AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
“Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub.
Okt 14, 2021 | 11:10 / Yeni nəşrlər
Oxunub 416 dəfə

Azərbaycan  Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd  Mənsimovanın tərtib və toplama materialları əsasında aşıq Cahangir Dalğının “Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub.

Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədovdur.

Dəyərli toplama əsəri olan “Dalğına tor quran dünya” Zaqatala aşıq mühitinin tanınmış simalarından olan Cahangir Dalğının yaradıcılığının əvəzsiz nümunələrini özündə əks etdirir.

Qeyd edək ki, Bəhmənli kəndinin Zaqatala aşıq mühitində özünəməxsus yer tutur. Belə ki, adıçəkilən aşıq mühitinin önəmli simaları – Aşıq Məhəmməd, Aşıq Cuma, Aşıq Mədət, Aşıq Səaddəddin Bəhmənli kəndində anadan olub, yaşayıb-yaradıblar.

Dosent Zümrüd Mənsimovanın kitabın ön sözündə vurğuladığı kimi, klassik xalq dastanlarımızı dərindən bilən aşıq Cahangir şeirlərini “Şəms”, “Dalğın”, “Coşğun”, “Qəmgin”, “Tənhalı”, “Cahangir” kimi təxəllüslərlə “Zaqatala” və “Şəlalə” qəzetlərində dərc etdirib.

Kitabda aşığın gəraylıları, qoşmaları, təcnisləri, qəzəlləri, divaniləri, müxəmməsləri, həmçinin müxtəlif yarımçıq şeirləri toplanıb.

Əsrarəngiz vətən təbiətinin təsviri aşıq Dalğın yaradıcılığını daha da zənginləşdirib, ona füsunkar çalarlar bəxş edib. Aşıq təbiət gözəlliklərini insan ruhu ilə sıx əlaqədə tərənnüm edir.

Z.Mənsimovanın fikrincə, Cahangir Dalğının təcnisləri ideya, bədii təsvir vasitələrinin, eləcə də məcazlar sisteminin zənginliyi ilə xüsusi diqqət çəkir.

Qeyd edək ki, aşıq Cahangir Dalğının həyat yolu, acı taleyi, yaradıcılığının bəzi qiymətli inciləri daha əvvəl dosent Z.Mənsimovanın “Zaqatala aşıqları”, “Zaqatala folklor örnəkləri”, həmçinin “Zaqatala aşıq mühiti” monoqrafiyalarında da yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015