AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Molla Pənah Vaqif - Erkən realizm ədəbi cərəyanının yaradıcısı - İsa HƏBİBBƏYLİ
Avg 02, 2021 | 03:16 / Müsahibələr, çıxışlar
Oxunub 93 dəfə

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısıdır.

Erkən realizm Azərbaycan ədəbiyyatının inkişafı tarixində ilk ədəbi cərəyandır.

Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində XX əsrin əllinci illərində Molla Pənah Vaqif haqqında tədqiqat aparan akademik Həmid Araslıdan tutmuş müstəqillik dövrünün tədqiqatçılarına qədər hamısı doğru olaraq birmənalı şəkildə onun ədəbiyyatımızda realist şeirin ilk yaradıcılarından biri olmasından bəhs etmişlər. Lakin Vaqif realizminin xarakteri məsələsi uzun illər elmi fikirdə müxtəlif mövqedən qiymətləndirilmişdir. Bəzi tədqiqatlardakı qeyd xarakterli yanaşmaları nəzərə almasaq, filologiya elmləri doktoru Araz Dadaşzadənin "Molla Pənah Vaqif. Həyatı və yaradıcılığı" (1966) monoqrafiyasındakı "Vaqif poeziyasının bədii metoduna dair" bölməsi və Əziz Mirəhmədovun 1968-ci ildə çap etdirdiyi "Vaqif gülür, ağlayır" adlı məqaləsi şairin realizminin özünəməxsusluğu haqqında meydana çıxmış ilk araşdırmalar hesab oluna bilər.

Filologiya elmləri doktoru, professor Araz Dadaşzadənin tədqiqatında Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında nikbinlik poeziyasının və realist ədəbiyyatın əsas yaradıcısı kimi təqdim olunmuşdur. Dövrün ideoloji prinsiplərə də üstünlük verməli olan ədəbiyyat nəzəriyyəsi elmində realizmin yalnız kapitalizm formasiyasının meydana çıxardığı ədəbi cərəyan kimi qəbul edilməsi qənaətinə əsaslanaraq "Vaqif heç bir realist cərəyana, yaxud məktəbə daxil olmamışdır" - tezisini irəli sürsə də, nəticə etibarilə dahi şairi "ədəbiyyat tariximizdə realist ədəbi metoda yiyələnmiş ilk sənətkar" kimi qəbul etmişdir. Monoqrafiyanın meydana çıxdığı XX əsrin altmışıncı illərinin ortalarında ədəbiyyatşünaslıq elminin realizm anlayışını irəli aparan "ədəbi metod" ifadəsi Vaqifin Azərbaycan ədəbiyyatındakı fərqli mövqeyini göstərmək üçün əhəmiyyətli idi. Çünki ondan əvvəlki uzun illər ərzində Vaqifin realizmindən bəhs edilərkən "realist təsvirlər" ifadəsinə üstünlük verildiyini nəzərə alsaq, Araz Dadaşzadənin gözəllik nəğməkarı olan şairi "realist ədəbi metoda yiyələnmiş ilk sənətkar" hesab etməsi elmi cəhətdən əhəmiyyətli idi.

AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov isə 1968-ci ildə çap etdirdiyi "Vaqif gülür, ağlayır" adlı məqaləsində ədəbiyyatda Molla Pənah Vaqifin bir qayda olaraq yalnız "gözəllik şairi, məhəbbət şairi" kimi təqdim edilməsini bu böyük sənətkarın yaradıcılığının birtərəfli şəkildə təhlil edilib qiymətləndirilməsi hesab edərək, şairin ədəbi irsindəki müxtəlif inkişaf meyillərini, xüsusən "iztirab və çırpıntıları" da görməməyi, yaxud belə halları "ancaq onun ömrünün axır günləri ilə" əlaqələndirməyi haqlı olaraq "qeyri-elmi bir iş" adlandırmışdır. Vaqifin realizminə dair bu qiymətli məqalədə tezis şəklində olsa da, iki mühüm məsələ ilk dəfə elmi fikrin diqqətinə çatdırılmışdır: "Vaqif məhəbbət və gözəllik lirikasının mahir bir ustası kimi... Azərbaycan şeirində hələlik şərti olaraq 1) təsviri realizm hesab etdiyimiz üslubun nümayəndəsi kimi ortaya çıxmışdısa, feodal dünyasının kölgəli,... eybəcər hallarını pislədiyi zaman az sonra milli ədəbiyyatımızda yüksəldilən; 2) tənqidi realizm binası üçün təməl daşı qoyanlardan biri olmuşdur".

Əziz Mirəhmədovun ədəbi cərəyan anlayışından söz açmasa da, Vaqifin yaradıcılığında realist təsvirləri yox, "izmlərin" - təsviri realizmin və tənqidi realizmin əlamətlərini müşahidə etməsi zamanına görə mühüm elmi hadisə idi. Çünki sosialist realizmin mütləq hakim olduğu və buna görə də digər "izmlərdən" danışmağın qeyri-mümkün sayıldığı, sovet hakimiyyətindən qabaqkı cəmiyyətləri tənqid etmək, aşağılamaq üçün tənqidi realizmdən başqa heç bir izmin məqbul hesab edilmədiyi bir dövrdə bir cümlə ilə olsa da, təsviri realizmdən söz açmaq zamanı qabaqlamaq sayıla bilərdi. Məlum olduğu kimi, XX əsrin altmışıncı illərində Sovetlər İttifaqı miqyasında keçirilmiş məşhur realizm müşavirələrində sosialist realizmindən başqa, yalnız XIX əsrə və XX əsrin əvvəllərinə aid edilməklə "maarifçi realizm" anlayışının nəzərə çatdırılması ilə kifayətlənilmişdi. Bu mənada Azərbaycan aliminin keçən yüzilliyin altmışıncı illərində XVIII əsrdə yaşayıb-yaratmış Molla Pənah Vaqifin yaradıcılığı əsasında "təsviri realizm" terminologiyasını elmi dövriyyəyə gətirməsi ən azı "gözəllik nəğməkarı"nın hər hansı bir ədəbi cərəyana aid olmasını ehtimal etmək mənasında əhəmiyyətli bir məsələ idi. Doğrudur, yuxarıdakı sitatdan göründüyü kimi, Əziz Mirəhmədov təsviri realizmi ədəbi cərəyan yox, "üslub" hesab etmişdir. Nəzərə almaq lazımdır ki, həmin dövrdə ədəbiyyat nəzəriyyəsi elmində eynilə tənqidi realizmə də yaradıcılıq metodu və ya üslub kimi baxılırdı. İkincisi isə Əziz Mirəhmədovun məqaləsində Molla Pənah Vaqif təsviri realizm üslubunun yaradıcısı yox, nümayəndəsi kimi diqqət mərkəzinə çəkilmişdir. Üçüncüsü, Əziz Mirəhmədov Molla Pənah Vaqifi "tənqidi realizm binası üçün təməl daşı qoyanlardan" biri kimi dəyərləndirmişdir.

