AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Ədəbiyyat Muzeyində İrəvan maarifçiliyi və ədəbi mühitinin yetirdiyi görkəmli ziyalılar haqqında seminar məşğələ keçirilib
Apr 11, 2022 | 09:39 / Konfranslar, iclaslar
Oxunub 131 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində növbəti elmi seminar məşğələsi keçirilib.

Tədbirdə muzeyin Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Gülnar Əqiq XIX-XX əsrlər İrəvan maarifçiliyi və ədəbi mühitinin yetirdiyi görkəmli ziyalılar haqqında məruzə ilə çıxış edib.

İrəvan xanlığı və İrəvan quberniyasının mühüm tarixi şəxsiyyətləri, coğrafiya və toponimikası, milli etnik tərkibi haqqında geniş məlumat verən Gülnar Əqiq İrəvan xanlığını Azərbaycanın memarlıq, rəssamlıq, ədəbiyyat mərkəzi kimi də tanıdıb. Bildirib ki, vaxtilə rəssam Mirzə Qədim İrəvaninin (1789-1851) yaratdığı nəfis tablolar bu gün yalnız Azərbaycanda deyil, Tiflis, Sankt-Peterburq muzeylərində də sərgilənir.

Məruzəçi qeyd edib ki, Azərbaycanın və bütövlükdə Qafqazın XIX-XX əsrlər mədəni tərəqqisində xüsusi yeri olan İrəvan Müəllimlər Seminariyası fəaliyyət göstərdiyi otuz yeddi il ərzində İbrahim Safi, Haşım bəy Vəzirov, Hüseynəli bəy Rüstəmbəyov, Fərəməz Mahmudbəyov kimi tanınmış elm, mədəniyyət və dövlət xadimləri yetirmiş təhsil ocağı idi. Azərbaycanın ictimai-ədəbi fikir tarixində silinməz izlər qoyan bu ziyalıların böyük hissəsi sonralar totalitar sovet rejiminin, xüsusən də erməni düşmənçiliyinin hədəfinə çevrilərək repressiyanın ölüm hökmlərinə qurban gediblər.

Gülnar Əqiq bildirib ki, müasir zamanda “İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam milli maarifçiliyimizin təməl sütunlarından olmuş bu elm ocağının, onun tərəqqipərvər yetirmələrinin əbədiyaşarlılığına sübutdur.

Seminar məşğələsi muzeyin Mədəni irs və mənbəşünaslıq şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Xatirə Bəşirli, Ədəbi mərasimlər və nəşrlər şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Afət Qədirova və İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlunun  sual və çıxışları ilə davam edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015