AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Humanitar Elmlər Bölməsinin Elmi şurasının iclası keçirilib
Apr 19, 2022 | 06:00 / Konfranslar, iclaslar
Oxunub 203 dəfə

AMEA-nın Humanitar Elmlər Bölməsinin (HEB) Elmi şurasının iclası keçirilib.

Tədbiri AMEA-nın vitse-prezidenti, Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədri, akademik İsa Həbibbəyli açaraq gündəlikdə qoyulan məsələlərlə iclas iştirakçılarını tanış edib. Xalqımızın mədəniyyətinə, ədəbiyyatına dövlət səviyyəsində göstərilən diqqət və qayğını vurğulayan alim ölkə başçısının Fərman və sərəncamlarının icrası və qarşıda duran vəzifələr barədə məlumat verib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 14 mart 2022-ci il tarixli Sərəncamının icrası ilə bağlı HEB-in elmi-tədqiqat müəssisələrinin təklifləri nəzərə alınmaqla hazırlanmış Tədbirlər planını iclas iştirakçılarının diqqətinə çatdırıb.  Aprelin 14-də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Şuşa şəhərində Xurşidbanu Natəvanın 190 illik yubileyi ilə bağlı elmi konfransın keçirildiyini və 14 iyunda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Xan qızı Natəvan və Azərbaycan qadınının ədəbi-mədəni mübarizələri” mövzusunda beynəlxalq konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinin görüldüyünü bildirib. Həmçinin Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutan və Qarabağ ədəbi mühitinin inkişafına güclü təcir göstərən Xurşidbanu Natəvanın 190 illiyinin layiqincə qeyd edilməsi məqsədilə “Xurşidbanu Natəvanın poeziya dili” (Nəsimi adına Dilçilik İnstitutu), “Xurşidbanu Natəvan şeirlərinə yazılan nəzirələr” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), “Qarabağın qadın şairləri” (Folklor İnstitutu) və b. tədbirlərin keçirilməsi, “Sənətkarın elmi pasportu” seriyasından “Xurşidbanu Natəvan. Həyatı və yaradıcılığı” (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu) monoqrafiyasının nəşrə hazırlanmasına dair HEB-in müəssisələrinə tapşırıqlar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 15 mart 2022-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayan akademik İsa Həbibbəyli bununla bağlı elmi sessiyanın keçirilməsinə dair Memarlıq və İncəsənət İnstitutuna tövsiyələrini bildirib. İclasda görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, AMEA-nın müxbir üzvü Fikrət Əmirovun elmi və ictimai fəaliyyətinin diqqətə çatdırılması məqsədilə Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq elmləri doktoru, professor İradə Köçərlinin “Şərq simfonizminin banisi – bəstəkar Fikrət Əmirov” mövzusunda geniş məruzəsi dinlənilib.

Bundan əlavə, iclasda Azərbaycan ədəbiyyatının və incəsənətinin inkişafında xüsusi xidmətləri olan görkəmli şəxslərin qarşıdan gələn yubileyləri ilə bağlı məsələlər də müzakirə olunub. Akademik İsa Həbibbəyli 28 iyun 2022-ci ildə Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist və pedaqoq Həsən bəy Zərdabinin anadan olmasının 180 illiyi ilə bağlı “Həsən bəy Zərdabi və Azərbaycan yazıçıları” (Nizami Gən­cəvi adına Ədəbiyyat İnstitutu), “Zəka əkinçisi” (Nizami Gəncəvi adına Milli Azər­bay­can Ədəbiyyatı Muzeyi) mövzusunda tədbirlərin keçirilməsi, “Həsən bəy Zərdabi və milli mətbuatımız” (məqalələr, esselər və müsahibələr) kitabının nəşrə hazırlanması (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu) haqqında təklifləri məqsədəuyğun hesab etdiyini bildirib.

Akademik İsa Həbibbəyli daha sonra 22 iyun 2022-ci ildə Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tanınmış ictimai xadim, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün anadan olmasının 125 illiyinin tamam olacağını vurğulayıb.  Bununla əlaqədar “Ərtoğrol Cavidin sevimli müəllimi” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Hüseyn Cavidin Ev Muzeyi) mövzusunda elmi sessiyanın keçirilməsi, akademik Rafael Hüseynovun ideya müəllifi olduğu Azərbaycan Televiziyası və Radiosu QSC-nin “Axşam görüşləri” verilişinin 2 sayının, Televiziyanın “Mədəniyyət” kanalında “Vətənim” verilişinin bir sayının Bülbülün 125 illiyinə həsr olunması barədə təkliflər iclas iştirakçıları tərəfindən məqbul hesab edilib.

İclasda, həmçinin böyük Azərbaycan şairi, bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin anadan olmasının 160 illiyi ilə bağlı görüləcək işlər də müzakirə edilib. 30 may 2022-ci ildə dahi ədibin anadan olmasının 160 illiyinin tamam olacağını diqqətə çatdıran akademik İsa Həbibbəyli Şamaxı və Sabirabad şəhərlərində tədbirlərin keçirilməsi (Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu), “Sabir poeziyasında Azərbaycan dilinin leksikası” (Nəsimi adına Dilçilik İnstitutu), “Sabir və xalq gülüşü” (Folklor İnstitutu), “Mirzə Ələkbər Sabirin ədəbi məktəbi və Mirzə Möcüz Şəbüstəri yaradıcılığı” (Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu), “Söz dəryasında Sabir dağı” (Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi) adlı konfarans, elmi sessiya və seminarların təşkili barədə təklifləri yüksək qiymətləndirib. Akademik qeyd edib ki, nəzərdə tutulan tədbirlər Mirzə Ələkbər Sabirin həyatı və yaradıcılığının ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılan əhəmiyyətli addımlardır.

Elmi şuranın iclasında görkəmli alim, akademik Zemfira Səfərovanın 85 illiyinin və tanınmış bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadənin 75 illik yubileyinin keçirilməsi haqqında AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alınıb.

İclasda filologiya üzrə fəlsəfə doktoru, dosent Aysel Qəriblinin Nəsimi adına Dilçilik İnstitutunda yeni yaradılmış Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi, Folklor İnstitutunun Elmi şurasının tərkibində dəyişiklik edilməsi məsələlərinə də baxılıb.

Sonda HEB-in elmi müəssisələrinin rəhbərləri və iclas iştirakçılarının rəy və təklifləri dinlənilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015