Əlbəttə, Vaqifin yaradıcılığında tənqidi realizm izləri axtarmaq da ədəbiyyatşünaslıqda ümumi şəkildə böyük şairə aid edilən "realist üslub" anlayışı ilə müqayisədə "izm"in etiraf edilməsi baxımından cəlbedici sayılmalıdır. Biz də o qənaətdəyik ki, Molla Pənah Vaqifin son dövr yaradıcılığında meydana çıxmış əsərlərində, xüsusən "Görmədim" müxəmməsində və "Bax" rədifli qəzəlində tənqidi realizm əlamətləri vardır. Bunlar isə yalnız XIX əsrin sonu və XX əsrin əvvəllərində ədəbi cərəyan kimi meydana çıxmış tənqidi realizmin ilkin mənbələri, istinad edilən qaynaqları ola bilərdi.

Bununla belə, Əziz Mirəhmədovun "Vaqifin təkcə gülərüzlü, nikbin sənətkar deyil, həm də... el dərdi ilə için-için göz yaşı tökən "ağlar güləyən"lərdən biri" olması haqqındakı mülahizələri hazırda da qeyd-şərtsiz qəbul edilən qənaətlərdir.

Həqiqətən, Molla Pənah Vaqifin şeirləri Azərbaycan ədəbiyyatında realizmin ibtidasıdır. Şair orijinal əsərləri ilə ölkə həyatının real ədəbiyyatını yaratmağa nail olmuşdur. Bu mənada Molla Pənah Vaqif klassik ədəbiyyata sərt inkarçı mövqedən yanaşmayaraq, xalq-aşıq şeiri üslubunu poeziyanın bədii ifadə vasitəsinə doğru istiqamətləndirməklə yeni tipli ədəbiyyatın əsasını qoymuşdur. Molla Pənah Vaqifin əsərləri Azərbaycan realizminin başlanğıc mərhələsinin əsas xüsusiyyətlərini özündə əks etdirir. Molla Pənah Vaqifin yaradıcılığı Azərbaycan realist ədəbiyyatının möhkəm təməlinə çevrilən, bünövrəsini təşkil edən milli ədəbiyyatın qiymətli örnəkləridir. Böyük sənətkarın adı ilə bağlı olan realizmin mahiyyətini AMEA-nın müxbir üzvü Yaşar Qarayev doğru olaraq elmi şəkildə aşağıdakı kimi ifadə etmişdir: "Ədəbiyyatımızın tarixi inkişaf yoluna nəzər salarkən Azərbaycan realizminin beşiyi başında hamıdan əvvəl... Vaqifin silueti görünür... Yazılı və şifahi xalq poeziyası arasındakı ənənəvi səddi dağıtmaq, folklor poeziyasının sərvətini klassik şeirin də sərvətinə çevirmək, milli, dünyəvi, nikbin bir şeirin tam qələbəsini təmin etmək mənasında Vaqifin tarixi-ədəbi xidməti misilsizdir. Vaqif şeiri bu mənada Zakirlə birlikdə Axundzadə realizminin həndəvərini, astanasını təşkil edir... Odur ki, biz Vaqif poeziyasını realizmə hazırlıq dövrü kimi "predrealizm", "erkən realizm", "ilkin realizm" kimi saxlamağı mümkün hesab edirik..."

Göründüyü kimi, Yaşar Qarayev Molla Pənah Vaqifin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə uyğun gələn əsas terminologiyanın demək olar ki, hamısını elmi dövriyyəyə gətirmişdir. Lakin o, son nəticədə bu istilahların əhatə etdiyi dövrün ədəbiyyatını "realizmə hazırlıq dövrü" kimi səciyyələndirməklə kifayətlənməli olmuşdur. Azərbaycan ədəbiyyatında realizmin mənşəyi məsələsinə dair qiymətli olan yuxarıdakı elmi mülahizələr sonralar tədricən onların arasından erkən realizmin seçilməsinə və erkən realizmdən milli ədəbiyyatın xüsusi inkişaf mərhələsi, yaxud da ədəbi cərəyan kimi bəhs edilməsinə münbit elmi zəmin hazırlamışdır.

XVIII əsr Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının işığında xalq həyatına və el ədəbiyyatına doğru proses daha da genişlənmiş və dərinləşdirilmişdir. Beləliklə, XVII əsrdə başlanmış nəsihətçilik, həyatilik və xəlqilik meyilləri XVIII əsrdə daha da yetkinləşərək və möhkəmlənərək realist ədəbiyyat səviyyəsinə çatmışdır. Nəticədə XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı birlikdə erkən yeni dövr ədəbiyyatı mərhələsini formalaşdırmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, bu tarixi mərhələdə ədəbiyyatın xarakterinə uyğun olaraq həyat hadisələrinin, insanın zahiri və mənəvi gözəlliyinin cizgilərinin mənalandırılmasına üstünlük verildiyi üçün ədəbiyyatşünaslıqda bir müddət həmin dövrün ədəbiyyatı təsviri realizm ədəbiyyatı kimi səciyyələndirilmişdir. Lakin görkəmli ədəbiyyatşünas Yaşar Qarayev haqlı olaraq təsviri realizm anlayışının XVIII əsr Azərbaycan ədəbiyyatının reallıqlarını tam ifadə etmədiyini qeyd edərək yazmışdır: "Vaqifin adı və üslubu ilə bağlı məktəbə aid edilən "təsviri realizm" istilahı, şübhəsiz, şərti ifadədir. Əslində, realizm, hər şeydən əvvəl, təsvirçilikdən uzaqlıq deməkdir. İlkin realizmə "təsiri olmayan" sonrakı dövrün realizmi ilə müqayisədə verilmiş bu ad həmin realizm tipinin mahiyyətini ifadə edə bilmir".

