AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
21 fevral Beynəlxalq Ana Dili Günüdür
Fev 21, 2022 | 10:27 / Konfranslar, iclaslar
Oxunub 171 dəfə

Ana dili ananın özü kimi ən gözəl tərbiyəçidir.

Dil elə bir ictimai varlıqdır ki, orada xalqın mədəniyyəti, ədəbiyyatı, məişəti, dünyagörüşü, bir sözlə, bütün göstəriciləri öz əksini tapır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan, onu inkişaf etdirən ən güclü vasitədir. Bu gün Azərbaycan dövləti dilimizin cəmiyyətdə rolunun daha da möhkəmlənməsini təmin edir.

Müasir dövrdə dil yalnız ədəbi və elmi əsərlərdə məhdudlaşmayıb, ictimai həyatın hər bir sahəsində geniş işlənir.

Hazırda dilimizin şifahi və yazılı qolunun istifadə dairəsi, fəaliyyət meydanı son dərəcədə genişlənmişdir. Azərbaycan xalqının ictimai-siyasi , mədəni həyatında baş verən dəyişikliklər, çoxlu sayda radio və televiziya kanallarının yaranması, internet imkanlarının genişlənməsi  dilin imkanlarını artırmışdır.

Kütləvi informasiya vasitələri  bu gün cəmiyyətin həyatında mühüm rol oynayır.

Mətbuat həm ədəbi dili cilalayır, həm də oxocu kütləsinə çatdırıb təbliğ edir.

Azərbaycan ədəbi dilinin normaları televiziya verilişlərində üzə çıxır.

Dil, sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda, ədəbiyyatdır, tarixdir, millətin taleyidir. Dili öyrətməyin özü sevgi üzərində qurulmalıdır. Hər bir şəxs dünya mədəniyyətinə bələdçiliyini dil vasitəsilə əldə edir. Dil insanları bir-birinə bağlayır.

Televiziya təkcə informasiya sistemində deyil, dil mədəniyyətində xüsusi yer tutur. Televiziya verilişlərinin dili canlı dildir. Tamaşaçı üçün bilavasitə fəaliyyətdə olan dildir.

Televiziya verilişlərində normaların gözlənilməsi təkcə orfoepiyaya aid deyildir. Televiziyada leksik və sintaktik normanın da gözlənilməsi vacib məqamdır. Sözün düzgün seçilməsi, cümlə konstruksiyaları daim diqqətdə olmalıdır.

Məsələn, şou proqarmalarda diqqəti çəkən məqamlardan biri də ritorik sual cümlələrin istifadə olunmasıdır. Nəzərə almaq lazımdır ki, sual verilişin üslubuna və məqsədinə uyğun seçilməlidir.

Televiziyada terminlərdən istifadə də bu gün aktualdır. Sağlamlıq, təhsilə aid verilişlərdə, analitik proqramlarda müəyyən qədər terminlər işlənir.  Publisistik üslub yalnız informasiya vermir, o həm də səfərbəredici, təşkiledici və faəllaşdırıcı xarakter daşıyır.

 

Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır.

Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə qayğı Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz əksini tapıb. Cənab Prezident İlham Əliyevin 9 aprel 2013-cü il tarixili sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbələrinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin hərtərəfli inkişafı və tətbiqi baxımından böyük əhəmiyyət daşıyır.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015