AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Beynəlxalq “Silkway” ədəbiyyat festivalı başa çatıb
May 03, 2022 | 12:55 / Konfranslar, iclaslar
Oxunub 50 dəfə

Ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönələn, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdən beynəlxalq “Silkway” ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun final mərhələsi keçirilib.

Aprel ayının 30-dan may ayının 2-dək Qubada baş tutan finalda 30 nəfər öz əsərlərini səsləndirməklə münsiflərdən 10 ballıq sistemlə qiymət alıblar.

Bundan əlavə, Xalq yazıçısı Anar gənc yazarlara ustad dərsi keçib, Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov “Müasir Azərbaycan ədəbiyyatının inkişaf tendensiyaları”, Xalq artisti Siyavuş Kərimi isə “Dünya ədəbiyyatının mədəniyyətdə rolu” mövzusunda məruzələr ediblər.

Festivalın münsifləri Nizami Cəfərov başda olmaqla Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrinin müavini Rəşad Məcid, AYB katibləri Elçin Hüseynbəyli, Xəyal Rza, AYB-nin Güney Azərbaycan şöbəsinin rəhbəri Sayman Aruz, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, tənqidçi Nərgiz Cabbarlı, “Söz” layihəsinin rəhbəri Nigar Həsənzadə, şairlər Ramiz Qusarçaylı və Əkbər Qoşalı, yazıçı Varis olublar.

Yekunda bütün iştirakçılar “Festivalın finalçısı” fəxri diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və sertifikatlarla mükafatlandırılıblar. Qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşib. 1-ci yeri Ruslan Dost-Əli, 2-ci yeri Ulucay Akif və 3-cü yeri Cavid Qasımov tutublar. İştirakçıların səsverməsi nəticəsində isə El Roman fərqlənib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015