Erkən realizm - Azərbaycan ədəbiyyatında realizmin başlanğıc mərhələsidir. Doğrudur, bir qədər əvvəl yazdığımız kimi, əsasən romantik istiqamətdə inkişaf etsə də, klassik Azərbaycan poeziyasında da bütün dövrlərdə realist meyillər olmuşdur. Nizami Gəncəvi kərpickəsən kişinin obrazını yaradarkən, Əfzələddin Xaqani "Mədain xərabələri" əsərində dövrün ictimai ziddiyyətlərini diqqət mərkəzinə çəkərkən romantik idealla yanaşı, realist cizgiləri də nəzərə çatdırmışlar. Yaxud da Məhəmməd Füzulinin "Şikayətnamə" əsəri adından da göründüyü kimi, bir qədər romantik tərzdə olsa da, hadisə və şəxsiyyətlərə, əsasən real, gerçək münasibəti ifadə edirdi. Tərəddüd etmədən "Şikayətnamə"ni Azərbaycan ədəbiyyatında romantik-realist nəsrin ilk mükəmməl nümunəsi hesab etmək olar.

Artıq XVII əsrdən etibarən Azərbaycan ədəbiyyatında daha çox nəzərəçarpan didaktika da romantika içərisində realist baxışların ifadəsinə doğru meyli qüvvətləndirmişdir. Xüsusən, XVII əsrdə folklor üslubunda yaradılan ədəbiyyatın yeni inkişaf dövrünə qədəm qoyması, aşıq yaradıcılığının qüvvətlənməsi, epik ədəbiyyatın genişlənməsi özü ilə birlikdə ədəbiyyatda milli ruhu, ana dilinin geniş imkanlarını, xalq həyatının təsvir və tərənnümünü də nəzərəçarpacaq səviyyədə poeziyaya gətirmişdir. Bundan başqa, XVII əsrdə Saib Təbrizinin Azərbaycan ədəbiyyatına gətirdiyi "hind səpkisi" ədəbiyyatda romantik şeirdən didaktik poeziyaya doğru yeni bir meylin formalaşmasına səbəb olmuşdu. Bu xüsusiyyətlər bir az sonra - XVIII əsrdə meydana çıxacaq Molla Pənah Vaqifin poeziyasında öz əksini tapan real insan həyatının və təbiət təsvirlərinin təzahürlərinin ilkin poetik məşqləri idi. Ona görə də XVIII əsr Azərbaycan realizmi, həqiqətən də, təsviri realizm olmayıb, həyat həqiqətlərinin görünən tərəfləri, zahiri əlamətləri ilə yanaşı, daxili mahiyyətini də mənalandırmağa, bəzən isə hətta ziddiyyətləri ilə birlikdə əks etdirməyə səy göstərən erkən realist ədəbiyyat nümunəsi idi. Molla Pənah Vaqifin "Kür qırağının əcəb seyrəngahı var" şeiri uzun əsrlər ərzində romantik səviyyədə ümumi şəkildə vəsf edilmiş Azərbaycan təbiətinin yazılı ədəbiyyatdakı ilk realist təqdimatıdır. Bu, XII əsrdə Nizami Gəncəvinin "İskəndərnamə" poemasındakı "Bərdənin tərifi" adlı romantik xarakterli poetik parçanın meydana çıxmasından altı yüz il sonra yaradılmış, ölkənin təbiətini konkret coğrafi adı ilə vəsf edən şeir nümunəsi kimi mühüm əhəmiyyətə malikdir.

"Bayram oldu" şeirindəki "Bizim evdə dolu çuval da yoxdur" misrasında səslənən giley xarakterli tənqid, əslində, ədəbiyyatın gerçək həyata, milli məişətlə bağlı təəssüratların poeziyaya ayaq açmasına dönüş əhvali-ruhiyyəsinin ifadəsi idi. XVIII əsrdə artıq Azərbaycan insanının təbii obrazının canlandırılması, onun surətinin malik olduğu mühiti və məişəti, xasiyyəti və rəftarı ilə birlikdə rəsm edilməsi erkən realizmin konkret addımları idi. Molla Pənah Vaqifin şeirlərində Azərbaycan həyatının canlı danışıq dilinin bütün gözəllik və incəlikləri ilə əks olunması da realist ədəbiyyatın əsas əlamətlərindən biridir. Bu, Azərbaycan gözəlinin doğma ana dilində, milli bədii təfəkkür əsasında tərənnüm edilməsi baxımından ədəbiyyatda yeni təsəvvürün ifadəsi idi:

 

Boyun sürahıdır, bədənin büllur,

Gərdənin çəkilmiş minadan, Pəri!

Sən ha bir sonasan, cüda düşübsən

Bir bölük yaşılbaş sonadan, Pəri!

 

İxtilatın şirin, sözün məzəli,

Şəkər gülüşündən canlar təzəli.

Ellər yaraşığı, ölkə gözəli,

Nə gözəl doğubsan anadan, Pəri!

 

Molla Pənah Vaqifi şeirlərində bütün təbiiliyi ilə mənalandırdığı təbiət təsvirlərinə və obrazlara görə həm də şair-rəssam adlandırmaq olar.

Bütün bunlara görə, XVIII əsrin realizmi xarakterinə görə təsviri realizm deyil, Azərbaycan realizminin başlanğıc dövrünün ovqatını yaşayan və əks etdirən erkən realizm idi. Vaqifin realizmi Azərbaycan ədəbiyyatında realizm ədəbi cərəyanının mükəmməl bədii müqəddiməsidir. Molla Pənah Vaqifin başçılıq etdiyi erkən realizm müstəqil ədəbi cərəyandır.

