AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Akademik Muxtar Kazımoğlu-İmanov AMEA İqtisadiyyat İnstitutunun Elmi seminarında məruzə edib
Fev 15, 2022 | 10:39 / Konfranslar, iclaslar
Oxunub 229 dəfə

14 fevral 2022-ci il tarixində AMEA Folklor İnstitutunun Baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov AMEA İqtisadiyyat İnstitutunun Elmi seminarının qonağı olub. AMEA İqtisadiyyat İnstitutunun baş direktoru, i.e.d., professor Nazim Müzəffərlinin sədrliyi ilə keçirilən tədbirə Folklor İnstitutunun, ali təhsil müəssisələrinin əməkdaşları da qatılıblar. Zoom platforması üzərindən onlayn keçirilən görüşdə akademik Muxtar Kazımoğlu-İmanov “Azərbaycan folkloru və dövlətçilik düşüncəsi” adlı məruzə ilə çıxış edib. Rəhbərlik etdiyi İnstitutda aparılan tədqiqatlar barədə məlumat verən baş direktor tarixən böyük inkişaf yolu keçmiş zəngin folklorumuzdan, milli təfəkkürün formalaşmasında folklorun rolundan, qədim dövlətçilik tariximizin və milli ənənələrimizin müxtəlif formalarda dastanlarda, nağıllarda, rəngarəng obrazlarda öz əksini tapmasından, folklor nümunələrində torpağa, vətənə, ailəyə, qadına, anaya, ataya, uşağa, təbiətə sevgidən, Azərbaycanın regionlarında folklor nümunələrinin toplanması sahəsində görülən işlərdən danışıb.

Akademik qeyd edib ki, qəhrəmanlıq eposu dünyada xalqların azadlıq mübarizəsinin qabarıq əks olunduğu bir janr kimi qəbul olunur. Azərbaycan xalqının yaratdığı eposlar, xüsusən də “Dədə Qorqud” və “Koroğlu” bu qəbildən olan nümunələrdir.
Akademik M.Kazımoğlu-İmanov çıxışı zamanı bildirib ki, dövlətçiliyin arxaik köklərini araşdırarkən folklorşünasın üz tutub istinad etdiyi qaynaqlar filosof, tarixçi, sosioloq və politoloqun əsaslandığı mənbələrdən fərqlənir. Dövlət və dövlətçilik anlayışı üç əsas amil üzərində bərqərar olur: sosial qurum, coğrafi məkan və hakimiyyət. Folklorun müxtəlif janrlarında, ən çox da qəhrəmanlıq eposunda dövlət və dövlətçilik anlayışları və qeyd etdiyimiz bu üç amil folklorun öz qanunauyğunluqları əsasında əksini tapır. Bu qanunauyğunluq və özünəməxsusluq, ilk növbədə, ideallaşdırmadan, dövlətçilik anlayışına daxil olan amillərin müəyyən qədər ilahi mənşəyə bağlanmasından ibarət olur.

Akademik M. Kazımoğlu-İmanov daha sonra “Dədə Qorqud” boylarında toplumun ən çox nəzər-diqqətə çarpan qurumu kimi ailəyə diqqət çəkib. O bildirib ki, bir-birinə sədaqət, birinin o biri yolunda fədakarlığı üzərində qurulan ailədaxili münasibətlər birbaşa və ya dolayı şəkildə dövlətçiliklə, dövlətə xidmət meyarı ilə bağlıdır. Dövlətçiliyin mühüm şərtlərindən biri olan hakimiyyət məsələsinə aydınlıq gətirən akademik qeyd edib ki, xanlar xanı Bayındır xana sədaqət Oğuz elində davranış normasının başlıca şərtlərindən biridir. Bu şərtə görə hakimiyyətdə təmsil olunanların hər biri ədalət prinsipini qorumalı, ad-san və şan-şöhrəti həm qılınc çalmağı, həm də süfrə açıb imkansız adamlara yardım göstərməyi ilə qazanmalıdır.

Eposda Oğuz eli həm dövlət, həm toplum, həm də vətən mənasındadır. “Budun” adlı toplumdan fərqli olaraq “el (il)” adlı toplum siyasi müstəqilliyi olan bir toplumdur. Oğuz eli adlı bu toplumu, vətəni və dövləti qoruyan ordu isə muzdlulardan yox, könüllülərdən ibarət olan bir ordudur. Əli silah tutan hər kəs qadınlı-kişili bu ordunun döyüşən əsgəridir.
Akademikin məruzəsindən sonra mövzu ətrafında geniş müzakirə aparılıb, suallar cavablandırılıb. Müasir qloballaşan dünyada tarixən formalaşmış zəngin milli xüsusiyyətlərimizi, özünəməxsusluğumuzu qorumaqla dünyaya inteqrasiyanın vacibliyi, dövlətçiliyimizin möhkəmləndirilməsində onun rolu və əhəmiyyəti vurğulanıb. Sonda Elmi seminar iştirakçıları akademik M.Kazımoğlu-İmanova maraqlı məruzə üçün təşəkkürlərini bildiriblər.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015