
Noy 01, 2021 | 12:42 / Konfranslar, iclaslar
Azərbaycan filologiyasına ağır itki üz vermişdir. Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Cəlal Qasımov ömrünün 61-ci ilində vəfat etmişdir. Cəlal Əbil oğlu Qasımov 1959-cu ildə Naxçıvan MR-nın Şərur rayonunun Püsyan kəndində anadan olmuş, 1984-cü ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsini bitirmişdir. 1984-1991-ci illərdə Sabirabad rayonunda dil-ədəbiyyat müəllimi işləmişdir. 1991-1993-cü illərdə vaxtilə təhsil aldığı Naxçıvan Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.1993-cü ildən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində çalışmışdır. Cəlal Qasımov həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının fakültə rəisi olmuş və polkovnik rütbəsini daşımışdır.
1993-cü ildə tənqidçi və ədəbiyyatşünas "Abdulla Surun həyat və yaradıcılıq yolu" mövzusunda namizədlik, 2000-ci ildə "Siyasi repressiya həyatda və ədəbiyyatda" mövzusunda isə doktorluq dissertasiyasını müdafiə etmişdir. Cəlal Qasımov 2021-ci ildən AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri idi. O, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatların, o cümlədən 30-dan çox kitabın, bir neçə tədris proqramının və eyni zamanda 150-dən çox elmi-publisistik məqalənin müəllifi idi.
C.Qasımov Azərbaycan elminə "Abdulla Sur və əsərləri" (1997), "Əsrin qiyamət çağı" (1997), "Yaddaşın repressiyası" (1997), "Bitməmiş istintaq" (1997), "Respressiyadan deportasiyaya doğru" (1998), "Yaddaşın bərpası" (1999), "Məhbus tərcümeyi-halı" (2003), "MTN: tarixi-hüquqi mənbələr" (2005), "Cavidi məhbəsə aparan yol" (2007), "Azərbaycan təhlükəsizlik orqanlarının qısa tarixi" (2008, dərslik), "Azərbaycan təhlükəsizlik orqanlarının tarixi" (2009, rus, ingilis, Azərbaycan dillərində), "Azərbaycan folklorşünaslığı və sovet totalitarizmi" (2011), "Ədəbi məhkəmələr" (2012), "Bolşevik qurşunun qurbanları" (2015), "Azərbaycan folklorşünasları (1920-1950)" (2015), "Milli təhlükəsizliyin əsasları" (2015), "Vəli Xuluflu" (2016), "Cumhuriyyətin təhlükəsizlik orqanları" (2018), “Siyasi repressiya həyatda və ədəbiyyatda” (2020) kimi qiymətli əsərlər bəxş etmişdir.
Cəlal Qasımov arxiv sənədləri əsasında elmimiz üçün gizli qalan mətləb və həqiqətlərin üzə çıxarılmasına nail olmuşdur. Ömrünü humanitar-filoloji elmin inkişafına və gələcəyinə həsr etmiş bu nurlu insanın, dəyərli ziyalının əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin!
AMEA Folklor İnstitutu