Beləliklə, Molla Pənah Vaqifin başçılığı ilə Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaranması məsələsi elmi təfəkkürdə aşağıdakı mərhələlərdən keçmişdir:

Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında:

1. Realist şeirin və ya realist şeir məktəbinin yaradıcısıdır (Həmid Araslı və başqaları - XX əsrin əllinci illərindən etibarən).

2. Realist bədii metoda əsaslanan sənətkardır (Araz Dadaşzadə - XX əsrin altmışıncı illərinin birinci yarısı).

3. Təsviri realizm üslubunun nümayəndəsidir (Əziz Mirəhmədov - XX əsrin altmışıncı illərinin axırları).

4. Erkən realizm ədəbiyyatda realizmin hazırlıq mərhələsidir (Yaşar Qarayev - XX əsrin yetmişinci illərinin ikinci yarısı).

5. Erkən realizm ədəbi cərəyanının banisidir (İsa Həbibbəyli - müstəqillik dövrü).

Vaqifin məşhur "Görmədim" müxəmməsi ideya-bədii xüsusiyyətlərinə görə Azərbaycan realizminin möhkəm təməllərindən və əsas örnəklərindən biri hesab edilməyə layiqdir. "Görmədim" müxəmməsi Azərbaycan ədəbiyyatında erkən realizmin kulminasiya nöqtəsidir. "Görmədim" şeiri realizmin sonrakı mərhələsinə keçidin zərurətini bəyan edən ədəbi aktdır. Həyatın, dövrün böyük çətinliklərini və ziddiyyətlərini real gərginlikləri ilə, ümumiləşmiş şəkildə sərrast ifadə edən "Görmədim" şeirində milli realist ədəbi düşüncənin əsas xüsusiyyətləri özünün bədii əksini tapmışdır. Vaqifin yaradıcılığı, xüsusən də "Görmədim" şeiri Azərbaycan ədəbiyyatında realizm epoxasının artıq dönməz xarakter aldığını təsdiq edən ədəbi bəyanatdır. Dərin ictimai məzmunu və təsvir vasitələri ilə "Görmədim" şeirini Azərbaycan realizminin erkən dövrünün, ümumiyyətlə ədəbiyyatda realizm epoxasının başlanğıc mərhələsinin ən qüvvətli və təsirli poetik monoloqu adlandırmaq olar:

 

Mən cahan mülkündə mütləq,

                        doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm,

                        özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm təhsili-hacət görmədim.

 

...Kizbü böhtandan səvayi bir hekayət görmədim.

...Bulmadım bir dost ki, ondan bir ədavət görmədim.

...Hiç kəsdə həqqə layiq bir ibadət görmədim.

...Qədrü qiymət istəyib, qeyr əz xəsarət görmədim.

...İşlənən işlərdə ehkamü ləyaqət görmədim.

[5, s186-187]

 

Molla Pənah Vaqifin "Görmədim" müxəmməsi "Koroğlu" dastanı ilə "Molla Nəsrəddin" məktəbi arasında möhtəşəm ədəbi körpüdür. Ədəbiyyatşünaslıq elmində "Görmədim" müxəmməsində irəli sürülən fikirlərin bütün dövrlər üçün aktual və əhəmiyyətli olacağına inam ifadə olunmuşdur: "Molla Pənah Vaqifin bir çox şeiri - müstəzadı və müxəmməsi vardır. Onlardan məşhuru əbnayi-ruzigarın bivəfa və dəyanətsiz olmağı xüsusda yazdığı müxəmməsdir ki, onun məal və məzmunu necə ki dünya vardır, həmişə təzəlik və doğruluq üzrə baqi qalacaqdır". [3, s.152]

"Bayram oldu" şeirindən "Görmədim" müxəmməsinədək keçilən yaradıcılıq yolu Molla Pənah Vaqifin və onun banisi olduğu erkən realizm ədəbi cərəyanının təkamül və inkişaf mərhələsini əks etdirir. Molla Pənah Vaqifin müəllimliklə məşğul olduğu illərdən ilk şeirlərini yazdığını, pedaqoji fəaliyyətinin Şuşa mərhələsində bədii yaradıcılıqla daha ardıcıl şəkildə məşğul olduğunu nəzərə alsaq, Azərbaycan ədəbiyyatında erkən realizmin təxminən XVIII əsrin altmışıncı illərindən şairin ömrünün son günlərində yazdığı "Görmədim" müxəmməsinədək, hətta ondan sonra da ömür sürmüş Molla Vəli Vidadinin vəfatınadək keçən təxminən qırx ilə yaxın bir dövrdə formalaşma prosesi keçirdiyini və inkişaf etdiyini təsəvvür etmiş olarıq.

Beləliklə, XVIII əsrdə artıq Azərbaycan poeziyasında real olaraq insan və cəmiyyət məsələləri ədəbiyyatın "gündəliyi"ndə əsas yeri tutmuşdur. Bu dövrdə xalq-aşıq şeiri üslubu klassik lirika ənənələrini üstələmişdir. Daha doğrusu, Molla Pənah Vaqifin yaradıcılığı ilə xalq şeiri və yazılı poeziya arasındakı fərq aradan qalxmışdır. XVIII əsr Azərbaycan ədəbiyyatında heca vəznində yazılmış şeir əruz vəznli poeziyanı arxada qoymuşdur. Bu, Azərbaycan poeziyasında əruz epoxasının ilkin süqutu dövrü idi. Məhz bu mərhələdən sonra Azərbaycan poeziyasında heca vəznli şeir dönməz xarakter almış, yüksələn xətlə inkişaf etmişdir.

İdeya-bədii xüsusiyyətlərinə görə Vaqifin şeirlərini aşıq poeziyasından seçmək, ayırmaq çətindir. Məhz poeziyada gedən sadələşmə, təbiilik və xəlqiləşmə prosesləri Azərbaycan ədəbiyyatını erkən realizm mərhələsinə gətirib çıxarmışdır. Artıq XVIII əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyan kimi formalaşmağa başlamış, həmin əsrin sonlarının ictimai-siyasi hadisələrinin təsiri ilə kamala çatmışdır.

