AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Dünyanı idrakın Mif və Nizami paradiqmaları professor Seyfəddin Rzasoyun filoloji-estetik və sosial-antropoloji baxışlar sistemində
Avg 02, 2021 | 02:57 / Yubileylər
Oxunub 137 dəfə

Otuz ildən artıq müddətdə inadlı elmi axtarışları, folklor, mifologiya, klassik bədii irs, ədəbi proses, milli filoloji düşüncə istiqamətləri üzrə milli mədəniyyətin müxtəlif faktlarına orijinal nəzəri yanaşmaları ilə müasir Azərbaycan humanitar elmi düşüncəsinin mötəbər imzalarından birinə çevrilmiş Seyfəddin Rzasoyun “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” kitabını “ön söz” müəllifi statusunda təqdim etmək nə qədər çətin olsa da, həm olduqca şərəfli, həm də kifayət qədər məsuliyyətlidir.
Bunun bir səbəbi tədqiqatın obyektini təşkil edən Müəllifin və Əsərin (Nizami və “Yeddi gözəl”) dünya bədii-fəlsəfi fikir tarixində, hətta bəşəriyyətin humanitar tərəqqisində mövqeyinin və rolunun müstəsna dərəcədə miqyaslılığı ilə bağlıdırsa, digər bir səbəbi tədqiqatçı müəllifin və tədqiqat əsərinin Müəllifə və Əsərə tamamilə yeni nəzəri-metodoloji yanaşması ilə əlaqədardır.
Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Seyfəddin Rzasoy həm dünya humanitar elmi düşüncəsinin metodoloji yanaşmalarına söykənən nəzəri araşdırmaları, həm də özünə məxsus orijinal konseptual baxışları ilə müasir humanitar düşüncəmizi zənginləşdirən, ona nəzəri yön verən alimlərdəndir.
Tədqiqatda yeni nəzəri-metodoloji yanaşma ilk növbədə onunla şərtlənir ki, burada Nizami poeziyası, bu poeziyanın kütləvi bədii zövqü təmin etmək baxımından ən estetik, mistik-mifik kollapslarla zənginlik baxımından ən ezoterik mətn tipi olan “Yeddi gözəl” məsnəvisi ilk dəfə olaraq dünya modeli və onun folklor-mifoloji genezisi baxımından araşdırmaya cəlb edilir. Hesab edirik ki, tədqiqatın yeniliyini hər şeydən əvvəl məhz mətnə tətbiq edilən nəzəri-metodoloji yanaşmanın özündə – Nizami yaradıcılığının dünya modeli kontekstində araşdırılmasına edilən cəhddə və onun kifayət qədər uğurlu nümunəsinin ortaya qoyulmasında axtarmaq lazımdır. Çünki olduqca çoxqatlı, mürəkkəb sintaqmatik və paradiqmatik struktura malik, ideya-fəlsəfi və bədii-estetik genezisi özünəqədərki fikir tarixinin bütün zənginliyini ehtiva edən, özü isə heç bir bədii-estetik, dini-mistik, fəlsəfi-ideoloji təsisatın qəlibləri çərçivəsinə sığmayan, əksinə, onların hamısını universal bədii-fəlsəfi struktur bütövlüyündə birləşdirib yeni keyfiyyət halında üzə çıxaran, funksional semantikası estetikliyin, sosiolojiliyin, koqnitivliyin hüdudlarını aşıb keçən, sosial-humanitar tərəqqidəki rolu daha çox müqəddəs kitabların funksionallıq keyfiyyətlərini assosiasiya edən Nizami Gəncəvi yaradıcılığı Seyfəddin Rzasoyun formullaşdırdığı “dünya modeli” nəzəri-metodolojisindən salınan işıqda tamamilə yeni elmi mənzərədə üzə çıxır. Tədqiqatda müəllif dünya modelini son dərəcə aydın, anlaşıqlı və lakonik olaraq “dünya haqqında təsəvvürlər sistemi, dünyanın şüurda modelləşmiş obrazı” kimi formulə edir. Onu da qeyd edir ki, dünya modeli fərdi şüurda modelləşmiş obraz olmaqla yanaşı, həm də epoxal səciyyə daşıyır: “Hər bir epoxanın sistemləşmiş idraki təcrübəsini nəzərdə tutan (fərqləndirmə bizimdir – S.X.) dünya modeli – dünya obrazı var. Nizaminin yaşadığı XII əsr orta çağ dünya modelini gerçəkləşdirir. Şüur hadisəsi olan dünya modeli bu şüur daşıyıcılarının maddi-mənəvi fəaliyyət məhsullarında gerçəkləşir. Nizami “Yeddi gözəl”i də (o cümlədən bütövlükdə “Xəmsə” və onun hər bir poeması) orta çağ dünya modelini gerçəkləşdirən mətndir. Bu baxımdan, monoqrafiyada “Yeddi gözəl”, ilk növbədə, orta çağ dünya modelini poetik söz kodu ilə gerçəkləşdirən mətn hadisəsi kimi götürülür. Hər bir mətn öz arxetipik strukturuna malikdir. Orta çağ dünya modeli tarixi şüurun obrazı kimi, öz arxetipik kökləri baxımından mifoloji şüurun obrazı olan mifoloji dünya modelinə malikdir. Bu cəhətdən, monoqrafiyada orta çağ dünya modeli Nizami “Yeddi gözəl”i mətni əsasında bərpa olunur və bu əsasda onun mifoloji arxetipi ilə əlaqələri öyrənilir”.
