AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı on dildə işıq üzü görüb
Noy 18, 2021 | 02:38 / Yeni nəşrlər
Oxunub 226 dəfə

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylinin on dildə “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabı nəşr olunub.

Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə “Elm” nəşriyyatında çap edilən kitabın məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli, ixtisas redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyevadır.

Vəsaitdə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyatı və yaradıcılığından, nəsil şəcərəsindən, əsərlərindəki ölkə reallıqlarından və bəşəri dəyərlərdən bəhs olunur. Nizami Gəncəvinin ölkədə və dünyada tanıtımı və təbliği üçün sanballı mənbə olan bu kitabda yer alan araşdırmalar on dildə tədqim edilir. Azərbaycan, türk, ingilis, rus dillərində olan mətn irihəcmli, alman, çin, polyak, gürcü, ukrayna və bolqar dillərində isə ixtisarladır. Nizami Gəncəvinin həyatı, lirikası, poemaları, Azərbaycan renessansı məsələsi, dahi şairin yaradıcılığında azərbaycançılıq kimi mövzular kitabda öz əksini tapıb.

Nəşr görkəmli dövlət xadimi Heydər Əliyevin 24 may 2000-ci ildə Gəncədə Nizaminin məqbərəsini ziyarət edərkən çəkilən fotosu və dahi şair haqqında fikirləri ilə başlayır. Cənab Prezident İlham Əliyevin 24 yanvar 2014-cü ildə Gəncədə Nizami Gəncəvi Muzeyinin açılışında çəkilmiş fotosu və Nizami Gəncəvi haqqında fikirləri də kitabın əvvəlində yer alıb.

Kitabda Əməkdar mədəniyyət işçisi Fəxrəddin Əli, Xalq rəssamları Mikayıl Abdullayev, Fuad Əbdürrəhmanov və digər müəlliflərə məxsus rəsm əsərləri, mozaika, heykəl və başqa janrlarda olan nümunələr də əksini tapıb. “Nizami Gəncəvi almanaxı” hissəsində isə Nizami Gəncəviyə həsr olunmuş və incəsənətin müxtəlif sahələrində (rəssamlıq, xalçaçılıq, heykəltaraşlıq, ağ üzərində oyma sənəti və s.) yaradılmış sənət nümunələrinin şəkilləri verilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015