XVIII əsrin ortalarında meydana çıxmaış "Vidadi ilə müşairə" şeiri Azərbaycan ədəbiyyatında erkən realizmin sənət prinsiplərinin bəyannaməsi, nəzəri terminologiya ilə desək, manifestidir. Molla Pənah Vaqiflə Molla Vəli Vidadinin şeirləşməsində ədəbiyyata dair səsləndirilən fikirlər erkən realizmin nəzəri-estetik prinsipləri hesab oluna bilər. Molla Pənah Vaqifin "Vidadi ilə müşairə"sində təkcə Vaqifin və Vidadinin yaradıcılığında yox, geniş mənada Azərbaycan ədəbiyyatında erkən realizm üçün səciyyəvi olan ədəbiyyatda nikbinlik məsələsi izah edilmiş və müdafiə olunmuşdur. Əslində zahirən sadə görünən nikbinlik məsələsinə münasibət erkən realizm ədəbiyyatını kədər, ayrılıq, "şəbi-hicran" motivləri üstündə köklənmiş klassik romantik lirikadan fərqləndirən əsas xüsusiyyətlərdən biridir. Molla Pənah Vaqifin dostu Molla Vəli Vidadiyə cavablarında ədəbiyyatda nikbinliyin zərurəti aşağıdakı kimi ifadə olunmuş, xüsusiyyətləri nəzərə çarpdırılmışdır:

 

... Say qənimət diriliyin dəmini,

Keçən həmdəmlərin çəkmə qəmini,

Əqlin olsun, sil gözünün nəmini,

Dəxi geri gəlməz onlar ağlarsan!

 

...Keçən işdən mərd igidlər pozulmaz,

Atalar deyibdir: "Tökülən dolmaz",

Qatıq üçün qışda ağlamaq olmaz,

İnşaallah, gələr bahar, ağlarsan!

 

"Vidadi ilə müşairə" eyni zamanda erkən realizmin ön mövqeyə çəkdiyi ədəbiyyatda dünyəvilik prinsipinin bəyan olunması baxımından da əhəmiyyətlidir. Çünki klassik romantik poeziyada dünyəvi motiv süjetlərin və ideyaların olmasına baxmayaraq, orta ərslər Azərbaycan ədəbiyyatında dini-fəlsəfi baxış geniş yer tutmuşdur. İntibah dövrü və orta əsrlərdə poema janrında yazılmış əsərlərdəki minacat, nət, fəxriyyə bölmələri dini motivlər üzərində qurulmuşdur. Erkən realizm ədəbiyyatında isə islamın təməl şərtlərinə hörmət etməklə bərabər, axirətə deyil, həyata çağırış, gözəlliklərdən zövq almağa dəvət ideyası diqqət mərkəzinə çəkilmişdir. Erkən realizm üçün əhəmiyyətli olan bu sənət prinsipləri "Vidadi ilə müşairə"də aşağıdakı şəkildə mənalandırılmışdır:

 

Vidadi

Ağlamaq möminin əlamətidir,

Nəbinin dininin xoş adətidir,

Əgər bilsən, həqqin kəramətidir,

Ta gedincə, nuri-bəsər ağlarsan!

 

Vaqif

Toy-bayramdır bu dünyanın əzabı,

Əqli olan ona gətirər tabı,

Sənin tək oğlana deyil hesabı,

Hər şeydən eyləyib qubar ağlarsan!

 

Bununla belə, "Vidadi ilə müşairə" şeiri erkən yeni dövr poeziyasının mahiyyətindəki kədərin də xarakterini müəyyən edir. Bu dövrün ədəbiyyatındakı kədər motivlərində "möminlik əlamətindən" çox, həyat hadisələrindən gələn kədərli düşüncələrin, hətta bəzən yaşın, ixtiyarlığın doğurduğu acı təəssüf hisslərinin aparıcılıq təşkil etməsi məqbul hesab olunmuşdur. Molla Vəli Vidadinin aşağıdakı fikirləri erkən yeni dövr ədəbiyyatındakı kədərin "ağlar güləyən" xarakterində olduğunu bəyan edir:

 

Ağlamaq ki, vardır, məhəbbətdəndir,

Şikəstəxatirlik mərhəmətdəndir,

Əsil bunlar cümlə mürüvvətdəndir,

Olsa ürəyində, betər ağlarsan!

 

...Oğlan, sən uşaqsan, cavansan hələ,

Yenicə cisminə düşüb vəlvələ,

Təzəcə dəyənək alıbsan ələ,

Qaim tut ki, nagah düşər, ağlarsan.

 

Molla Vəli Vidadinin cavablarında erkən realizm üçün ədəbiyyatda cəmiyyətdəki ictimai bərabərsizliklərdən doğan kədərin də xarakterinə işarələr vardır:

 

Dövlətindən yetdik nanü nəməyə,

Düşdük indi cadü qatıq yeməyə,

Söz ki çoxdur, yeri yoxdur deməyə,

Əgər bilsən, ey bixəbər, ağlarsan.

 

Erkən realizm ədəbiyyatında Molla Vəli Vidadinin dostu, xeyirxahı və müasiri, dövrünün tanınmış şairlərindən biri olmuş Şəki xanı Hüseyn xan Müştaqın vəfatı münasibətilə yazılmış "Müsibətnamə" poeması, onun öz sözləri ilə desək, "sədaqəttdən" və "mürüvvətdən" yoğrulmuşdur. Molla Pənah Vaqifin "Bax" rədifli qəzəli və "Görmədim" müxəmməsi Vidadinin dediyi kimi "dünyanın ləzzəti və dadının bir gün zəhər olmasının" ifadəsidir. Molla Vəli Vidadinin dilindən deyilmiş "Söz ki çoxdur, yeri yoxdur deməyə" - misrasında ifadə olunan mətləb erkən realizmin ictimai münasibətlərin tənqidinə bəslədiyi ehtiyatlı münasibəti çox aydın şəkildə ifadə edir.

