AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Şuşa ili”nə həsr edilən V beynəlxalq “Həmzə Nigari” simpoziumu keçirilib
May 20, 2022 | 09:39 / Konfranslar, iclaslar
Oxunub 78 dəfə

17-19 may 2022-ci il tarixlərində Ağdam rayonunun Quzanlı qəsəbəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Türkiyənin Amasiya Universiteti və Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şuşa ili”nə həsr edilən V beynəlxalq “Həmzə Nigari” simpoziumu keçirilib.

Simpoziumun açılış mərasimində Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov, həmin müəssisənin Albanşünaslıq Mərkəzinin rəhbəri, professor Qafar Cəbiyev, AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsinin baş mütəxəssisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nəzmin Cəfərova, Tarix, Ədəbiyyat, Əlyazmalar, Dilçilik, Şərqşünaslıq, Fəlsəfə və Sosiologiya, Memarlıq və İncəsənət institutlarının, Milli Azərbaycan Tarixi Muzeyinin, Azərbaycan Milli Xalça Muzeyinin, Azərbaycan və Türkiyənin ali təhsil müəssisələrinin, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Amasiya Azərbaycan Türkləri Mədəniyyət və Sənət Həmrəylik Dərnəyinin, İran Aşıqlar birliyinin, Həmzə Nigari nəslinin nümayəndələri, ardıcılları, Ağdam rayonunun ziyalıları və digər şəxslər iştirak ediblər.

İştirakçılar əvvəlcə Ağdam şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirə-abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Simpoziumun bədii hissəsində sənət adamlarının ifası səsləndirilib.

Mayın 19-da simpozium iştirakçıları işğaldan azad olunmuş Ağdam şəhəri və Ağdam rayonunun kəndlərində tarix-mədəniyyət abidələrini, o cümlədən Qarapirimli kəndindəki Qarapirimli xanəgahı və Nigar nənə türbəsini ziyarət ediblər.

 www.science.gov.az 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015