Bu, müəllifin gördüyü iş haqqında onun özünün ən ümumi dəyərləndirməsidir. Əgər biz bu ümumi dəyərləndirməni ənənəvi fənn təsnifatının metodoloji normativlərinə tabe etdirərək “oxumağa” çalışsaq, onda böyük ehtimal ki, absurda müncər olacağıq. Çünki müəllif tərəfindən Nizami mətninə münasibətdə müəyyənləşdirilən bu elmi hədəf ayrılıqda götürülən heç bir fənnin – nə filologiyanın, nə folklorşünaslığın, nə fəlsəfənin, nə antropologiyanın, nə də kulturologiyanın nəzəri-metodoloji bazası ilə şərtlənmir. Bütün bunlarla yanaşı, tədqiqatda qarşıya qoyulan hədəf, işin ümumi dəyərləndirilməsi heç bir halda absurd təsiri bağışlamır. Bunun səbəbi hər şeydən əvvəl müəllifin elmi düşüncəsinin tipologiyası ilə bağlıdır. Ən ümumi mənada identifikativ işarəsi “humanitar elmi düşüncə” kimi müəyyənləşdirilə bilən Seyfəddin Rzasoyun elmi düşüncəsi tipoloji özəlliyi baxımından daha çox multidissiplinar səciyyə daşıyır. Tədqiqatda Seyfəddin Rzasoy:
– bir tərəfdən, Nizami Gəncəvi yaradıcılığının bədii mətn tipi üzərində olduqca peşəkar filoloji təhlillər aparmağı bacaran filoloq-ədəbiyyatşünasdır;
– digər tərəfdən, “Yeddi gözəl” mətninin genezisində duran mifoloji modellərin transformasiyalarını rekonstruksiya edən mifoloq-folklorşünasdır;
– başqa bir yöndən, Nizami Gəncəvi yaradıcılığını müxtəlif kulturoloji epoxaların və onların mədəni-ideoloji paradiqmaları qovşağında dəyərləndirməyi bacaran kulturoloq alimdir;
– tamamilə başqa bir aspektdə isə bədii mətni gerçəkliyin idrakda inikası prosesi kimi modelləşdirməyi bacaran strukturalist filosofdur və s.
