AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” adlı monoqrafiyanın təqdimatı keçirilib
Dek 22, 2021 | 10:56 / Konfranslar, iclaslar
Oxunub 180 dəfə

AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin əməkdaşı, f.ü.f.d. Şəbnəm Məmmədovanın “Azərbaycan-qaraqalpaq folklor və epik əlaqələri” monoqrafiyası çapdan çıxıb.

Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində sözügedən kitabın təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan şöbə müdiri, filologiya elmləri doktoru Leyla Məmmədova vəsaitin əhəmiyyətindən bəhs edərək bildirib ki, əsərdə qaraqalpaqların təşəkkül tarixi, dili, folkloru və epik nümunələri müqayisəli şəkildə nəzərdən keçirilib.

Daha sonra kitabın müəllifi f.ü.f.d. Şəbnəm Məmmədova əsərində qaraqalpaq folklor və epik nümunələrinin əksər hallarda Azərbaycan folklor və epik nümunələri ilə qarşılıqlı əlaqələr müstəvisində təhlil edildiyini diqqətə çatdırıb. Müəllif daha sonra bildirib ki, monoqrafiya Azərbaycan-qaraqalpaq xalqlarının etnogenik çevrəsi ilə bağlı aydın və dolğun mənzərə yaradıb.

İnstitut əməkdaşları f.ü.f.d. Sevinc Əliyeva, f.ü.f.d. Gülnar Osmanova, elmi işçi Gülnar İsmayılova, institutun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi f.ü.f.d., dos. Sönməz Abbaslı və digərləri kitab haqqında təəssüratlarını bölüşərək əsərdə hər iki xalqın məişət və mərasim nəğmələrinə, bu nəğmələrin oxşar və fərqli xüsusiyyətlərinə, meydan tamaşaları ilə lətifələr arasındakı bağlılığa geniş yer verildiyini vurğulayıblar. Çıxışlar zamanı bildirilib ki, kitabda Azərbaycan və qaraqalpaq xalqlarının dastan nümunələrinin bir sıra nəzəri məsələləri araşdırılıb və qaraqalpaqların “Qırx qız” qəhrəmanlıq dastanının bəzi nümunələri orijinaldan dilimizə çevrilərək oxucuların diqqətinə çatdırılıb

Sonda iştirakçılar müəllifi təbrik edərək ona gələcək elmi fəaliyyətində daha böyük uğurlar arzulayıblar.

Qeyd edək ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Füzuli Bayat, rəyçiləri isə filologiya elmləri doktoru, professor Səhər Orucova və filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Umudovdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015