Molla Pənah Vaqiflə Vidadinin şeirləşməsi erkən yeni dövr ədəbiyyatının janr konsepsiyasını da müəyyən edir. Şeirləşmədən aydın olur ki, erkən yeni dövr ədəbiyyatı üçün xalq şeiri və aşıq poeziyası ənənəsi səciyyəvidir. Belə ki, şeirləşmədə Molla Pənah Vaqifin Vidadiyə üz tutaraq dediyi "bayatıda zehnin zirəklənibdir" - sözləri dostu və müasirinin yaradıcılığında bayatı janrının deyil, bayatı ruhunun genişləndiyini bildirir. "Bayatıda zehnin zirəklənibdir" misrası Vidadinin yaradıcılığında 1. xalq şeiri ruhunun güclənməsi, 2. kədər motivlərinin genişlənməsi, 3. xalq həyatına meylin qüvvətlənməsi mənalarını ifadə edir. Şeirləşmədə Vidadinin dilindən deyilmiş "Külli-Qarabağın abi-həyatı, Nərmü nazik bayatıdır, bayatı" misralarında da "nərmü nazik bayatı" məfhumunun geniş məna daşıdığı, ən əsası isə "Qarabağın abi-həyatı"nın timsalında xalq həyatının geniş mənzərələrinin, bütün təfərrüatlarının canlandırılmasını ifadə etdiyi misaldır. Bu baxımdan yanaşdıqda "nərmü nazik bayatı" ifadələri həm də xalq həyatını əks etdirən daha münasib janrlar kimi də başa düşülə bilər. Həqiqətən də, Molla Vəli Vidadinin yaradıcılığında xalq həyatını daha yaxından tərənnüm etməyə imkan verən qoşma janrına meyil qüvvətlənmiş, hətta o, Vaqiflə ortaq dostu olan Hüseyn xan Müştaqın ölümünə həsr edilmiş "Müsibətnamə" adlı poema yazmışdır. Vidadinin təqdimatında "Müsibətnamə" həm poemanın adını bildirən, həm də janrını müəyyən edən sözdür. Molla Vəli Vidadinin "Müsibətnamə" poeması Azərbaycan ədəbiyyatında mərsiyə janrında yazılmış ilk bədii əsərdir.

Molla Pənah Vaqifin Vidadiyə üz tutaraq dediyi "Müxəmməs deməyin seyrəklənibdir" ifadəsi ilk növbədə müxəmməsin erkən yeni dövr ədəbiyyatının əsas janrlarından biri olmasının etirafı deməkdir. İkincisi, "Müxəmməs deməyin seyrəklənibdir" - misrasında Molla Pənah Vaqif erkən realizm üçün gerçək həyatı əks etdirmək baxımından daha geniş imkanlar açan bu janrı Vidadinin arxa plana keçirməsindən narahatlığını nəzərə çarpdırmışdır. Molla Vəli Vidadi isə "Müsibətnamə" poemasını müxəmməslərdə olduğu kimi beşlik misralar üstündə qurmaqla həmin boşluğu doldurmuşdur.

Ən maraqlı cəhətlərdən biri də bundan ibarətdir ki, "Vidadi ilə müşairə"də geniş mənada erkən realizmin konkret bir yaradıcılıq istiqaməti, ədəbi axın kimi mahiyyəti və prinsipləri də bəyan olunmuşdur. Molla Vəli Vidadinin Molla Pənah Vaqifə ünvanlanmış aşağıdakı fikirləri tam mənası ilə erkən yeni dövrün də, erkən realizmin də xarakterik xüsusiyyətlərini meydana qoyur.

 

Gəl danışma müxəmməsdən, qəzəldən,

Şeri-həqiqətdən, mədhi- gözəldən,

Sənin ki, halını billəm əzəldən,

Elə deyib canan, dilbər ağlarsan!

[5, s.223]

 

Bu parçadakı "şeri-həqiqət" məna etibarilə "realist şeir" deməkdir. "Şeri-həqiqət"i realizm anlayışı kimi də başa düşmək mümkündür. Həmin misradakı "mədhi-gözəl" ifadəsi isə aydın göründüyü kimi "gözəllərin mədh edilməsi", yaxud vəsf olunması mənalarını ifadə edir. "Elə deyib canan, dilbər ağlarsan" misrasındakı gözəlliyə meyil notları "mədhi-gözəl" anlayışını tamamlayan mətləblərdir. Eyni zamanda, Vidadiyə məxsus "Söz ki çoxdur, yeri yoxdur deməyə" misrasında ifadə olunan həyatda rast gəlinən hər mətləbin üstünü açmamaq, vaxtı çatmamış sözləri dilə gətirməmək kimi fikirlər də erkən realizmin həyat həqiqətlərinə hansı səviyyədə müdaxilə etmək prinsipini dolğun şəkildə ifadə edir.

Bütün bunlar aşağıdakı kimi elmi cəhətdən ümumiləşdirilmiş nəticə çıxarmağa imkan verir: "Şeri-həqiqət" və "mədhi-gözəl" anlayışları XVIII əsrdə Molla Vəli terminologiyası ilə ifadə olunmuş Molla Pənah Vaqif realizminin təyinatıdır. Molla Pənah Vaqif realizmi isə "şeri-həqiqət"dən yoğrulmuş, "mədhi-gözəl"i tərənnüm edən, "cadü qatıq" yemək kimi zəngin real etnoqrafik çalarları olan və hələ ki, hər sözü deməyin yeri gəlib çatmadığı erkən realizmdir. "Söz ki çoxdur, yeri yoxdur deməyə" misrası erkən realizm anlayışındakı "erkən" sözünü ifadə edir. Bu prinsiplər Molla Pənah Vaqif şeirinin düsturu, erkən realizm ədəbiyyatının atributlarıdır.

"Vidadi ilə müşairə" - Azərbaycan ədəbiyyatının Məhəmməd Füzulidən sonrakı və Mirzə Fətəli Axundzadədən əvvəlki erkən yeni dövrünün şeirlə ifadə olunmuş mənzum nizamnaməsidir.

"Vidadi ilə müşairə" - Azərbaycan ədəbiyyatında Molla Vəli Vidadinin sənətə baxışı ilə Molla Pənah Vaqifin həyat və ədəbiyyat fəlsəfəsinin özünüifadəsidir.

Molla Vəli Vidadi ilə 70 yaşında, yəni 1777-ci ildə baş tutmuş şeirləşmə Azərbaycan ədəbiyyatında təxminən XVIII əsrin ortalarından başlamış yeni tipli şeir-sənət prinsiplərinin ümumiləşdirilmiş yekunu, Vidadi Xəstənin vəfatına qədər davam edən erkən yeni dövr ədəbiyyatının bəyanatıdır.

