
Dek 22, 2021 | 11:03 / Konfranslar, iclaslar
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Nizami Gəncəvi İli” çərçivəsində Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş AMEA Rəyasət Heyətinin Xüsusi iclasında çıxış edib.
Akademik Ramiz Mehdiyev dahi şair, qüdrətli sənətkar, bəşəri təfəkkürə malik böyük mütəfəkkir Nizami Gəncəvinin “Xəmsə”sinin şairin öz sağlığından etibarən türk-müsəlman dünyasında oxunub öyrənildiyini və ona böyük şöhrət qazandırdığını bildirib. O, şairin əsərlərinin tədqiqi və nəşri sahəsində Nizami Gəncəvinin 1941-ci ildə keçirilmiş 800 illik yubileyinin tarixi əhəmiyyəti olduğunu vurğulayıb.
AMEA prezidenti görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin 1979-cu ildə “Böyük Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərinin tədqiqi, nəşri və tərcümə edilməsini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qəbul etdiyi qərardan sonra ölkəmizdə dahi sənətkarın həyatı və yaradıcılığının öyrənilməsi istiqamətində yeni bir tarixi epoxanın başlandığını, genişmiqyaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Akademik qeyd edib ki, həmin dövrdə Nizami Gəncəvi haqqında yazılmış elmi əsərlərdən, çap olunmuş kitablardan başqa, həm də şairin adının əbədiləşdirilməsi sahəsində mühüm işlər görülmüşdür.
Akademik R.Mehdiyev 1981-ci ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin qeyd edilməsini dövrün mühüm hadisələrindən biri kimi qiymətləndirərək, ümummilli lider Heydər Əliyevin bu yubileyin keçirilməsi üçün Siyasi Büro səviyyəsində gərgin iş apardığını bildirib.
“Nizami Gəncəvi İli”ndə ölkəmizin digər təşkilatları kimi, Azərbaycan Milli Elmlər Akademiyasında da genişmiqyaslı tədbirlərin həyata keçirildiyini deyən AMEA rəhbəri 2021-ci il ərzində Rəyasət Heyətinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, Azərbaycan miqyasında və xarici ölkələrdə əhəmiyyətli işlərin aparıldığını vurğulayıb. Akademik əlavə edib ki, bu məqsədlə AMEA-nın elmi-tədqiqat müəssisələrində çoxsaylı beynəlxalq və respublika miqyaslı konfranslar keçirilmiş və bu konfranslarda Azərbaycan alimləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrinin mütəxəssisləri də məruzələrlə çıxış etmişlər.
R.Mehdiyev 2021-ci il ərzində Akademiya əməkdaşlarının iştirakı ilə 45 monoqrafiyanın çap edilməsini mühüm elmi nəticə kimi dəyərləndirib. Qeyd edib ki, Gəncə Bölməsində yüksək səviyyədə təşkil olunmuş “Yaşayan Nizami Gəncəvi” konfransı ilə AMEA “Nizami Gəncəvi İli”nə həsr olunmuş zirvə tədbirini keçirmişdir.
AMEA prezidenti bugünkü tədbir ilə “Nizami Gəncəvi İli”nə dair Akademiyada həyata keçirilmiş tədbirlərə yekun vurulduğunu vurğulayaraq görülmüş genişmiqyaslı işlərə nəzər salıb, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin “Nizami Gəncəvi İli”ndəki səmərəli fəaliyyətini yüksək qiymətləndirib. Əlavə edib ki, Akademiyada “Nizami Gəncəvi İli” çox uğurlu olmuş, nizamişünaslığımız yeni əsərlərlə zənginləşmişdir.
Çıxışının sonunda akademik R.Mehdiyev il ərzində böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığının Akademiyada tədqiq olunması və təbliğ edilməsi istiqamətində aparılmış genişmiqyaslı işlər, çap olunmuş çoxsaylı kitablar və əldə olunmuş mühüm nəticələrin “Nizami Gəncəvi İli”nin yekunlarına həsr edilmiş Rəyasət Heyətinin Xüsusi iclasını keçirməyə tam əsas verdiyini bildirib.