AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
İşğaldan azad edilmiş ərazilərimizdə sosial-mədəni proqramlar və xidmətlərin kulturoloji aspektləri
Okt 13, 2021 | 11:09 / Müsahibələr, çıxışlar
Oxunub 10 dəfə

XIX əsrin əvvəllərində Cənubi Qafqazda geosiyasi vəziyyətin Rusiyanın xeyrinə dəyişməsi regionda yeni maraqların yaranmasına səbəb oldu. Ermənilər tarixi ənənəsinə sadiq qalaraq yeni situasiyadan maksimum yararlanma çabalarını işə saldılar. Məqsəd tarixi Azərbaycan ərazilərində özlərinə dövlət qurmaq idi. Bunun üçün birinci Azərbaycan Xanlıqlarının fiziki yox edilməli idisə, ikinci əsas məsələ azərbaycanlıların bu ərazilərdə mövcud olmamasının dəlillərini toplamaq, daha doğrusu Azərbaycan xalqının regionda gəlmə xalq olduğunu sübut etməklə bu torpaqlarda yaşamaq haqqının daha çox ermənilərə aid olmasına beynəlxalq gücləri inandırmaq idi. Bu siyasət bu gün də aparılır. Bunun üçün tarixi sənədlər, dəlillər tələb olunduğundan bütün güclərini saxtalaşdırma prosesləri üzərində cəmləşdirə bildilər. Bu məsələdə onlara kömək edənlər də tapıldı. Elə Rusiyanın özünə Qafqazda yalan üzərində qurulsa belə müti və sadiq bir dövlətin mövcudluğu sərfəli idi. Avropa ölkələrinin də əksəriyyətini ermənilərin çirkin niyyətləri qane edirdi. Ona görə də tarixin saxtalaşdırılması prosesində ermənilərə kömək edəcək qüvvələr işə başladılar. Hətta Vatikanda Böyük Ermənistan xəritəsi də tapıldı. Əlbəttə bütün bunlar vaxtilə osmanlı Türkiyəsinin Avropaya yürüşünün qarşısını almaq üçün Qafqazda gizlədilmiş mina idi ki, istədikləri vaxt işə salaraq Türkiyəni daxildən zəiflədərək parçalamaq, Ermənistan deyilən geosiyasi layihəni gerçəkləşdirmək idi. Burada hər kəsə pay düşürdü. Ermənilər dövlət qururlar. Onların havadarları isə Azərbaycan və türk xalqını parçalayan bir siyasi mərkəzə sahiblənirdilər. Sonda isə onlar üçün arzuedilməz Azərbaycan xalqı isə yox olub gedəcəkdir. Bununla da ermənilərin Azərbaycana qarşı amansız mübarizəsi başladı.

Son 200 ildə çoxsaylı qırğınlar və azərbaycanlıların dədə-baba yurdlarından birdəfəlik qovulmaları artıq hər birimizə məlumdur. Yaxın keçmişimizə nəzər saldıqda təəssüf ki, ermənilərin xəyanətləri açıq aşkar görsənir. Belə ki, bütün ictimai-siyasi hadisələrdə ermənilərin xəyanətkarlığı üzə çıxır. Elə başlasaq XIX əsrin əvvəllərindəki geosiyasi vəziyyətin dəyişməsinə. Əgər ermənilər qonşuluq, dostluq anlayışlarına hörmət etsəydilər, əzəli qonşularına xəyanət edib yadelli işğalçıların əlaltısına çevrilməzdilər. Onu da xatırladaq ki, 1915-ci il Türkiyə vətən savaşında ölüm-dirim çarpışmasındaykən yerli Türkiyə vətəndaşları olan ermənilər qarşı tərəfə keçdilər. Bununla bağlı görülən tədbirləri isə utanmadan genosid adlandıraraq abırsızlıqlarını davam etdirirlər. Eyni səhvi ermənilər XX əsrin əvvəllərində 1918-ci ildə də etdilər. Yenə üç Qafqaz ölkəsi Zaqafqaziya federasiyasında birləşib bolşevik Rusiyasından canlarını qurtara bilərdilər. Sonuncu səhvi XX əsrin sonlarında Sovet İttifaqının dağılmasından sonra yenə də birləşmək əvəzinə - Pribaltika ölkələri kimi - qonşusunun torpağının zəbt edilməsini seçdilər. Yaxın qonşu uzaq qohumdan irəlidir düşüncəsini tərsinə dəyişdirərək uzaqdakı qohumlarını yaxın qonşusundan üstün tutdular. 

