AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
Okt 18, 2021 | 12:38 / Konfranslar, iclaslar
Oxunub 351 dəfə

Oktyabrın 15-də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli ədəbiyyatşünas alim, AMEA-nın müxbir üzvü Abbas Zamanovun anadan olmasının 110 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib.

Tədbirdə muzeyin baş direktoru, akademik Rafael Hüseynov “Ədəbiyyatşünaslıqda və diaspor quruculuğunda Abbas Zamanov körpüsü” mövzusunda məruzə edərək fədakar alimin keşməkeşli ömür yolu, çoxşaxəli elmi fəaliyyəti haqqında ətraflı məlumat verib.

Rafael Hüseynov qeyd edib ki, Abbas Zamanov 1968-ci ildən 1971-ci ilədək Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə rəhbərlik edib. Unudulmaz alim və ziyalı A.Zamanov Azərbaycan ədəbiyyatının ən müstəsna şəxsiyyətlərindən biri idi. O, görkəmli pedaqoq kimi bir nəsil Azərbaycan ədəbiyyatşünasları yetişdirib və xalqımıza qiymətli araşdırmalar yadigar qoyub. Onun Azərbaycanın klassikləri Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirlə bağlı çoxlu araşdırmaları var və bu araşdırmalar hər zaman yaşayacaq. Çünki A.Zamanov bir çox tədqiqatçılardan fərqli olaraq öz araşdırmalarını tarixi faktlar üzərində qururdu və onları sənədləşdirirdi.

Akademik R.Hüseynov qeyd edib ki, Azərbaycan ictimai-siyasi həyatında xüsusi yeri olan A.Zamanov ədəbiyyatşünaslıqda özünü təsdiq edəndən sonra demək olar ki, diaspor işləri görməyə başlayıb. Bütün işlərində hər zaman gerçək vətəndaşlıq mövqeyi göstərən Abbas Zamanov xaricdə yaşayan azərbaycanlılarla əlaqə qurmaq, onlarla vətən arasında körpü yaratmaq missiyasını yerinə yetirməyə başladı.

“Onun Azərbaycan ictimai-siyasi düşüncəsi, Azərbaycan ədəbi mədəni-elmi düşüncəsi tarixində yerini müəyyənləşdirmək istəyərkən vətəndaş sözü ilə daha dəqiq ifadə etmək olar. O elmlə məşğul olanda da, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlı mühacirlərlə əlaqələrini yaratmaq və bunu daha da yüksək səviyyəyə çatdırmaq istiqamətində fəaliyyətində də ilk növbədə vətəndaş idi, bu Vətənin, onun dəyərlərinin keşiyində dayanan insan idi. O zamanlar ki, nə Azərbaycanın “Vətən” Cəmiyyəti var idi, nə də ölkəmizin gələcəkdə çox yüksək fəaliyyət göstərəcək diaspor komitəsi. Keçmiş sovet dövlətinin ən kəskin zamanları idi ki, mühacirətdə yaşayan soydaşlarımızla əlaqələrimiz yox idi, sərhədlərimiz bağlı idi. Ancaq o zaman Azərbaycanın Abbas Zamanov nəhənglikdə bir körpüsü var idi və görkəmli alimi səciyyələndirən onun ictimai-siyasi düşüncə tariximizdəki yerini müəyyən edən vətəndaş mövqeyindən sonra ikinci ən böyük söz körpüdür. Çünki o, dünyanın müxtəlif ölkələrində mühacir həyatı yaşayan azərbaycanlıların Bakı ilə, ölkəmizlə əlaqələrini yaratdı, onları bu yurda daha çox bağladı. Həmin insanların bir çox əsərlərini, dünyada, mədəniyyətdə qoyduğu izləri A.Zamanovun vasitəsilə tanıdıq. Həm də həmin körpüdən istifadə edərək A.Zamanov Azərbaycanı dünyada tanıtdı. Nə qədər ki, Azərbaycanın Abbas Zamanov kimi mötəbər körpüləri var, ölkəmizin mədəni, elmi, mənəvi irsi həmişə yaşayacaq və gələcəkdə də öz bəhrələrini verməkdə davam edəcək”, - deyə Rafael Hüseynov bildirib.

Tədbirdə muzeyin elmi işçisi, ömrünün ilk gənclik illərindən başlayaraq rus dilində ekskursiyalar aparmış peşəkar izahatçı Kübra Şamilova Abbas Zamanovun Ədəbiyyat Muzeyinə rəhbərlik etdiyi dövr haqqında xatirələrini bölüşüb.

Muzeyin Ədəbi mərasimlər və nəşrlər şöbəsinin əməkdaşı Zarema İbrahimova 1968-1971-ci illərdə Nizami muzeyinin elmi fondunun və ekspozisiyasının təkmilləşdirilməsində professor Abbas Zamanovun böyük rolundan danışıb.

Sonda alimin nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva çıxış edərək ailəsi adından tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

AzərTac

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015