiqlal” adlı məruzəsi ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Şahbaz Musayev və Bakı Slavyan Universitetinin professoru, filologiya elmləri doktoru Nizami Tağısoy çıxış ediblər.

Daha sonra konfrans iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiya zalları ilə tanış olublar. Onlara H.Cavidin həyat və yaradıcılığı, tədqiqi, öyrənilməsi və təbliği istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib.

Sonda konfrans iştirakçıları muzeyin rəy kitabına ürək sözlərini yazıb, xatirə şəkilləri çəkdiriblər.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015