Okt 21, 2021 | 12:18 / Konfranslar, iclaslar
19-20 oktyabr 2021-ci il tarixlərində Ukraynanın Kiyev şəhərində akademik A.Krımskinin anadan olmasının 150 illiyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçirilmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təhminə Bədəlova konfransda iştirak etmişdir. Beynəlxalq konfrans Ukrayna Elmlər Akademiyası akademik Aqafangel Krımski adına Şərqşünaslıq İnstitutu, V.Vernadski adına Ukrayna Milli Kitabxanası, O.Potebnyi adına Dilçilik İnstitutunun təşkilatçılığı, Kiyevdeki Yunus Əmrə İnstitutu, Bakı Multikulturalizm Mərkəzinin, Helvetika Nəşriyyat Evinin tərəfdaşlığı ilə keçirilmişdir. Nizamişünas alim T.Bədəlova akademik Aqafangel Krımskinin 150 illiyinə həsr olunmuş Beynəlxalq konfransda "Dünya nizamişunaslığının korifeyi" adlı məruzə ilə çıxış etmiş və çıxışının sonunda professor Asəf Zamanov ilə birgə tərcümə etdiyi Aqafangel Krımskinin "Nizami və müasirləri" kitabını, həmçinin AMEA-nın müxbir üzvü Nüşabə Araslının "Nizami və türk ədəbiyyatı" (rus dilində) kitabını V.Vernadski adına Ukrayna Milli Kitabxanasına hədiyyə etmişdir.
Konfransda həmçinin Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri E.Axundova da iştirak etmiş, Aqafangel Krımskini Azərbaycan üçün son dərəcə hörmətli alim, yazıçı və tərcüməçi kimi dəyərli olduğunu bildirmiş, Ukrayna Azərbaycan ədəbi-mədəni əlaqələrinə əhəmiyyətli töhfələr verdiyini qeyd etmişdir.