Hələ bu son iki əsrin hər birimizə məlum  mənzərəsidir. Tarixin dərinliklərindəki, günahlarını isə tarixçilər daha yaxşı bilər. Belə məlum olur ki, bunlar xəyanətə meylli, araqarışdıran haqq-ədalət, vicdan, ləyaqət kimi müqəddəs anlayışlara laqeyd olan xəstə təfəkkürlü insanlardır. Azərbaycan xalqı onlara qarşı hiddətlidir ona görə ki, müharibə etmək olar, haqlı-haqsız da olmaq olar. Ancaq xalqın mənəviyyatını yox etmək, ümumiyyətlə varlığını şübhə altına almaq, maddi-nənəvi dəyərlərini silmək kimi amansızlıqları unuda bilməz. Ermənilərin təəccüblə azərbaycanlıların gözlərindəki hiddətin səbəbini aramalarının səbəbi də budur. Bunu anlamaları lazımdır. Yəqin ki, artıq anlayırlar. Ona görə də düşünürəm ki, əlbəttə əvvəl axır regiona sülh, əmin-amanlıq gələcəkdir. Ancaq bütün dadsız hadisələrin səbəbkarları ən nəhayət Azərbaycan xalqından üzr istəməlidirlər. Yalnız bundan sonra əməkdaşlıq etmək və rahatlıq tapmaq olar.   

İkinci Qarabağ müharibəsindən sonra artıq ölkəmizin həyatında yeni mərhələ, quruculuq, inkişaf, işğaldan azad edilmiş torpaqlarımızın bərpası dövrü başlayır. Hazırki dövrdə 30 il ərzində erməni vandalları tərəfindən dağıdılmış, torpaqları ekoloji terrora məruz qalmış Qarabağın bərpası, yenidən qurulması və Qarabağdan məcburi köçkün düşmüş 1 milyondan çox əhalinin orada məskunlaşdırılmasının təmin olunması növbəti əsas hədəflərdən biridir.  

Məlumdur ki, Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli sərəncamına əsasən işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahı yaradılıb. İşin təşkilini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı nəzdində idarələr arası mərkəz, mərkəzin nəzdində 17 işçi qrupu formalaşdırılıb. İşçi qrupunda 55 dövlət qurumunun nümayəndələri iştirak edir. Bütün işlər planlı və kompleks yanaşma əsasında həyata keçirilir. Belə işçi qruplarından biri olan “Akademik və təhsil məsələləri üzrə” işçi qrupunu misal gətirə bilərik.

Qarabağın özünəməxsus bir mədəniyyəti, ruhu vardır ki, elə ilk növbədə bu diyarın öz ruhuna, mədəniyyətinə qovuşması təmin edilməlidir. Şübhəsiz ki, ilk prioritetlərdən biri məhz məcburi köçkün halında olan əhalinin Qarabağa qaytarılmasıdır. Xatırladaq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən artıq mədəniyyət abidəsi erməni vandalizminin qurbanına çevrilib.

İşğaldan azad edilmiş ərazilərdə kulturoloji təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Beləliklə, ilk növbədə azad edilmiş ərazilərdə təhsil ehtiyacları müəyyənləşdirilməli, mövcud təhsil infrastrukturunun vəziyyəti qiymətləndirilməli və fəaliyyətin təşkili ilə bağlı planlar hazırlanmalıdır.

Qarabağın bərpası “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında elmin və texnikanın ən son nailiyyətlərinə uyğun həyata keçirilir. Dirçəldilmiş Qarabağda insanlar arasındakı fərqlənməni tənzimləmək və əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq üçün sosial xidmətlərdən düzgün istifadə edilməlidir.

Bütün bunlara görə sosial sahənin modernləşdirilməsi baxımından əhali üçün sosial sistemdəki xidmətlərin praktiki ehtiyaclarını və mövcud elmi təhlil səviyyəsini araşdırmağa və müxtəlif sosial proqramların işlənib hazırlanmasına ehtiyac vardır.