Seyfəddin Rzasoy yaradıcılığında bu istiqamətlərin dəqiq sərhədlərini müəyyənləşdirmək mümkün deyildir. Son qırx illik çoxistiqamətli aramsız mütaliənin və ondan daha amansız bir inadkarlıqla idrak axtarışlarının, bunların hər ikisindən daha vacib olaraq düşüncə azadlığının hesabına Seyfəddin Rzasoyun təfəkküründə elə bir elmi təhlil aparatı formalaşmışdır ki, onu ayrılıqda götürülən mövcud nəzəri-metodoloji yanaşmalardan hansısa birinə aid etmək mümkün deyil. Məhz bunun nəticəsidir ki, bu monoqrafiyadan salınan idraki işıqda görünən Nizami Gəncəvi yaradıcılığı bütün mürəkkəbliyi ilə Seyfəddin Rzasoyun baxış bucağından görünən Nizami Gəncəvidir. Ustadımız Yaşar Qarayev yazırdı ki, “Nizami təfəkkürünün və şəxsiyyətinin miqyası və hüdudları özünün bütün zənginliyi ilə yalnız o zaman meydana çıxar və tam həcmdə görünər ki, bu fenomen bütün tarix və bəşər miqyasında ona salınan nəzərin işığında, bədii tərəqqinin Şərq və dünya kontekstində nəzərdən keçirilsin və təhlil olunsun”. Bu cəhətdən, Seyfəddin Rzasoyun Nizaminin “Yeddi gözəl” məsnəvisinə tətbiq etdiyi və “dünya modeli” kimi işarələnə bilən nəzəri yanaşma məhz ustad Yaşar Qarayevin qeyd etdiyi və bu mənada milli nizamişünaslıqda az təsadüf etdiyimiz təhlil nümunələrindəndir.
Təqdim olunan araşdırmada Nizaminin “Yeddi gözəl” məsnəvisində dünya modelinin strukturu, bir tərəfdən, mifik çağdan Nizami dövrünə qədərki olduqca zəngin müxtəlif sosial-mədəni təsisatların, bədii-fəlsəfi fikir cərəyanlarının kontekstində, digər tərəfdən, Nizaminin öz dövrünün hakim ideoloji paradiqmaları kontekstində nəzərdən keçirilir. Lakin müəllif özü onları, haqlı olaraq, üç iri yarus üzrə bloklaşdırır: mif, folklor və təsəvvüf. Müəllifin elmi təqdimində bu yaruslar orta çağ dünya modelinin struktur təşkilinin əsas sxemləri kimi Nizami yaradıcılığında, o cümlədən “Yeddi gözəl” məsnəvisində olduqca mürəkkəb münasibətlər şəbəkəsinə malikdir.
Mif: Müəllifin qeyd etdiyi kimi, mifoloji dünya modelinin, yəni dünyanın insan şüurundakı mifik obrazının tarixi şüur mərhələsində də öz mövcudluğunu qoruyub saxlaması, xüsusən mədəniyyətin müxtəlif faktlarının semantik strukturunda şərtləndirici amil statusunda çıxış etməsi tamamilə təbii sosial-kulturoloji bir prosesdir. Lakin tədqiqatda müəllifin Nizami yaradıcılığında mifi xüsusi şəkildə fokuslaşdırması yalnız buna görə deyildir. Seyfəddin Rzasoya görə, mif və Nizami problemi bilavasitə şairin bədii-fəlsəfi axtarışlarından qaynaqlanmaqla daha geniş aspektlərə malikdir. Müəllif qeyd edir ki, Nizami yaradıcılığında mif problemi, əslində, şüur və gerçəklik, insan və dünya, cəmiyyət və təbiət, sosium və reallıq münasibət səviyyələrini əhatə edən problemdir.
Məlumdur ki, Nizaminin çoxistiqamətli bədii-fəlsəfi ideya hədəfini həm də harmoniya axtarışı kimi də səciyyələndirmək mümkündür. Bu, Nizami yaradıcılığında müxtəlif paradiqma səviyyələrində təzahür edir: daxili mənəvi harmoniya, sosial harmoniya, təbiət və cəmiyyət münasibətlərində harmoniya, insan və Allah münasibətlərində harmoniya, şah və rəiyyət münasibətlərində harmoniya və s.
Məsələ bundadır ki, məhz mifologiyada xaosun kosmosla əvəzlənməsi ideyası mifik düşüncənin əsas səciyyəsini təşkil edir. Məsələn, E.M.Meletinski yazırdı ki, mifin başlıca pafosu xaosu aradan qaldırıb onu nizamlı, əlverişli, “rahat” kosmosla əvəzləməkdən ibarətdir.
