AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
Foto
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri Atatürk Kitabxanasında olublar
Avg 02, 2021 | 02:54 / Görüşlər
Oxunub 106 dəfə

20-27 iyul 2021-ci il tarixlərində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə və Beynəlxalq əlaqələr şöbəsinin Əlyazmaların elmi ekspozisiyası sektorunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Nəcəfova Türkiyənin Cümhuriyyət dövrünün ilk kitabxanası olan müstəqil tədqiqatçılara xidmət üzrə ixtisaslaşan Atatürk Kitabxanasında (Atatürk Kitablığında) olmuş, elmi araşdırma aparmışlar. Alimlərimiz ilk öncə Böyükşəhər Bələdiyyəsi Kitabxana və Muzeylər Müdirliyinə tabe olan Atatürk Kitabxanasının müdiri Əli Şəfəq Özdəmirlə görüşmüş, kitabxananın strukturu, onun fondunda mühafizə olunan materiallar, bu müəssisədə oxuculara xidmət işinin təşkili, nadir nüsxələrin mühafizəsi və elektronlaşdırılması haqqında ətraflı məlumat almışlar. Daha sonra Nadir əsərlər bölüm başçısı, Dr. Hüseyn Türkmənlə görüşmüş, kitabxanada qorunan 4760 cild əlyazma abidəsinin toplanılma tarixi, mövzu və dil üzrə təsnifatı, ekspozisiyası və kataloqlaşdırılması barədə geniş bilgi əldə etmişlər.
Alimlərimiz əsasən Türkiyə kitabxanalarında əlyazma abidələrinin (yazma əsərlər) kataloqlaşdırılması qaydaları ilə maraqlanmış, Atatürk Kitabxanasının iş prosesi əsasında Bərpa laboratoriyasında (Kitab klinikası) əlyazmaların restavrasiyası və Rəqəmsal arxivdə onların elektronlaşdırılması işi ilə tanış olmuşlar.
Kitabxana rəhbərliyi tərəfindən institut əməkdaşlarına “Atatürk Kitabxanasında qorunan türkcə əlyazma divanlarının əlifba kataloqu” və Hüseyn Türkmənin “Türkiyə kitabxanaları əlyazma kataloqları (1923-2006)” mövzusunda araşdırması hədiyyə olunmuş, müəssisələr arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir. Alimlərimiz kitabxanada tədqiqat işi aparmaq imkanı əldə etmişlər.
Qeyd edək ki, Atatürk Kitabxanasının fondunda vaxtilə şəxsi kolleksiyalarda olmuş əski xəritələr, daşbasma kitabları, nadir sənədlər, əski mətbuat nümunələri ilə yanaşı, qədim əlyazmalar, eyni zamanda Nəsimi, Xətai, Füzuli kimi görkəmli Azərbaycan şairlərinin də anadilli divanlarının nüsxələri mühafizə olunur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015