"Vidadi ilə müşairə" - Molla Pənah Vaqiflə Vidadinin şeirləşməsi, erkən yeni dövr Azərbaycan ədəbiyyatının və erkən realizm ədəbi cərəyanının manifesti və nəzəriyyəsidir.

Dünya ədəbiyyatında ədəbi cərəyanlar üçün zəruri sayılan ədəbi prosesi istiqamətləndirən ədəbi-ictimai mərkəzin və ya hər hansı bir mərkəzi iqamətgahın mövcudluğu baxımından da XVIII əsrin ikinci yarısından etibarən real imkanlar yaranmışdır. Bu baxımdan erkən realizmin ədəbi cərəyan kimi formalaşmasında xan sarayları mərkəzi əlaqələndirici funksiyanı yerinə yetirmişdir. Orta əsrlərdəki dəbdəbəli saray həyatından fərqli olaraq, XVIII əsrin xanlıqlar hakimiyyəti sarayı xeyli dərəcədə xalqa yaxın idi. Çoxsaylı Azərbaycan xanlıqları konkret bir coğrafiyanı əhatə etdiyi üçün həmin ərazidə olan az-çox savadlı və bacarıqlı qüvvələri öz hakimiyyəti ətrafında birləşdirməyə çalışmışdır. Azərbaycan xanlıqlarının saraylarında xalq içərisindən idarəetməyə cəlb edilmiş mirzələr, çaparlar, kitabdarlar, qulluqçular, xan qvardiyasının üzvləri hakimiyyət sülaləsi ilə birlikdə yaşayıb-işləmişlər. Hətta xan sarayı mühitində aşıq məclisləri də təşkil olunurdu. Ona görə də XVIII əsrdə orta əsr saray-sülalə hakimiyyətindən xalq hakimiyyətinə doğru müəyyən dönüş başlanmışdı. Xan sarayları siyasi-inzibati mərkəz olmaqla bərabər, həm də müəyyən mənada ədəbi-mədəni mərkəz funksiyasını da həyata keçirməkdə idi. Bir çox xanlıqlarda xan saraylarının "Xan evi" adlandırılması sarayın xarakterindəki xalqa yaxınlıqla əlaqədar baş vermiş dəyişikliyin ifadəsi idi. Bu mənada XVIII əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin, xüsusən də dövrün ən görkəmli sənətkarlarından olan Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin yetişib formalaşmaları və yaradıcılıqlarını inkişaf etdirmələrində xanlıqlar dövrü hakimiyyət saraylarının bu fərqli xarakteri özünəməxsus rol oynamışdır. Molla Pənah Vaqifin Qarabağ Xan sarayında Baş vəzir vəzifəsində çalışması burada xalqla, ölkənin və regionun söz-sənət adamları ilə əlaqələrin bir qədər də genişlənməsinə səbəb olmuşdur. Bütün bunlar XVIII əsrdə xan sarayları ilə bağlı olan, yaxud buradan idarə edilən ədəbi hərəkat vasitəsilə erkən realizmin ədəbi cərəyan kimi formalaşmasına öz təsirini göstərmişdir.

Mirzə Fətəli Axundzadənin adı ilə bağlı olan maarifçi realizm ədəbi cərəyanı üçün Tiflisdə fəaliyyət göstərmiş "Divani-hikmət" ədəbi məclisi və ölkədəki digər ədəbi məclislər, Cəlil Məmmədquluzadənin başçılıq etdiyi tənqidi realizm ədəbi cərəyanından ötrü "Molla Nəsrəddin" jurnalı, Əli bəy Hüseynzadənin önə çıxardığı romantizm ədəbi cərəyanının nümayəndələrinə görə "Füyuzat" jurnalı hansı rola və mövqeyə malikdirsə, Molla Pənah Vaqifin istiqamətləndirdiyi erkən realizmin də ədəbi cərəyan kimi formalaşdırılması və inkişaf etdirilməsində dövrünə görə onun Baş vəzir olduğu Xan Evi müəyyən səviyyədə ona bənzər həmin funksiyanı həyata keçirmişdir.

Bundan başqa, XVIII əsrin ikinci yarısında ədəbi cərəyanlar üçün əsas şərtlərdən olan Azərbaycanda eyni ideya-sənətkarlıq istiqamətində vahid mövqedən yazıb-yaradan şairlərin özünəməxsus şəbəkəsi də var idi. Şəmkirdən Molla Vəli Vidadinin, Şəki xanlığından Hüseyn xan Müştaqın, şair Nəbi və Rafeinin, Qarabağdan Ağqız oğlu Piri, Sarı Çobanoğlu, Əliağa Alim, Əbülfət xan Tuti və başqalarının Molla Pənah Vaqifin ətrafında birləşmələri, onun sənət yolunu qəbul edib, bu xətti yaradıcılıqla davam etdirmələri erkən realizmin ədəbi cərəyan kimi formalaşması və inkişafında mühüm rol oynamışdır.

Göründüyü kimi, Molla Pənah Vaqifin əsasını qoyduğu olduğu erkən realizm ədəbi cərəyanı kifayət qədər istedadlı şairləri və digər yaradıcı qüvvələri öz ətrafında birləşdirmişdir. Müasirləri olan şairlərdən hər biri vahid ideya-sənətkarlıq mövqeyindən çıxış edən yaradıcı qüvvələr olmalarına baxmayaraq, onlar erkən realizmi fərqli mövzu və ideyalarla, habelə yeni bədii təsvir və ifadə vasitələri ilə zənginləşdirmişlər. Molla Pənah Vaqif erkən realizmin yaradıcısı kimi həmin ədəbi qüvvələri öz ətrafında birləşdirmiş və yaradıcılıq baxımından istiqamətləndirmişdir. Nəticədə erkən realizmin özünəməxsus ədəbi şəbəkəsi yaranmış və bu, yeni tipli ədəbiyyat çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafı tarixində xüsusi bir mərhələ təşkil etmişdir.