Sosial layihələrin yerinə yetirilməsi və bərpa işlərinin aparılması üçün xüsusi proqramlar işlənib hazırlanmalıdır. Fikrimizcə bu proqramlar aşağıdakı sahələri əhatə etməlidir:

  1. Ərazilərin minalardan təmizlənməsi;
  2. İnfrastrukturun yaradılması (yol, işıq, qaz, su və s.);

3.Sosial obyektlərin və dövlət orqanlarının yaradılması, - hüquq mühafizə, təhlükəsizlik məsələləri: sərhədlərin qorunması, gömrük nəzarəti, terror, təxribatlara və cinayətlərə qarşı mübarizə;

  1. Məskunlaşma proqramı və sosial xidmətlərin təşkili.

Əhali arasındakı sosial sistemdəki xidmətlərin kulturoloji aspektlərini təhlil edib qiymətləndirmək üçün aşağıdakılara diqqəti artırmaq məqsədə müvafiqdir:

- Müxtəlif sosial-demoqrafik qrupların keyfiyyətcə yeni sosial xidmətlərə olan ehtiyaclarının aşkarlanmasını təmin etmək üçün müvafiq tədbirlərin görülməsi;

- Proqramların və xidmətlərin optimal strukturunu müəyyənləşdirmək və onların əsaslarını inkişaf etdirmək;

- Proqramların və xidmətlərin keyfiyyət hədəflərini qiymətləndirmək üçün rəqəmsal normaların, standartların əsaslandırılması;

- Sosial sistemdə xidmətlərin göstərilməsi mexanizmlərinin inkişafı və sosial xidmətlər bazarının yaradılması;

- Sosial sahənin yenilikçi modellərin və rəqəmsal texnologiyaların inkişafına nəzəri və metodoloji yanaşmaların formalaşdırılması.

Qarabağın 44 gün ərzində azad edilməsində Ali baş Komandanın rəhbərliyi altında ordumuzun cəsarəti və qəhrəmanlığı, habelə qardaş Türkiyənin siyasi və mənəvi dəstəyi ilə yanaşı, neftdən əldə olunan gəlirin də çox ciddi rolu oldu. O baxımdan ki bu illər ərzində dövlətimizin iqtisadiyyatı gücləndi, ordumuz qüdrətləndi. Dünyanın iqtisadi maraqları bizimlə uzlaşdı, aparılan uğurlu siyasi-iqtisadi siyasət nəticəsində də söz, nüfuz sahibinə çevrilə bildik.

Müxalifətin əsas təbliğat metodlarından biri bu idi ki, guya neft Azərbaycan xalqına xoşbəxtlik gətirmir, bizə güclü iqtisadiyyat yox, demokratiya lazımdır.

Belə uydurmalara da cəhd edirdilər ki, guya neft müqavilələrinin şərtinə görə  Azərbaycan heç zaman müharibə edə, Qarabağı hərbi yolla geri ala bilməz, sadəcə buna imkan verməzlər və s. Ancaq sübut edildi ki, necə müharibə apardıq, torpaqlarımızı necə geri aldıq!

Belə bir eybəcər təbliğata da can atılırdı ki, Azərbaycanda inqilab olmasa, hakimiyyət dəyişməsə, demokratiya olmasa, Qarabağı ala bilmərik.

Məlum oldu ki, söhbət Suriyaya, Tunisə, İraqa, Livana, Misirə köçürülən demokratiyadan gedir. Bizə də o cür divan tutmaq istəyirdilər, ancaq şükürlər olsun ki, edə bilmədilər.

Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq dövlətin korrupsiya ilə mübarizəni gücləndirdiyi, böyük islahatlar apardığı, Qarabağa qayıdışla bağlı işğaldan azad olunan torpaqlarımızda bərpa işlərinin sürətləndiyi bir vaxtda ölkədə qarışıqlıq salmaq istəyən ünsürlər nəzərə çarpır. Onlar bilməlidirlər ki, Azərbaycan Prezidentinin reytinqi, nüfuzu hazırda zirvələri fəth edir. İlham Əliyev tarixə Şuşanın, Qarabağın fatehi, Azərbaycanın ərazi bütövlüyünün bərpaçısı kimi daxil oldu. Bu da hər liderə, dövlət başçısına nəsib olmayan müqəddəs bir şərəf, ən uca tarixi bir məqamdır. Ona görə də bu gün Azərbaycanın siyasi səhnəsində bir alternativ ola bilər: o da İlham Əliyevin özüdür. Çünki Azərbaycan xalqı Qarabağda zəfər çalan İlham Əliyevin dəmir yumruğu ətrafında elə möhkəm birləşiblər ki, bu birliyin də alternativi yoxdur və heç zaman olmayacaqdır.

Namiq ABBASOV, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun ümumi işlər üzrə direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015