Mifin xaos-kosmos əvəzlənməsi ideyası ilə Nizami Gəncəvinin harmoniya axtarışları arasında olduqca dəqiq anologiyalar tapan Seyfəddin Rzasoy tədqiqatda mifin Nizami yaradıcılığında iştirakının statusunu “humanitar ideyalar kimi paradiqmatik-bədii məna layları” şəklində müəyyənləşdirmişdir. Müəllif “Yeddi gözəl” mətnində əks olunan çoxsaylı mifik süjetlərin təhlili əsasında inandırıcı dəlillərlə sübut edir ki, Nizami yaradıcılığında bədii-estetik enerjinin əsas qaynaqlarından biri mifin sublimasiya olunmuş stixial enerjisidir. Bunun əsas səbəbi mifin stixial enerjisinin də əsasında təbiətlə harmonik münasibətlər axtaran insanın antropoloji universalizmi durur.
Hesab edirik ki, müəllifin tədqiqatda bu istiqamətdə əks olunmuş nəzəri fikirləri yalnız Nizami yaradıcılığının deyil, hətta indi həm dünya ədəbiyyatında, həm də milli bədii düşüncəmizdə kifayət qədər intensiv təsadüf etdiyimiz mifik mətnlər əsasında yaranan müasir bədii düşüncə faktlarının araşdırılması üçün metodoloji açar rolunu oynaya bilər.
Onu da qeyd etmək istərdik ki, yalnız Nizami yaradıcılığında deyil, bütövlükdə mədəniyyətdə mifin iştirakı və rolu məsələsi Seyfəddin Rzasoy yaradıcılığında aparıcı paradiqmanı təşkil edir. Azərbaycan folklorşünaslığında miflərə donuq struktur kontekstində deyil, mifoloji düşüncənin funksional struktur mexanizmləri kimi ilk dəfə məhz S.Rzasoy yanaşmış və Oğuz mifinin rekonstruksiyasına dair apardığı çoxsaylı araşdırmalarda həmin mexanizmləri Oğuz eposunun paradiqmatik və sintaqmatik səviyyələrində funksional struktur modelləri statusunda aşkarlaya bilmişdir. Yəni müəllif göstərmişdir ki, mif üçün xarakterik olan düşüncə mexanizmləri tarixi düşüncənin dastan kodu, bədii düşüncə kodu səviyyəsində də eyni funksiyanı yerinə yetirir. Bununla da müəllif mif ilə dastan (folklor), mif ilə bədii düşüncə arasında əlaqələrin funksional struktur mexanizmləri səviyyəsində canlı şəkildə qaldığını sübut etməyə nail olmuşdur.
Folklor: Seyfəddin Rzasoya görə, folklor Nizami yaradıcılığında mifologiya ilə ədəbiyyat arasında əlaqələndirici funksiyanı yerinə yetirir. O, qeyd edir ki, Nizami yaradıcılığında aşkarlana bilən bütün mifoloji strukturlar onun mətninə folklor statusunda, yəni folklor mətnlərinin vasitəsilə daxil olmuşdur. Tədqiqatda folklorun belə əlaqələndirici funksiyası olduqca mürəkkəb nəzəri modellər, xüsusən dünyada struktur antropologiyanın görkəmli nümayəndəsi Levi-Strosun mədəniyyətdə binar oppozisiyalar haqqındakı nəzəri baxışları əsasında izah edilmişdir. S.Rzasoyun folklorun Nizami yaradıcılığındakı funksiyası barədəki düşüncələrinin əsasında alimin bir mədəniyyət fenomeni kimi folklorun milli mədəniyyət sistemindəki funksional semantikası haqqında aydın qənaətləri durur.
Seyfəddin Rzasoya görə, folklor etnokosmik düşüncə modeli, etnik özünüifadə və davranışı kodudur. Nizami yaradıcılığında folklorun funksional mahiyyəti, xüsusən onun orta çağ dünya modeli kontekstində mif və ədəbiyyat arasında əlaqələndirici funksiyası müəllifin folklor barədə bu ümumnəzəri qənaətinə əsaslanır.
