AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Hüseyn Cavidin Ev Muzeyi “Açıq qapı” günü keçirib
May 18, 2022 | 10:15 / Konfranslar, iclaslar
Oxunub 80 dəfə

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib.

Azərbaycan şairi və dramaturqu, filosof sənətkar Hüseyn Cavidin anadan olmasının 140 illik yubiley tədbirlərinə hazırlıq işləri getdiyi ərəfədə muzey öz ekspozisiyasını yeniləyib. Bu gün muzeyin fondunda mühafizə olunan qiymətli eksponatlardan biri – şairin oğlu istedadlı folklorşünas, bəstəkar və rəssam Ərtoğrol Cavidin qrafika üsulu ilə çəkdiyi, övladın ataya məhəbbətini və böyük Cavidin əzəmətini özündə ehtiva edən Hüseyn Cavid portreti restavrasiyadan sonra ilk dəfə tamaşaçılara təqdim olunub.

Muzey əməkdaşlarının peşə bayramı günündə ziyarətçilərə Hüseyn Cavidin həyatı və zəngin yaradıcılığı, eləcə də cavidlər ailəsinin irsi və muzeyin ekspozisiyasında sərgilənən zəngin eksponatlar, muzeyin son nəşrləri barədə ətraflı məlumat verilib.

Muzeydə 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə müxtəlif maarifləndirici tədbirlər, həmçinin “Heydər Əliyev və muzeylərimiz” mövzusunda elmi sessiya da keçirilib.

Elmi sessiyanı giriş sözü ilə açan Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərildiyini, mədəniyyət xadimlərinin, o cümlədən, muzey işçilərinin fəaliyyətini yüksək dəyərləndirdiyini söyləyib. Bildirib ki, məhz Ümummilli Liderin rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyulub, Azərbaycanın bir sıra incəsənət xadimlərinin ev və xatirə, regionlarda tarix-diyarşünaslıq muzeyləri yaradılıb, fəaliyyətdə olan muzeylərin fondları yeni və nadir materiallarla zənginləşdirilib. Alim qeyd edib ki, bu ənənə hazırda da uğurla davam etdirilir. Son illərdə yeni muzeylərin yaradılması, bir çox muzeylərin əsaslı bərpa olunması və yenidənqurması Heydər Əliyevin mədəniyyət siyasətinin uğurlu davamıdır. Bu gün müzəffər Ali baş komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş bölgələrdə yağı düşmən tərəfindən dağıdılmış, mirası talan edilmiş muzeylərimizin bərpası və yenidənqurulması işi sürətlə həyata keçirilir.

Qeyd edək ki, Hüseyn Cavidin Ev Muzeyi 2005-ci ildən ICOM-un üzvüdür və bu təşkilat vasitəsilə muzey dünya ölkələrində beynəlxalq muzeylərlə əlaqə yaradır, mədəni irsin qorunması istiqamətində dünya muzeyləri ilə bir sırada öz işini uğurla davam etdirir. Muzeylərin cəmiyyətin həyatında oynadığı mühüm rolu göstərmək məqsədilə Hüseyn Cavidin Ev Muzeyində həyata keçirilən bugünkü silsilə tədbirlər də ICOM-un (Beynəlxalq Muzeylər Şurası) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Gününün çərçivəsində baş tutub.

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015