Erkən realizm mərhələsi Azərbaycan ədəbiyyatında realist meylin davamlı prosesə çevrilməsi üçün mühüm zəruri şərtləri hazırlamışdır. Erkən realizm - Azərbaycan ədəbiyyatında realist hərəkatın təməli, bünövrəsidir. Erkən realizm - sadəcə təmayül deyil, özünəməxsus ideya-estetik prinsipləri olan ədəbi cərəyandır. Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında erkən realizm ədəbi cərəyanının yaradıcısı və banisidir. Erkən realizm - klassik romantik ədəbiyyatdan ayrılmış realizmin başlanğıc mərhələsidir. XVIII əsrin ədəbi hadisəsi olan erkən realizm bir qədər sonra XIX əsrdə yaranmış maarifçi realizmi hazırlamışdır.

Məlum olduğu kimi, Molla Pənah Vaqif həm də özünün adı ilə adlandırılan Vaqif ədəbi məktəbinin də yaradıcısıdır. Vaqif ədəbi məktəbi ilə Vaqifin yaradıcısı olduğu erkən realizm ədəbi cərəyanı yaxın anlayışlar olsa da, eyni deyildir. Vaqifin Azərbaycan ədəbiyyatına gətirdiyi nikbinlik, gözəllik, dünyəvilik, gerçəklik ideyaları həm Vaqif ədəbi məktəbinə, həm də erkən realizm ədəbi cərəyanına aid olan sənət prinsipləridir. Bundan başqa, Molla Pənah Vaqifin xalq-aşıq şeiri ənənəsi ilə yazılı poeziya arasındakı fərqi aradan qaldıraraq, aşıq şeiri tərzini yazılı ədəbiyyatın əsas istiqamətinə çevirməsi, heca vəznli şeirin əsaslarını yaratması, xalq həyatının təsvir və tərənnümünü ön mövqeyə çəkməsi, habelə yaradıcılığındakı tənqidi motivlər Vaqif ədəbi məktəbi üçün də zəruri faktorlardır. Bununla belə, digər bütün ədəbi məktəblər kimi, məsələn, Nizami ədəbi məktəbi, Füzuli ədəbi məktəbi, Mirzə Fətəli Axundzadə, "Mola Nəsrəddin" ədəbi məktəbləri kimi, Vaqif ədəbi məktəbi də erkən realizm ədəbi cərəyanından daha uzunömürlü ədəbiyyat hadisəsidir. Vaqif ədəbi məktəbi əsrdən-əsrə yaşayıb, özündən sonrakı ədəbiyyatın inkişafına təsir göstərməkdə davam edən Vaqif şeiri ənənələri deməkdir. Bu mənada Vaqif ədəbi məktəbi ənənəsi XIX-XX əsrlərdə və hazırda müstəqillik dövründə də davam etməkdədir. Lakin başqa ədəbi cərəyanlar kimi, erkən realizm də konkret zaman çərçivəsində, XVIII əsrin 60-90-cı illərində fəaliyyət göstərmiş ədəbi cərəyandır. Erkən realizm ədəbi cərəyanı Vaqif ədəbi məktəbinin ideya-sənətkarlıq prinsiplərini müəyyən etmişdir. Ədəbiyyat tarixində heç də bütün ədəbi məktəb yaradanlar həm də ədəbi cərəyan formalaşdıra bilməmişlər. Həm ədəbi məktəb, həm də ədəbi cərəyan yaratmaq Azərbaycan ədəbiyyatı tarixində Molla Pənah Vaqif ilə Mirzə Fətəli Axundzadəyə və Cəlil Məmmədquluzadəyə müyəssər olmuşdur.

Azərbaycan ədəbiyyatının xüsusi bir inkişaf mərhələsi kimi formalaşdırılmasında, erkən realizm ədəbi cərəyanının yaradılmasında Molla Pənah Vaqifin müstəsna xidmətlərini Alim təxəllüsü ilə şeirlər yazmış oğlu Əliağanın şairin sağlığında bəyan etdiyi aşağıdakı fikirlərini əyani şəkildə mənalandırır:

 

Alim, bu söz ilə elədim fəhmini izhar,

Qıldım çü hesabı.

Bilsin bu xəlayiq, deyirəm mən dəxi əşar,

Həm böylə cavabı.

Ol Vaqifin, əlbəttə, bu sözdən mənə zinhar,

Tutmasın itabı.

Onun sözünə qarşı deməyə nə hədim var,

Açman bu hicabı.

Odur bu cahanda, bəli hər elmə xəbərdar,

Yoxdur dəxi babı.

Mən həm bilirəm, oxumuşam dərs ilə təkrar

Quranı kitabı.

Kəs ataya söz qaytara məhşər günü qəhhar

Çox verər əzabı.

 

Xanın ki, əgər lütfü ola bəndəyə bir bar,

Dildən aça babı.

 

Beləliklə, erkən realizm Azərbaycan ədəbiyyatında realizmin ilkin sənət vəsiqəsidir.

Erkən realizm - Molla Pənah Vaqifin və müttəfiqlərinin realizmidir.

Erkən realizm - ədəbiyyatda Məhəmməd Füzuli epoxası ilə Mirzə Fətəli Axundzadə epoxası arasında körpüdür.

Erkən yeni dövr Azərbaycan ədəbiyyatı özündən sonra gələn real yeni dövrün, "kamal axtarışlarında" olan maarifçi realizm epoxasının baş məşqidir.

Erkən realizm - Molla Pənah Vaqifin adı və sənəti ilə bağlı olan Vaqif ədəbi məktəbinin ideya-nəzəri əsaslarını, sənət prinsiplərini müəyyən edən ədəbi cərəyandır.

Vaqif ədəbi məktəbi - erkən realizm ədəbi cərəyanının ideya-estetik prinsiplərini, sənətkarlıq xüsusiyyətlərini yaşadaraq, yaradıcılıqla inkişaf etdirən, milli ədəbiyyatın sonrakı inkişafına təkan verən uzunömürlü sənət məktəbidir.

Erkən realizm - XVIII əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatının ədəbi hadisəsidir.

Erkən yeni dövr - müstəqillik epoxasında da ədəbiyyatda yeni tarixi mərhələ yaratmağa çağırışın reallığıdır.

 

Ədəbiyyat qəzeti

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015