AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin dördüncü cildi çap olunub
İyl 06, 2021 | 10:53 / Yeni nəşrlər
Oxunub 445 dəfə

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyinin dördüncü cildi nəşr edilib. İnstitutun Elmi şurasının 8 aprel 2021-ci il tarixli qərarı ilə nəşr olunan dördüncü cild “Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)” bölməsini əhatə edir.

Kitabın baş redaksiya şurasına AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev (sədr), AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli (baş redaktor), akademik Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva (məsul redaktor) daxildir. Kitabın redaksiya şurası isə İsa Həbibbəyli, Nüşabə Araslı, Mahirə Quliyeva, Fəridə Əzizova, Ataəmi Mirzəyev, Paşa Kərimov və Aygün Bağırlıdan (məsul katib) ibarətdir.

“Elm” nəşriyyatında işıq üzü görən kitab akademik İsa Həbibbəylinin “Azərbaycan ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər)” və Həmid Araslının “Azərbaycan ədəbiyyatının yeni bir mərhələsi” adlı tədqiqatları ilə başlayır.

Kollektiv elmi yaradıcılıq məhsulu olan fundamental əsərdə ilk dəfə olaraq XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı milli ədəbiyyat tarixinin ayrıca bir inkişaf mərhələsi kimi təqdim edilir. XVII əsr Azərbaycan ədəbiyyatı orta əsr romantik ədəbi ənənələrindən yeni dövrün realist ədəbiyyatına keçid prosesi, hazırlıq mərhələsi hesab olunur. XVIII əsrdə isə Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin və müasirlərinin simasında erkən realizm ədəbi cərəyanının formalaşmasından bəhs edilir.

Elmi icmallar və portret oçerklərdən ibarət kitabda İsa Həbibbəyli, Həmid Araslı, Araz Dadaşzadə, Mahirə Quliyeva, Nüşabə Araslı, Əliyar Səfərli, Qədim Qubadov, Möhsün Nağısoylu, Məhərrəm Qasımlı, Aynur Xəlilova, Azadə Rüstəmova, Ataəmi Mirzəyev, Siracəddin Hacı, Paşa Kərimov, Firəngiz Xəlilova, Çingiz Sadıqoğlu, Səltənət Əliyeva, Təhminə Bədəlova, Zəkulla Bayramlı kimi alimlərin tədqiqatları yer alıb.

Kitab “Erkən yeni dövr Azərbaycan ədəbiyyatında bədii nəsr”, “XVII əsr Azərbaycan ədəbiyyatı” və “XVIII əsr Azərbaycan ədəbiyyatı” bölmələrindən ibarətdir.

Azərbaycan, türk, fars, ərəb, rus və Avropa dillərində 396 sayda ədəbiyyat siyahısını və əlyazmaları Elnarə Zeynalova və Lalə Ələkbərova sistemləşdirib. Kitabda, eyni zamanda ingilis və rus dillərində ətraflı xülasələr yer alıb.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015