AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Rusiya tarixçisi və yazıçısının yubileyi qeyd olunacaq
Avg 02, 2021 | 03:29 / Yubileylər
Oxunub 79 dəfə

Bakı, 2 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurası Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun bazasında və digər elmi-tədqiqat institutları ilə birlikdə görkəmli rus yazıçısı və tarixçisi, professor Rudolf İvanovun anadan olmasının 90 illiyinin qeyd olunması haqqında qərar qəbul edib.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, Azərbaycan xalqının yaxın dostu olan Rudolf Nikolayeviç İvanov ölkəmizin XIX-XX əsrlər tarixinə həsr edilmiş çoxcildlik əsərlərin müəllifidir. O, müstəqillik dövrü Rusiya qafqazşünaslığının əsas yaradıcılarından biridir. Onun Azərbaycan xalqının keşməkeşli tarixinə həsr edilən kitabları Rusiya arxivlərindən aşkara çıxarılmış zəngin və nadir faktların, sənədlərin və materialların geniş ictimaiyyətə çatdırılmasına uğurla xidmət edir. Rudolf İvanovun Naxçıvan generalları haqqında çap etdirdiyi 5 cildlik kitablar ölkəmizin adlı-sanlı oğulları haqqında həqiqətlərin açılıb göstərilməsinə tam aydınlıq gətirir.

Rudolf Nikolayeviç İvanovun xalqımızın böyük oğlu, görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanov haqqında nəşr etdirdiyi sənədli elmi əsər bu böyük şəxsiyyətə dair sanballı elmi əsərlərdən biri kimi qəbul olunur.

Görkəmli tarixçi və yazıçı Rudolf Nikolayeviç İvanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Əməkdar jurnalist fəxri adına layiq görülüb.

Yubiley münasibətilə tanınmış azərbaycanşünas alim və yazıçı Rudolf İvanovun həyatı və elmi fəaliyyətinə həsr edilən elmi sessiya keçiriləcək, kitablarından ibarət sərgi təşkil olunacaq, haqqında mətbuatda məqalələr dərc etdiriləcək.

 

 

 

 

 

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015