Təsəvvüf: Araşdırmada İslami dünyagörüşü, ortodoskal İslamın tövhid ideyasının mistik-fəlsəfi (heteredoks) paradiqması olan təsəvvüf təlimi Nizami yaradıcılığında əks olunan orta çağ dünya modelinin əsas yaruslarından biri olaraq götürülür. Bu da tamamilə təbidir. Çünki İslam sivilizasiyası tarixində insanın həqiqəti azad, buxovsuz, kənar təsirlərsiz dərketmə cəhdi kimi meydana çıxan təsəvvüf fəlsəfədə konseptuallıq, bitkin nəzəri sistem xarakteri kəsb etmişdirsə, sənətdə, poeziyada dövrün ictimai atmosferini şərtləndirən mənəvi-əxlaqi dəyərə çevrilmişdir. Həm də akademik Yaşar Qarayevin qeyd etdiyi kimi, məhz poeziyada o, mistik ifratlardan təmizlənmiş və sənətə çevrilən poetik din və fəlsəfə şəklini almışdır. Bütövlükdə isə təsəvvüfün İslam mədəniyyətindəki rolunu yenə də Yaşar Qarayevin aşağıdakı düsturu çox dürüst müəyyənləşdirir: “Əgər Avropa intibahı xristianlıqla antik ənənənin sintezi kimi yaranırsa, “Müsəlman renessansı” İslamla sufizmin qaynağı kimi meydana çıxır. Avropa və Şərq intibahları arasında əsaslı əhval-ovqat fərqi də elə buradan irəli gəlir. Təsəvvüfün müsəlman intibahında belə əsaslı iştirakı sufi ideyanın mədəniyyətin bu və ya digər sahəsində ifadəsinin son nəticədə sənət hadisəsinə çevrilməsi ilə bağlı idi. Zaman-zaman sufi ideya özünü Sənainin, Əhməd Yəsəvinin, Yunus İmrənin, Cəlaləddin Ruminin, Hafizin, Nəsiminin, Caminin, Füzulinin timsalında sənətdə dərk etdi. İstənilən fəlsəfi fikrin, ideoloji təsisatın sənətdə ifadəsi yalnız bu halda (özünü sənətdə dərk!) sənət hadisəsinə çevrilir. Bütün başqa hallarda sənət təyinolunan statusunda qalır: poetik din, poetik fəlsəfə deyil, dini poeziya, fəlsəfi poeziya kimi. Təsəvvüflə sənətin qarşılıqlı münasibətlərindən yaranan orta əsrlərə məxsus poetik mətnləri bunlardan yalnız biri kimi (ya poetik din, ya dini poeziya) qəbul etmək mümkün deyil. Çünki təsəvvüf poeziya ilə münasibətdə bu mərhələlərin hər ikisindən keçib, hətta ayrıca bir şairin yaradıcılığında dini poeziya ilə poetik dinin paralelliyinə də rast gəlmək mümkündür”.
Seyfəddin Rzasoy təsəvvüfün Nizami yaradıcılığında iştirakı ilə bağlı haqlı olaraq belə bir fikir irəli sürür ki, şair təsəvvüfün ideya bazasından, xüsusən kamil insan konsepsiyasından geniş istifadə etsə də heç bir halda bütövlükdə bu və ya digər təriqətin təsir dairəsində olmamışdır. Bütün digər təlimlər kimi təsəvvüf də bu nəhəng yaradıcılığın üzvi tərkib hissəsinə məhz nizamiləşərək çevrilə bilmişdir. Tədqiqatda qeyd olunan bu cəhət, xüsusən Bəhram obrazının mənəvi-əxlaqi kamilləşmə yolunun təhlili əsasında geniş şərh edilmişdir. Seyfəddin Rzasoy qeyd edir ki, “orta çağ Vahid Dünya informasiyası Allah-Dünya-İnsan silsiləsini məzmunlaşdırırdı. Bu informasiyaya görə, Allah – Zəruri Varlıq qatı idi. Dünya və insan isə bu qatın teoinformativ çevrilməsi, yəni əbədilikdən məhrum heçlik qatları idi. Beləliklə, Teokosmun insan idrakı üçün qapalı olan məzmunu makrokosm və mikrokosm silsiləsi şəklində teoinformativ simvollara çevrilirdi. Orta çağ dünya modeli bütövlükdə bu teoinformativ simvolları incələməklə məşğul idi. Nizami Bəhramı da bu axtarışların məhsulu idi. Bəhram əsərdə bütün mövcudluğu etibarilə Allah-Dünya-İnsan silsiləsinin həlqəsidir və bu silsilənin proqramlaşdırılmış, yəni idarə olunan fiqurudur”.
