AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
Naxçıvan Dövlət Universitetinin məzunlarının 50 illik buraxılış yubileyi ilə əlaqədar görüş keçirilib
Okt 12, 2021 | 03:00 / Görüşlər
Oxunub 19 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Naxçıvan Dövlət Universitetinin məzunlarının 50 illik buraxılış yubileyi ilə əlaqədar görüş keçirilib.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli görüşdə bildirib ki, həmin dövrdə bir çox ziyalı Naxçıvan Muxtar Respublikasında ali məktəbin açılması üçün mübarizə aparıb. 1967-ci ildə ali məktəbə qəbul olduğunu deyən akademik tələbəlik illərilə bağlı xatirələrini bölüşüb, Bakıdan bir çox sanballı müəllimlərin Naxçıvana gedərək onlara dərs dediyini xatırladıb. Unudulmaz müəllimlərindən Yavuz müəllim, İzzət müəllim və digərləri haqqında hörmətlə söz açıb. Həmçinin Azərbaycanın məşhur yazarlarından Məmməd Araz, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və başqaları ilə tələbəlik illərində görüş keçirdiklərini söyləyib, eləcə də təşkil etdikləri dram dərnəyinin fəaliyyəti haqqında məlumat verib.

Sonra vəfat etmiş müəllimlərinin və tələbə yoldaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə filologiya elmləri doktoru, professor Akif İmanlı dünyasını dəyişmiş 14 nəfər tələbə yoldaşının adlarını sadalayıb, ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, şair, yazıçı, publisist, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov isə xatırladıb ki, Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Salidə Şərifovanın “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” monoqrafiyası “Sənətkarın elmi pasportu” seriyasında çapdan çıxıb. Qeyd edib ki, həmin kitabın elmi məsləhətçisi, “Əməldə və əsərlərində özünüifadə nümunəsi” adlı “Ön söz”ünün müəllifi isə akademik İsa Həbibbəylidir.

Tədbirdə digər məzunlardan Elmira İsmayılova, Nəriman Qəniyev, Xeyrulla Abbasov, filologiya elmləri doktorları, professorlar Ləzifə Qasımova, Eynulla Mədətli çıxışlarında tələbəlik illərinin xatirələrini bölüşərək görüşün təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Filologiya elmləri doktoru, professor Tahirə Məmməd isə çıxışında buraxılışının 50 illik yubileyi qeyd edilən Naxçıvan Dövlət Universitetinin 4 məzununun onun müəllimi olduğunu vurğulayıb.

Görüşdə Ədəbiyyat İnstitutunun əməkdaşı, şair İbrahim Yusifoğlu “Müəllim ömrü” şeirini səsləndirib.

Sonda akademik İsa Həbibbəyli institutun nəşri olan kitablardan tələbə yoldaşlarına hədiyyə edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015