AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Əlyazmalar İnstitutunda “Qızlar məktəbi”nin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Okt 12, 2021 | 11:14 / Konfranslar, iclaslar
Oxunub 9 dəfə

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Təhsil Nazirliyi və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə “Qızlar məktəbi”nin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində, həmçinin Əlyazmalar İnstitutunda yaradılmış Qızlar gimnaziyası guşəsinin açılış mərasimi olub. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Təhsil naziri Emin Əmrullayev, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli açılışın rəmzi olan qırmızı lenti kəsdikdən sonra qonaqlara gimnaziyanın tarixi, təsisi, fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib.

Daha sonra yubiley toplantısı keçirilib. Toplantını giriş nitqi ilə açan komitə sədri Bahar Muradova qızların təhsilində Hacı Zeynalabdin Tağıyevin əvəzolunmaz rolunu qeyd edərək, sözügedən məktəbin açılışının nə qədər vacib və önəmli olduğunu bildirib. O, qadınların həm təhsil, həm də idarəetmə sahəsində necə vacib və əhəmiyyətli rola malik olduqlarını xüsusilə vurğulayıb və qeyd edib ki, hazırda da Azərbaycanda qızların təhsilə cəlb olunması ilə bağlı vacib addımlar atılır.

Təhsil naziri Emin Əmrullayev çıxışında bildirib ki, 1901-ci il oktyabrın 7-də Bakıda Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maliyyə dəstəyi ilə müsəlman Şərqində yaradılan ilk dünyəvi qızlar məktəbi Azərbaycan qadınlarının həyatında, onların maariflənməsində böyük rol oynayıb.

Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli çıxışında “Qızlar məktəbi”nin tarixindən, bu məktəbin ərsəyə gəlməsində 3 şəxsin Bakı neft milyonçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev, Azərbaycanın ilk maarifçi ziyalısı və jurnalist Həsən bəy Zərdabi, gənc polyak mühəndis İosif Vikentiyeviç Qoslavskinin əməyindən söhbət açıb, bildirib ki, müasir dövrdə də qızların təhsili və hüquqlarının qorunması cəmiyyətin əsas vəzifələrindən biri olmalıdır.

Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Cabbarov, Bakı Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Lətifə Əliyeva, müstəqil araşdırmaçı Fuad Axundov çıxış edib, gimnaziyanın yaradılması və fəaliyyətində ziyalıların rolundan danışıblar. Alimlər vaxtilə gimnaziyanın yerləşdiyi binanın fasadında xatirə lövhəsinin vurulması üçün hökumət rəhbərliyi qarşısında vəsatət qaldırılması təklifi ilə çıxış ediblər.

Tədbirdə 2021-ci il ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə göstərmiş, aztəminatlı ailələrdən olan qızlara dəstək göstərmək məqsədilə “Gənc Qızların Təhsilinə Dəstək” kampaniyasına qoşulmuş özəl sektor nümayəndələri, eyni zamanda, tarixçilər, dövlət qurumları və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak ediblər. Sonda xatirə fotosu çəkilib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015