AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Hüseyn Cavidin Ev Muzeyində “Böyük Cavidşünas Qulam Məmmədli” mövzusunda elmi sessiya keçirilib
Apr 29, 2022 | 01:04 / Konfranslar, iclaslar
Oxunub 36 dəfə

AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində görkəmli publisist, teatrşünas və salnaməçi, Əməkdar mədəniyyət işçisi Qulam Məmmədlinin anadan olmasının 125 illiyi münasibətilə “Böyük Cavidşünas Qulam Məmmədli” mövzusunda elmi sessiya keçirilib.

Tədbiri giriş nitqi ilə Hüseyn Cavidin Ev Muzeyinin baş direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı açıb. O, əvvəlcə görkəmli mənbəşünas və mətnşünas Qulam Məmmədlinin Təbrizdən başlanıb Bakıda tamamlanan mürəkkəb həyat və son dərəcə maraqlı fəaliyyət tarixçəsinə nəzər salıb. Bildirib ki, onun çoxşaxəli elmi araşdırmalarının mühüm bir qolunu cavidşünaslıq təşkil edir. Gülbəniz Babaxanlı alimin 1982-ci ildə nəşr etdirdiyi “Cavid – ömrü boyu: həyat və yaradıcılıq salnaməsi” kitabı üzərində xüsusi dayanıb. Qeyd edib ki, illərin zəhməti hesabına meydana çıxan bu əsər dahi Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin həyat və sənət yolunu əks etdirən mühüm sənədlər toplusudur. Bu kitabda mətbuatdan və arxivlərdən toplanmış materiallar əsasında böyük Cavidin elmi bioqrafiyasının bəzi qaranlıq məqamlarına işıq saçıldığını söyləyib və topluda 1882-ci ildən başlayaraq 1941-ci ilədək materialların toplandığını nəzərə çatdırıb. Qulam Məmmədlinin 1903-1937-ci illərdə Tiflis, Bakı, İstanbul, Aşqabad, Səmərqənd, Mahaçqala kimi şəhərlərdə Azərbaycan, rus, türk, gürcü, özbək, türkmən və başqa dillərdə çıxan 100-ə yaxın mətbuat orqanından, böyük ədibin yazışmalarından istifadə edərək cavidşünaslığın həmin zaman kəsiyi üçün dolğun və hərtərəfli mənzərəsini təqdim etməyə nail olub.

Çıxışının sonunda muzeyin nəşrlərinə xüsusi diqqəti çəkən G.Babaxanlı Qulam Məmmədlinin “Cavid salnaməsinin” son illərdə muzey tərəfindən nəşr olunan 30 cildlik “Cavidşünaslıq” elmi araşdırmalar toplusunun bir xəbərçisi olduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə elmi sessiyanın iştirakçılarının məruzələri dinlənilib və mövzu ilə bağlı müzakirələr aparılıb. 

 www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015