AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İordaniyada Nizami Gəncəvi haqqında ərəb alimlərinin məqalələrindən ibarət kitabın təqdimatı keçirilib
Dek 29, 2021 | 10:54 / Yeni nəşrlər
Oxunub 60 dəfə

 

İordaniya Haşimilər Krallığında Azərbaycan Respublikasının səfirliyinin təşəbbüsü ilə ərəb ölkələri alimlərinin Nizami Gəncəvi haqqında məqalələrindən ibarət kitab Ammanda işıq üzü görüb.

“Azərbaycan şairi Nizami Gəncəvi ərəb alimlərinin gözü ilə” adlanan kitabda İordaniya, Misir, Suriya, Livan, İraq, Əlcəzair, Mərakeşdən olan alimlərin məqalələri toplanıb. Azərbaycan alimləri akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidovun məqalələri də məcmuəyə daxil edilib.

Dekabrın 26-da İordaniya Universitetində sözügedən kitabın təqdimatı keçirilib. Hibrid formada keçən təqdimatda kitabın tərtibçisi və “Ön söz”ün müəllifi, professor Əbdulkərim Cəradat Nizami Gəncəvi irsinin əhəmiyyətindən, onun öyrənilməsi zərurətindən danışıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda dövlət səviyyəsində Nizami Gəncəvi irsinə göstərilən qayğıdan, şairin əsərlərinin ideya məzmunundan, onların azərbaycançılıq mahiyyətindən bəhs edərək, bu təşəbbüsə görə Azərbaycan Respublikasının İordaniyadakı səfiri Eldar Səlimova, səfirliyin əməkdaşlarına, kitabın hazırlanmasında əməyi olan insanlara təşəkkür edib.

Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev və səfir Eldar Səlimov isə Nizami dühasının böyüklüyündən danışıblar.

Sessiyada çıxış edən professor İmamverdi Həmidov böyük Azərbaycan şairi Nizami Gəncəvinin ərəb ölkələrində öyrənilməsi tarixinə nəzər salaraq təqdim edilən kitabı bu sahədə növbəti uğurlu addım hesab edib. O, Nizami haqqında məqalələr hazırlamış ərəb alimləri professorlar Şirin Həseneyn, Samir əl-Əhməd, Əhməd Musa və bütün müəlliflərə minnətdarlıq edib, professor Əbdulkərim Cəradatın əməyini yüksək qiymətləndirib.

Təqdimatda çıxış edən ərəb alimləri professorlar Şirin Həseneyn, Əhməd Musa, Dr. Əhməd əş-Sərkavi, Dr. Mustafa əl-Bəkur, prof. Samir əl-Əhməd Nizamini yetişdirən mühitin xüsusiyyətləri, Azərbaycan yurdunun ədəbi-mədəni məziyyətləri, Nizaminin Azərbaycan mənsubiyyəti, şairin əsərlərinin bədii sənətkarlıq dərinliyi və onun irsinin öyrənilməsinin əhəmiyyəti, insanların mənəvi-əxlaqi tərbiyəsində şairin didaktik sözləri və humanist fikirlərinin rolu kimi məsələlərdən bəhs ediblər.

Qeyd edək ki, kitabın elmi redaksiya heyətində akademik İsa Həbibbəyli və professor İmamverdi Həmidov da təmsil olunublar. Kitabın redaktə prosesində Ədəbiyyat İnstitutunun Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşı Elnarə Zeynalova fəal iştirak edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015