Gündəlik yaşam prinsipləri sakral meyarlara əsaslanan Seyfəddin Rzasoyun araşdırmalarında bəzən ümumən mədəniyyətlə, folklorla bağlı ümumnəzəri qənaətlərin teoloji istiqamətdə üzə çıxmasının da şahidi oluruq. Məsələn, müəllif mədəniyyəti strukturlaşdıran potensiyanın səbəb-nəticə əlaqəsinə əsaslanan ilkin genezisi məsələsinə münasibətdə nəinki etnomədəni və ümumbəşəri, bütövlükdə Tanrı və Varlıq münasibətləri kontekstinə gəlib çıxır. Müəllif yazır: “Bütün tiplər arxetipə, bütün formalar arxeformaya gedib çıxdığı kimi, bütün enerjilər də ilahi potensiya olan vahid enerjiyə dayanır. Bu vahid enerji varlıq aləmində yaradılışın ilahi təsnifat strukturuna uyğun şəkillənmişdir. Etnoenergetika vahid enerjinin tərkib hissəsi, yaxud sublimativ şəkillənməsi olaraq öz mahiyyəti etibarilə fiziki enerji ilə eyni yuvaya girir”.
Seyfəddin Rzasoyun teoloji mövqeyində diqqət çəkən məqam ondan ibarətdir ki, müəllif etnoenergetikanı ilahi başlanğıcla əlaqələndirsə də, özü heç bir halda ortodoksal metafizikə çevrilmir. O, ümumfəlsəfi baxışları etibarilə idealist dialektik mövqeyi ilə diqqəti daha çox cəlb edir. Bunun nəticəsidir ki, Seyfəddin Rzasoy mədəniyyətə ilahi strukturlaşma kimi baxır. Biz onun araşdırmalarında filoloji ilə teolojinin yeni keyfiyyətdə sintezini görürük. Təfəkkürün transformasiyasını müşahidə edirik. Elmi normativlərin dağıdılması cəsarətini, məhz özünüyaratmaq eşqini, bütün bunların isə elmi professionallıqla ifadə olunmasını görürük. Təfəkkürün bu teoloji improvizəsi isə humanitar elmi reqlamentliliklə hesablaşmayacaq səviyyədədir. Bu yaxşıdır, yoxsa pis?
Seyfəddin Rzasoy elə bir imzadir ki, o, yaxsı-pis qiymətləndirilməsindən asılı olmayaraq bütün hallarda hadisədir.
Bizim Seyfəddin Rzasoyun yaradıcılığı üzərində apardığımız müşahidələrimiz nəticəsində gəldiyimiz qənaət ondan ibarətdir ki, Seyfəddin Rzasoya görə, mədəniyyətdə:
1. Strukturlaşmanın akkumulyativ mənbəyi – etnosun psixoloji özünüifadə potensialıdır.
2. Strukturlaşmanın məkan müstəvisi – kollektiv etnik yaddaşdır.
3. Strukturlaşmanın zaman müstəvisi – fərdi yaddaşlardan kollektiv etnik yaddaşın formalaşmasının diaxronik prosessuallığıdır.
4. Strukturlaşmanın funksional strukturu – strukturlaşmanın alt sistemlərinin funksional strukturunun həm bir-biriləri ilə, həm də ümumən bütövlükdə sistemin özünün funksional strukturu ilə məqsədəmüvafiq uyğunluğudur.
Hesab edirik ki, Seyfəddin Rzasoyun elmi fikir dövriyyəsinə daxil etdiyi çoxsaylı yeni anlayışlar perspektivdə mühüm inkişaf potensialına malikdir. Onlar gələcəkdə sırf elmi aspektdən yeni-yeni interpretasiyalarını tapmaqla folklorşünaslıq elmimizdə yeni nəzəri tendensiyaların yaranmasına səbəb olacaqdır.
Heç şübhəsiz, Nizami ilində oxucuların ixtiyarına təqdim edilən bu əsər milli nizamişünaslığımızın inkişafına, xüsusən Nizami yaradıcılığının müasir nəzəri-metodoloji baxışlar əsasında tədqiqi istiqamətinin inkişafında mühüm rol oynayacaqdır.
