AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Humanitar Elmlər Bölməsi 2021-ci ildəki fəaliyyətinə dair hesabat verib
Apr 28, 2022 | 11:44 / Konfranslar, iclaslar
Oxunub 87 dəfə

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında Humanitar Elmlər Bölməsinin (HEB) 2021-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat dinlənilib.

Hesabatı təqdim edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli bildirib ki, ötən il bölmədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında” 5 yanvar 2021-ci il tarixli Sərəncamı, “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 18 fevral 2021-ci il tarixli Sərəncamı, “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun icrası, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”, həmçinin AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli iclasında təsdiqlənmiş “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı”ndan irəli gələrək müvafiq tapşırıqlar yerinə yetirilib.

Vurğulayıb ki, hesabat dövründə bölmədə 8 istiqamətin 38 problemi üzrə 95 (9-u tamamlanıb) mövzu, 531 iş (330-u tamamlanıb), 308 mərhələ (301-i tamamlanıb) üzərində tədqiqat işləri yerinə yetirilib, HEB-in elmi müəssisə və təşkilatlarından 14, kənar təşkilatlardan isə 15 mühüm nəticə əldə olunub.

Akademik İsa Həbibbəyli bölmədə aparılan tədqiqatların “Azərbaycan ədəbiyyatının qaynaqları, təşəkkülü və inkişaf qanunauyğunluqları”, “Dünya ədəbiyyatının inkişaf qanunauyğunluqları”, “Dilçiliyin və Azərbaycan dilinin inkişaf perspektivləri”, “Azərbaycan ədəbi və elmi-ictimai fikrinin bizə gəlib çatmış maddi nümunələrinin (türkdilli, farsdilli, ərəbdilli əlyazmaların, daşbasma kitabların, tarixi-arxeoqrafik sənədlərin, şəxsi arxivlərin) toplanması, sistemə salınması, kataloqlaşdırılması, qorunması, tədqiqi, nəşrə hazırlanması və təbliği”, “Azərbaycan mədəniyyətinin (musiqi, memarlıq, rəssamlıq, heykəltəraşlıq, teatr, kino, dekorativ və tətbiqi sənət) tarixi və onun çağdaş dünya bədii mədəniyyətində yeri” istiqamətləri üzrə olduğunu bildirib. Həmçinin bölmədə “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri”, “Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi”, “Hüseyn Cavid və ümumiyyətlə Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği”nə dair tədqiqatların aparıldığını diqqətə çatdırıb.

Akademik qeyd edib ki, dünya ədəbiyyatı xəzinəsində layiqli yer tutan dahi Nizami Gəncəvinin yaradıcılığının müstəqil dövlətçilik və azərbaycançılıq idealları əsasında yenidən tədqiqi və təbliği məqsədilə Humanitar Elmlər Bölməsinin müəssisələri ilə birgə fəaliyyət proqramı hazırlanıb və bu istiqamətdə bir sıra təqdirəlayiq işlər həyata keçirilib. Bildirib ki, ədibin həyat və yaradıcılığı, milli mənsubiyyətinə dair yerli və beynəlxalq konfranslar, seminarlar, sərgilər, müsabiqələr təşkil olunub, ölkəmizdə və xaricdə bir neçə dildə kitablar, monoqrafiyalar, məqalələr işıq üzü görüb.

Alim diqqətə çatdırıb ki, ölkə başçısı tərəfindən imzalanmış 31 may 2021-ci il tarixli “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar dövlət orqanlarının müraciətinə əsasən Şuşa şəhərinin mühazifə zonasının müəyyənləşdirilməsi, bu ərazidə yerləşən abidələrin qorunması, monitorinqinin keçirilməsi, üzərində reklam qurğularının yerləşdirilməsinin qadağan edilməsinə dair abidələrin siyahısının tərtib edilməsi ilə bağlı Memarlıq və İncəsənət İnstitutunun mütəxəssisləri tərəfindən müvafiq dövlət orqanlarına rəy və təkliflər təqdim edilib.

Bundan əlavə, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” ölkə başçısının 5 yanvar 2022-ci il tarixli Sərəncamından irəli gələrək Humanitar Elmlər Bölməsinin fəaliyyət proqramının hazırlandığını deyib. Vurğulayıb ki, bu çərçivədə “Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı” (kollektiv), “Xurşidbanu Natəvan. Həyatı və yaradıcılığı” monoqrafiyalarının, “Böyük qayıdışın şah əsəri - Şuşa” məqalələr toplusunun, “Şuşa - Elam və Troya dövründə”, “Qarabağ toponimləri” kitablarının çapı, beynəlxalq konfransların təşkili, Şuşanın ədəbi-sənətkar mühiti və görkəmli şəxsiyyətlərinə, sənətkarlarına həsr olunmuş təqdiqat işlərinə diqqətin artırılması nəzərdə tutulur.

AMEA-nın Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı”ndan irəli gələrən görülmüş işlərə toxunan məruzəçi bölgənin ədəbiyyat, mədəniyyət, folklor və mədəni irsinin öyrənilməsi ilə bağlı Humanitar Elmlər Bölməsinin elmi müəssisələri tərəfindən 32 kitab, 1 təqvimin çap edildiyini, 20 elmi və elmi-praktik tədbirin keçirildiyini söyləyib.

Alim, həmçinin Aşıq Ələsgərin 200 illik yubileyi, bölmənin beynəlxalq əlaqələri, elmlə təhsilin inteqrasiyası, elektron elmin vəziyyəti, təltiflər və mükafatlar haqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bölmənin nəşriyyat fəaliyyətinə toxunan natiq 2021-ci ildə HEB-in elmi tədqiqat müəssisələrinin əməkdaşları tərəfindən 131  kitab (8-i xaricdə), 76 monoqrafiya (7-si xaricdə), 2253 məqalə (344-ü xaricdə), 185 tezis (86-sı xaricdə), 20 dərslik və elmi-kütləvi nəşrin çap olunduğunu, “Web of Science” və “Scopus” jurnallarında əməkdaşların 20 məqaləsinin yer aldığını vurğulayıb.

Akademik çıxışının sonunda bildirib ki, Humanitar Elmlər Bölməsinin elmi müəssisələrində aparılan elmi araşdırmaların, həyata keçirilən elmi-təşkilati tədbirlərin ideoloji-strateji oriyentləri dünya təcrübəsi nəzərə alınmaqla azərbaycançılıq məfkurəsinin müstəqil dövlətçilik prinsipləri əsasında müəyyənləşdirilib.

Məruzə dinlənildikdən sonra hesabat ətrafında çıxışlar olub, AMEA-nın Ümumi yığıncağının qərarı ilə bölmənin elmi müəssisə və təşkilatlarına müvafiq tapşırıqlar verilib.

www.science.gov.az

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015