AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Nizamişünas alim Zəhra Allahverdiyeva: “Nizami Gəncəvinin həm ata, həm də ana xətti ilə milli mənsubiyyətinin türk olduğunu faktlar sübut edir”
Okt 04, 2021 | 02:00 / Müsahibələr, çıxışlar
Oxunub 295 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zəhra Allahverdiyeva “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilən VII “Fizika və lirika” konfransında “Nizami Gəncəvinin nəsil şəcərəsi və həyatı” mövzusunda məruzə ilə çıxış edib.

Nizami Gəncəvinin adı, künyəsi və təxəllüsü Şərqin mötəbər təzkirə məxəzlərində Şeyx Əbu Məhəmməd İlyas ibn Yusif ibn Zəki Müəyyəddin Nizami Gəncəvi kimi qeyd olunduğunu deyən Z.Allahverdiyeva Nizaminin filosof-şair və alim olaraq qazandığı izzət və şöhrətin sayəsində Şeyx titulu fəxri adını qazandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Nizami dahi şair, filosof olaraq, elm və fəzilətdə, əsərlərində qoyulan bəşəri ideyalarla yüksək dərəcəyə çatmış və fəzilət sahibi olan Şeyx məqamına yüksəlib.

Məruzəçi bildirib ki, bir çox şərqşünas-alimlər XI-XII əsrlərdə Azərbaycan Atabəylər dövlətinin mərkəz şəhəri olan Gəncə əhalisinin türklərdən ibarət olduğunu mənbələr əsasında təsdiq ediblər. İran alimi Barat Zəncani Gəncə əhalisinin dilinin türk dili, Nizaminin isə türkcə şeirlər yazdığını bildirib.

“Nizami Gəncəvinin yaşadığı dövrdə Məhəmməd Cahan Pəhləvan və Qızıl Arslanın hakimiyyəti illərində Atabəylərin istər Gəncə, istərsə də Naxçıvan saraylarında fəaliyyət göstərən əyanların əksəriyyəti xalqa daha yaxın olan türk əsilli savadlı şəxslərdən seçilirdi”, - deyə qeyd edən Z.Allahverdiyeva Nizami Gəncəvinin babası Zəki Müəyyəddinin əslən Oğuz türklərinin Boz ox qolundan çıxmış adlı-sanlı türk bəyzadələr nəslindən olduğunu vurğulayıb. Əlavə edib ki, o, Gəncədə din xadimi və Səlcuqlar sarayına yaxın şəxs olub.

Məruzəçinin sözlərinə görə, Nizami Gəncəvinin boya-başa çatmasında və mükəmməl tərbiyə və təhsil almasında Gəncədə hörmət və izzət sahibi olan atası Zəki Müəyyəddinin oğlu Yusifin mühüm rolu olub. O, Nizami Gəncəvinin anası ilə bağlı günümüzə qədər gəlib çıxmış faktlardan bəhs edib. Bildirib ki, dahi şairin anası Azərbaycanda əsil-nəcabətli, zadəgan nəslindən olan, Gəncədə dünyaya göz açmış türk qızı idi: “Təəssüf ki, bəzi tədqiqatçılar onun türk milli mənşəyini kobud şəkildə təhrif etmişlər. Belə ki, N.Gəncəvinin “Leyli və Məcnun” əsərinin “Dünyadan köçənlərin bəzisinin zikri haqqında” hissəsinə şairin anası haqqında “Rəiseyi-qord” sözü sonradan artırılmış və bu söz “kürd Rəisə” kimi süni şəkildə dolaşıqlıq yaratmışdır.  XX əsrin 80-ci illərində bir sıra şərqşünaslar “qord” sözünün “igid” mənasında olduğunu söyləmişlər”.

Nizami Gəncəvinin dayısı Xacə Ömərin Gəncə sarayına yaxın, yüksək nüfuza malik şəxslərdən olduğunu söyləyən Z.Allahverdiyeva həmin dövrdə “Xacə” titulunun şah sarayının mühafizəçilərinin başçısına verildiyini diqqətə çatdırıb. Qeyd edib ki, türk sultan saraylarının qaydalarına əsasən, saray rəisi – Xacə vəzifəsinə də cəsurluqda və sədaqətdə ad çıxarmış türk  bəyzadələri  seçilirdi: “Bu fakt Nizaminin anasının əsil-nəcabətli  türk qızı olduğunu sübut edir”. Məruzəçi qeyd edib ki, gənc İlyasın yüksək təhsil almasında, Gəncə sarayında toplanan məşhur ustadlar, elm adamları və dövlət xadimləri ilə tanış olmasında, o cümlədən saray kitabxanasından faydalanmasında dayısı Xacə Ömərin böyük rolu olub.

O, həmçinin dahi şairin qardaşı barədə danışaraq bildirib ki, XX əsrin 40-cı illərində “Nizami Gəncəvinin həyat və yaradıcılığı” mövzusu üzrə silsilə araşdırmalar aparan görkəmli şərqşünas Yevgeni Bertels şairin ailəsindən bəhs edərkən yazırdı: “Nizaminin qardaşı da şair idi və Qivami Mütərrizi ləqəbi ilə yazırdı. Lakin mürəkkəb şeir texnikasını məharətlə mənimsəmiş olan bu adam başqa bir yolla getmiş və saray şairi şöhrətini intixab etmişdi”.

Z.Abdullayeva Nizami Gəncəvinin 1169-cu ildə Dərbənd hakiminin ona töhfə göndərdiyi qıpçaq-türk gözəli Afaqla ailə qurduğunu, bu izdivacdan iki oğlunun dünyaya gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Nizaminin bir oğlu dünyadan çox erkən köçüb. Digər oğlunun adının Məhəmməd olduğu şairin əsərlərindən bəllidir. Məhəmməd ağıllı, fərasətli, atasına dayaq olan bir övlad, həm də öz dövrünün ziyalı bir şəxsiyyəti olub.

Çıxışının sonunda məruzəçi əlavə edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvinin həm ata, həm də ana xətti ilə milli mənsubiyyətinin türk olduğunu qeyd olunan faktlar sübut edir. Həmçinin şairin öz əsərlərində verdiyi məlumatlar da buna parlaq dəlillərdir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015