Sonda son illər filologiya və folklorşünaslıq sahəsində bir neçə nəslin özünün müəllimi hesab etdiyi Seyfəddin Rzasoyun psixoloji portreti haqqında da fikirlərimizi oxucularla bölüşmək istərdik. O, yüksək mənəvi-əxlaqi keyfiyyətləri, xeyirxahlığı, zəhmətsevərliyi, qayğıkeşliyi ilə də dəyərli şəxsiyyətdir. Onun xarakterini ifadə edən ən mühüm cəhət isə, heç şübhəsiz, səmimiyyətdir. Azad düşüncəyə, azad dünyagörüşünə, azad yaşam tərzinə malik Seyfəddin müəllimi heç bir rəsmi konyuktur qəliblər, ziyalı üçün ölçülüb-biçilmiş davranış çərçivələri içərisində təsəvvür etmək mümkün deyil. Hətta Seyfəddin Rzasoy şəxsiyyətinin emblemi hesab edilə bilən “dini əxlaq” belə məhz onun timsalında reqlamentlilikdən daha çox, ilahi azadlıq kimi təzahür olunur. O göründüyü kimi var olan, var olduğu kimi görünən insandır. Pozanın, ədanın ən mütəvazisi belə ona yaddır. Daim axtarıb tapmaq eşqindən qaynaqlanan narahat xarakterə malik Seyfəddin hocanın davranışlarında da, axtarışlarında da Nəsiminin “sığmazlıq fəlsəfəsi” ifadə olunmuşdur. O, öz yaradıcılığı ilə yeni-yeni üfüqlər açmaqla milli humanitar elmi düşüncəmizin sərhədlərini daim genişləndirir, bir müddət bu genişlikdə nəfəs aldıqdan sonra orada hamıdan tez darıxan elə onun özü olur və yeni üfüqlərə doğru yön alır. Məişətdə onu bir yerdə dayanmış vəziyyətdə təsəvvür etmək mümkün olmadığı kimi, elmdə də onu uzun müddət bir qənaətə bağlanıb qalmış təsəvvür etmək mümkün deyil. Sxolastika onun şəxsiyyətinə də, elmi dünyagörüşünə də tamamilə yaddır.
Onun şəxsiyyəti ilə bağlı müşahidə etdiyimiz maraqlı cəhətlərdən birini də qeyd etmək istərdik. “Orijinal elmi mətnin” istər ritorika, istərsə də analitika baxımından ən gözəl nümunəsini yaratmaq peşəkarlığına malik olmasına baxmayaraq, “elmi mətn” onun tərəfindən heç bir halda mütləqləşdirilmir. Əxlaq, insan amili, ümumbəşəri dəyər, mənəviyyat həmişə elmi mətndən ucada və yüksəkdədir. Bu cəhət onun qəribəliyini şərtləndirən ən mühüm keyfiyyətdir. İlk baxışdan ətrafdakılara elə gəlir ki, onun özü nəyə sahib olduğunu bilmir. Lakin bu ilk baxışdan belədir. Onun “elmi mətn etinasızlığının” əsasında, bir tərəfdən, imandan qaynaqlanan gözütoxluq, əbədiyyət meyarları, “o biri dünya məntiqi” dayanır, digər tərəfdən isə o, başqalarından fərqli olaraq, digərlərinə ideal görünənin uzaq üfüqlərdəki daha ideal nümunəsini də tək özü görür. Onun timsalında istər kəmiyyət, istərsə də keyfiyyət baxımından daim yenilənən elmi yaradıcılıq bunun sübutudur.
Təsadüfü deyil ki, Azərbaycan folklorşünaslığının gənc nəslinin böyük əksəriyyəti Seyfəddin Rzasoyu özünün hocası hesab edir. Gənclər arasında ona olan müraciət isə “hocaların hocasıdır”. Seyfəddin hoca bu statusa dərin intellekti, heç kimlə müqayisəolunmaz zəhmətkeşliyi və ən əsası isə əxlaqı, səmimiyyəti, xeyirxahlığı ilə yüksəlmişdir.
Hocaların hocasına cansağlığı, səadət dolu azad günlər, bol ruzi-bərəkət, xata-baladan uzaq olmağı arzulayırıq. Hocaya bildirmək istəyirik ki, onunla yaxın təmasda olmaq kimi tale fürsətini özümüz üçün şərəf hesab edirik.

Sərxan XAVƏRİ
filologiya üzrə fəlsəfə doktoru, dosent

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015