AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
HUMANİTAR ELMLƏR BÖLMƏSİ
“Vətənim” verilişinin Mehdi Hüseynzadəyə həsr olunmuş ikinci buraxılışı yayımlanıb
İyn 24, 2021 | 10:29 / Mühüm hadisələr
Oxunub 457 dəfə

İyunun 21-də “Mədəniyyət” kanalında AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında “Vətənim” verilişinin növbəti buraxılışı yayımlanıb.

Verilişin budəfəki buraxılışı Azərbaycan xalqının igid oğlu, adı dillər əzbəri olan partizan-kəşfiyyatçı, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadəyə həsr olunub.

Verilişdə M.Hüseynzadənin macəralı ömründən, parlaq yaradıcılığından, keçdiyi qəhrəmanlıq yolundan bəhs olunub, onun rəssamlığa olan həvəsindən danışılıb. Həmçinin “Mixaylo”nun bacısı oğlu Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, professor Aqşin Əlizadənin dayısı ilə bağlı xatirələri təqdim olunub.

Bildirilib ki, 1941-1945-ci illər müharibəsində faşizmə qarşı mübarizədə apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanmış Mehdi Hüseynzadə Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Qeyd olunub ki, yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün vətənimizin sərhədlərini layiqincə qoruyan Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Akademik R.Hüseynov verilişdə M.Hüseynzadənin 1944-cü ildə qələmə aldığı “Adria sahillərində” şeirini səsləndirib, Oqtay Sadıqzadənin “Uzaq sahillərdə” kitabında yer alan təsirli illüstrasiyalardan danışıb və eyniadlı filmin xüsusi dövlət nəzarəti altında baş tutan çəkilişlərindən söhbət açıb.

R.Hüseynov Vətəndən uzaqlarda azərbaycanlı üçün yaradılmış ilk muzeyin yaranma tarixçəsindən söz açaraq, Sloveniyanın Çepavan kəndində yerləşən “Qardaşlıq məzarı”nda Mehdi Hüseynzadənin qəbrini ziyarət etdiyini və burada M.Hüseynzadə üçün muzeyin yaradılması təşəbbüsünü irəli sürdüyünü bildirib.

O, həmçinin muzeyin yaradılması zamanı qarşılaşdıqları çətinliklərdən söz açıb. Muzeyin açılış mərasiminin 2011-ci ilin iyun ayının 10-da Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Sloveniya Prezidenti Danilo Turkonun iştirakı ilə baş tutduğunu qeyd edib.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015